Kandidin 12 sualı- yeni layihə


Kəramət Böyükçöl: “Düz deyirsiniz, insan gərək ölümdən qorxmasın”.

Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın buçağının tanınan simalarına ünvanlayaq. Müsahibimiz yazar Kəramət Böyükçöldür.

1. Ürəyimizə yiyəlik edən, ruhumuzu qapsayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz götürək, bərk sevirsiz yoxsa, necə?

- Bu, hansı dildədir? “Qapsayan” nə deməkdir? Heç nə başa düşmədim.


2. Sevgi öldürməyə qadirdir?

- Sevgi sözünü ölüm sözünün yanında çəkmək olmaz. Sevgiyə əbədiyyət yaraşır.


3. Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq, sadəcə, istəkləmi törəyir?

- Mütləq bir zərurət” nə deməkdir, heç başa düşmürəm.


4. Yaşadığımız bu dünya mümkün ola biləcək dünyaların ən yaxşısıdırsa, onda, görəsən, o biri dünyalar nə haldadır?

- Bundan da gözəl bir dünya qura bilərik. Yüz illərdir böyük yazıçılar, filosoflar mən deyən dünyanın özülünü qaldırırlar. Bizim dövrümüz o dünyanın binasının tikilməsi dövrüdür. Turallar, Kəramətlər nəfsini cilalaya bilsə, o bina tikiləcək.

5. Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə
Dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- O dünyanı biz əvvəlcə öz içimizdə qurmalıyıq. Sonra bəşəriyyətə təklif etdiyimiz dünyaya, onun qanunlarına özümüz də inanmalıyıq, əməl etməliyik. Onda sonra Kandidin də, Zərdüştün də, Şeyx Sənanın da, Maradonanın da, İsanın da, Məhəmmədin də istədiyi dünya qurulacaq. Orda insanlar xoşbəxtlik sözünün mənasını bilməyəcəklər. Çünki ona ehtiyac qalmayacaq.

6. Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan
bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik
mövcuddurmu?

- Dünyada sosial bərabərliyi təmin etmək üçün çox qanlar tökülüb. Ancaq bu qanlar dünyanın alnına yazılmış bərabərsizlik qanunlarını yuya bilməyib. Mütləq bərabərlik üçün mən dediyim dünyanın binası ucaldılmalıdır.

7. Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Düz deyirsiniz. İnsan gərək ölümdən qorxmasın.

8. Bir-birindən ayrı din ola bilərmi?

- Mən bu dünyada bir din tanıyarm, o da eşqdir.

9. Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarınızın kökündə nə
dayanır?

- Bütün yamanlıqlar insanın nəfsinə məğlub olmasından yaranır. İnsan özü-özünə qalib gəlsə, bütün dünyaya qalib gələ bilər.

10. Başqalarının gözəllik tapdığı yerdə əyər-əskiklik
axtarmağın adı və dadı nədir?

- Başqalarına gözəllik kimi görünən bizə çatışmazlıq kimi görünə bilər, eləcə də, bizə gözəllik kimi görünən başqalarına çatışmazlıq kimi. Əsas odur ki, sən məqsədli şəkildə kiminsə işində zərrəbinlə nöqsan axtarmayasan.


11. Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri
oxuyanda çox maraqsız olur?

- Qətiyyən razı deyiləm. Əksinə, mən faciələrə baxa bilmirəm, onları oxuya bilirəm.

12. İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi,
fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü olmuşlar?

- Şər də, xeyir də bu dünyayla yaşıddır. Min il bundan əvvəl hansı əclaflıqlar edilirdisə, indi də olunur. Min il bundan əvvəl o əclaflıqlara qarşı döyüşən adamlar olduğu kimi indi də var. Onlardan biri də bizim gözəl müğənnimiz Vasif Məhərrəmlidir.


“Kirpi”nin tikanı:

- Kəramət Böyükçöl niyə ciddi bir şey yaza bilmir, bəlkə, elə gündəmdə qalmaq azarıdır onu əngəlləyən?
- Aaa, bunu heç fikirləşməmişdim. Düz deyirsiniz, gedim, ciddi şeylər yazım…
Hazırladı Tural İsmayılov


Tarix: 13.11.2015

3581