Bakıda tələbə həyatı- I hekayət


müəllif: Əsəd Qaraqaplan

2005-in qışı idi. Tələbə idim, ikinci kursda oxuyurdum. Keşlədəki gecəqonduların birnin zirzəmisində, uzunu iki, eni metr yarım olan balaca bir otaqda tələbə yoldaşım Həziylə kirayə qalırdıq.
Ev yiyəsinin onlarla yaşayan bir qardaşı oğlu var idi və biz onlarda təxminən bir ilə yaxın qaldıqdan sonra bu oğlan evləndi. Belə olan halda ev yiyəsi də qardaşı oğluna bizim otağımızı vermək istədiyindən biz də ev axtarmağa başladıq.
Uzun axtarışdan sonra kənd Ramadanda köhnə, qazsız, zəif işıqları olan, buz kimi soyuq, yerində sudan yerimək olmayan bir ev tapdıq. Daha doğrusu, dayımgil ailəsiylə orda qala bilməyib çıxmışdılar, biz də çarəsiz qalıb orda qalmağa başlamışdıq.

O evdə bizimlə qonşu otaqlarda evin sahibəsi - yaşlı bir arvad yaşayırdı. Adını indi xatırlamasam da, uzun müddət hansısa iplik, ya da xalça zavodunun direktoru işlədiyini bilirdim. Yaddaşını itirsə də, hərdən nəsə xatırlayır, oturub mənimlə uzun-uzadı danışırdı.
O da eynən bizim kimi qazsız-işıqsız o evdə yaşayır, bütün günü adyalına bürünüb divanda oturur, pəncərədən çölə baxırdı. Həzi tez-tez burda qala bilməyib qohumlarıgildə qaldığından mən burda tək qalırdım. Qonşu otaqlarda o qoca arvad, burda da mən.
Arvadın bir qızı var idi, azca aralıda ailəsiylə yaşayırdı. İki gündən bir bir qab yemək və bir parça çörək gətirib verir anasına, tez də çıxıb gedirdi. Arvad o yeməyi qazı gəlməyən, daha doğrusu, hərdən şam kimi işaran ocağın üstünə qoyur, quru çörəyi suda isladıb yeyirdi.
Hardasa 70-75 yaşlarında olardı. Çox qoca olmasa da, çoxdan dərddən çökdüyü aydın görünür, həyatla vidalaşmağa başladığı hiss olunurdu.
Bir oğlu var imiş o qızdan başqa. Bir neçə il qabaq göbələkdən zəhərlənib ölmüşdü. Cavan oğlunu itirəndən sonra yaddaşını da, həyat sevgisini də itirməyə başlamışdı.

Bəzən oturub mənə saatlarla oğlundan danışar, ağlamağa başlardı. Çox artistokrat bir qadın olduğunu danışdıqca daha çox bilinirdi. Uzun illər yüksək vəzifələrdə işləmişdi, həmişə də öz əli, öz ayağı olmuşdu. Hər kəsə sayğı və sevgi göstərdiyi də uzaqdan bilinirdi.
Sonra bütün bu hadisələr baş vermiş, Sovetlər getmiş, zavodlar bağlanmış, təqaüdə çıxmış, oğlunu itirmiş, məişət şəraiti də pis günə qalmışdı. Qızı ancaq bir şey düşünürdü ki (bunu sonradan bildim – o evdə qalan dayım danışdı), bu arvad haçan öləcək, ev mənə qalacaq, satıb pul eləyəcəm.
Hərdən ondan soruşanda ki, ay Filankəs xanım, qızınız bəs niyə sizə yaxşı baxmır ki? Niyə belə soyuq və başdansovdu yanaşır? Deyir ki, yox, elə demə, qızım mənə yaxşı baxır, hər dəfə gəlir, mənə yemək gətirir, çox yaxşı baladı, o məni çox istəyir.
Qızıyla bir neçə dəfə təsadüfən qarşılaşmışdıq bu bir ay ərzində. Düzü, o gələndə çox da onun gözünə görünməyə çalışmırdım, çünki kirayə pulunu hələ düzəldib verə bilməmişdim deyə görən kimi deyinir, “mən burda qoca arvada baxıram, mənim o pula ehtiyacım var” deyib söylənir, kirayə haqqını tələb edirdi.
Düzü, bizim də dərsdən sonra işlədiyimiz mebel sexində işlər dayanmışdı və evdən də pul göndərmək imkanları yox idi deyə imkansızlığın son həddi idi. Hətta bəzən yeməyə bir şey də tapa bilmirdim. Həzi gedib qohumlarında qalır, onlarda yeyə bilirdi. Mənsə səhər dərsə gedəndə dükandan "bir nizamilik" çörək alır, xeyli uzaqda olan marşrut yoluna çatana kimi gedə-gedə yeyirdim.

