İtirilmiş zamanı axtaran “mama uşağı”


Hüqonun nəvəsinin ocağını söndürən sevgi

Stilist, yazıçı, dramaturq, psixoloq, modernizmin təməl əsərini yaradan şəxs... Bu siyahını artırmaq da mümkündür. Yazdığı əsərin hər tomu o qədər qalındı ki, soyuq silah kimi istifadə etmək olar. Lakin o, kitabların içində yazılanları oxuduqca dünyanı dərk etmək mümkündür. Uşaqlıqdan ölən günə kimi astma xəstəliyindən əzab çəkən bu yazıçının yaradıcılığındakı nəfəs genişliyi qarşısında insan heyran qalmaya bilmir. İstənilən halda o, ədəbiyyata psixologiyanı fərqli rakursdan yüksək sənətkarlıqla gətirən nadir yazıçılardan biridir.

Fransa-Rusiya müharibəsinin rəsmən bitdiyi gün Parisdə dünyaya gələ Marsel Prustun atası əslən fransız, anası isə kübar yəhudi nəslindən idi. 11 yaşlı Prust liseyə yazılır, lakin təhsili əziyyət çəkdiyi asma xəstəliyi üzündən yarımçıq qalır.
Anasına son dərəcə bağlı olan bu zəif oğlan ana quzusu görünüşü ilə atasının zəhləsini tökür. Hətta anasından ayrılan zaman ona yazdığı məktubda gününü necə keçirdiyini, evə nə zaman gəldiyini, hətta ayaqyoluna getdiyi zaman sidiyinin onu necə yandırdığını belə yazırdı.

Xəstə olmasına baxmayaraq cinsəl həzz almaq üçün əsgər getmək istəyir. Və bu istəyinə də nail olur. Bu istəyin arxasında vətən sevgisi yox, eynicinsdən olan şəxslərə seksual maraq dururdu. Prust homoseksual, hətta satanist idi. O, bəzən öz ehtirasını soyutmaq üçün iki siçanı qəfəsdən buraxıb onların bir-birini dişləyib yeməsinə baxaraq, həzz almaqdan da özünü saxlaya bilmirdi.

Onun məşhur sevgilisi fransız yazıçısı Alfons Dodenin oğlu Leon Dode olub. Dode Viktor Hüqonun nəvəsi Janna Huqo ilə ailə qurmuşdu. Lakin onun qəlbi Prust üçün döyünürdü. 1920-24 cü illərdə deputat seçilən Dode 14 yaşlı oğlunun anarxizm fonunda intihar etməsindən sonra Prustdan ayrılır.



Prustun ilk sevgilisi Venesueladan olan 19 yaşlı yəhudi musiqiçi və bəstəkarı Reynaldo Han idi. Han yaraşıqlı və ekzotik, xüsusi dəbdəbəli və yüksək cəmiyyətin diqqətini özünə cəlb edən mədəni elitanın təmsil edirdi. Bu sevgi onların hər ikisinə şöhrət gətirdi. Prustu bir neçə böyük işlər görməyə də məhz elə sevgilisi Han məcbur edib.

Handan sonra Prust öz katibi Alfred Agostinelliyə sevgisini etiraf edir. Alfred cavan və yaraşıqlı oğlan idi. O, qadınlarla seksə üstünlük verməsinə baxmayaraq, Prustun da arzusunu ürəyində qoymurdu. Lakin Marsel sevgililərinə qarşı çox qısqanc olduğundan onun digər qadınlarla münasibətini istəmirdi. Elə Prustun kişilər tərəfindən ən cəlbedici xüsusiyyəti də "sevgililərini" dəli kimi qısqanması və onlara olan ehtiyacı idi.

Bir müddətdən sonra isə Alfred Prustun itaəti altında olmaqdan imtina edir və qadınlarla görüşməyə başlayır. Bu dəlicəsinə sevən, qısqanc roman yazıçısı üçün emosional depressiya ilə nəticələnir.