Qadın pulunu tələb edəndə bilmirdim nə yalan danışım; düzünü də deyəndə deyirdi ki, mənə nə, o sənin öz problemindi. İmkanın yoxdu oxuma, nə məcburdu, get kənddə qoyunlarını otar da.
Mən də bilmirdim nə deyim, susub keçirdim otağıma.
Qızın üzündən zəhrimar yağırdı, elə bilirdin anası tez ölməsə, özü boğub öldürəcək ki, evə tez sahib çıxsın.
Nəhayət, biz heç bir ayı da başa vurmadan – yanvar ayı o evdən çıxası olduq. Çünki orda – o soyuqda yaşamaq mükmün deyildi. Yerdə gəzəndə sudan ayaqlarımız – corablarımız yaş olurdu. Yatağı da yerdə – suyun içində olan xalçanın üstündən salmışdıq. Gecələr nəmdən və soyuqdan tir-tir titrəyirdim. Hətta ciddi soyuqlama da tapdım orda və yayda kənddə sistem köçürərək müalicə alsam da, indiyə kimi onun fəsadlarını görür və canımda daşıyıram.

Üstəlik, daha kirayə haqqını verə bilmirdik deyə (zatən Həzi artıq mənimlə yox, qohumlarında qalırdı) çıxmaq zorunda qaldıq. Sonra mən gedib dayımgildə qaldım ki, bunun da ayrıca bir hekayəsi var, imkan olduqca danışacam...
Hardasa bir ay sonra – fevral ayı kirayə borcumuzu vermək üçün Ramanaya – o evə getdim. Məni gözləmədiyim halda arvadın qızı qarşıladı. Üzündə heç bir kədər-mədər ifadəsi olmadan birbaşa dedi ki, anam öldü. Elə rahatlıqla dedi ki, elə bildim adam özü sevinə-sevinə öldürüb və rahatlayıb.
Dediyinə görə, bir neçə gün qabaq qarlı bir fevral günü düşüb həyətə, birdən-birə həyətdə yıxılıb və dünyasını dəyişib. Artıq ev mənimdi – deyir. Ona görə kirayə vermək də fikrim yoxdu, çünki satacam...

O qədər pis oldum ki, bilmədim o qadına nə deyim. Tez kirayə borcumu verib ordan uzaqlaşdım. Qaça-qaça çıxdım əsas yola və hər dəfə getdiyim o uzaq yolu bilmədim nə vaxt marşruta çatdım, nə vaxt evə gəldim və uzanıb yatağımda üzüqoylu qaldım.
Sonra birdən yadıma düşdü ki, həmin qar yağan gecə mən o qadını – o gözəl xanımı yuxumda görmüşəm. Görmüşdüm ki, o, qarlı havada həyətində bəyaz paltarda divardan tuta-tuta gəzir və eyvanda dayanan mənə baxıb gülümsəyir...

Davamı olacaq.


Tarix: 18.11.2015

5126