Kişilərlə münasibətindən öncə Prustun həyatında bir neçə qız olur. Amma o özü də xatirələrində qeyd edirdi ki, qadınlar onun ürəyincə deyil. O, özünün homoseksual olmasını qətiyyən inkar etmirdi, əksinə, öz əsərlərində uzun-uzadı bu haqda yazırdı. O, ilk münasibətini hamıdan gizləməyə çalışsa da, bunu bacarmamışdı.
1922-ci ildə pnevmaniya xəstəliyi tutan bu tənha insan elə ənənəsinə sadiq şəkildə - evdə tək yazı yazarkən dünyasını dəyişib.

İtirilmiş zamanı axtaran yazıçı

Marsel dərin fəlsəfi düşüncəli insan idi. Onu sağlığında ədəbiyyat dünyasının yarısı parlaq bir yazar, digəri isə dərk edilməyəcək qədər dərin yazıçı hesab edirdi. Prust Avropada ən çox sitat gətirilən romançıdır. Çox fərqli bir həyat tərzi yaşayan Prust gündüzlər yatar, gecələr isə romanlarını tamamlayardı. Bəzən hər hansısa bir əsərinə görə aylarla evdən bayıra çıxmazmış. Müasir ədəbiyyatda məkan qədər əhəmiyyət daşıyan zaman anlayışı ən çox Prustun əsərlərində əhəmiyyətli dərəcədə yer almışdır.

Neologizmi üzə çıxarıb öz lüğətinə əlavə edən Marsel Prust insanın daxili aləmini “düşüncə axını” kimi təsvir edir. Onun fikrincə, xatirələr insanların ümumi davranış qanunları üzərində qurulmuşdur. Sırf psixoanalizə yönələn “İtirilmiş zamanın axtarışında” yeddi hissəli epopeya insan psixologiyasının bütün ömür boyu dəyişməsi üzərində qurulub.

4800 səhifəlik bu romanı oxumaq, həqiqətən də, səbr tələb edir. Ona görə də britaniyalıların oxumadıqlarını etiraf etməyə utandıqları kitablar arasında “İtirilmiş zamanın axtarışında” kitabı da var.
Yazıçının düşüncəsinə görə, insan yaddaşı bir neçə hissəyə bölünür. Öncə daha az istifadə etdiyimiz, yəni insanın qarşısına daha az çıxan hissələr, beynimizin gizli bir küncündə qalan və yalnız xəyallarımızın izi ilə görə biləcəyimiz hadisələri ortaya çıxaran yaddaş. Əsərdə keçmiş və gələcək - hər zaman günün tələbləri altında özünü sərgiləməkdədir. Yaddaş və vərdişlə hörülən həyata aid parçalar oxucuya davamlı olaraq dəyişik mənalarda təqdim edilmişdir. Bu da keçmiş və gələcəyin hər zaman bir indiyə qarşı bərabər olduğunu söyləməkdədir.

Roman zamanın bənzərsiz dərəcədə insan təfəkkürünü, psixologiyasını dəyişdirdiyini araşdırır. Bu roman bizə zamanın və onun dəyişməsiylə insan varlığının dəyişdiyini, zaman fəlsəfəsinin ədəbiyyatdakı yerini və insanın zamana qarşı zəfərini göstərir.

Romanının son cildində zaman və məkanın dəyişməsi, xarakterlərin duyğuları qarşısında məğlubiyyəti hər şeyə öz yekununu vurur: “Həyatın ən maraqsız görüntülərinə belə düşüncə yüküylə baxan gözümüz, eynilə klassik bir faciədəki kimi, hadisəyə aidiyyatı olmayan bütün görüntüləri ələyib yalnız hədəfi aydınlaşdıran görüntüləri tutacaq. Amma hadisəyə baxan bizim gözümüzün əvəzinə tamamilə maddi bir lupa, yaxud bir fotoşəkil lövhəsi olsa, o zaman görəcəyimiz şey, məsələn, Fransız İnstitutunun bağçasında çölə çıxıb fayton çağırmağa hazırlaşan bir alimin, yaxud, sərxoşun, ya da buz üstündə yeriyən biri kimi səndələməsi, arxaya yıxılmaması üçün səyləri və yıxılarkən çəkdiyi parabola olacaq ...”


Tarix: 16.11.2015

4100