Məşhurun kitabxanası - Çarlz Bukovski


Məşhur amerikalı şair və yazıçı Çarlz Bukovski əsərlərində bəzən Henry Chinaski adını da istifadə edib. Həyatının çoxunu ABŞ-ın Los Anceles şəhərində keçirib.
ABŞ-ın Ömər Xəyyamı kimi ad çıxarmış Bukovskinin müəllifi olduğu ilk kitabı 20 yaşımda oxuyarkən baş verən bir hadisəni xatırlayıram. Bakı-Sumqayıt marşrutu ilə universitetə gəlirdim, yanımda isə yaşlı xanım əyləşmişdi. O, gözucu oxuduğum kitaba nəzər yetirir və hər dəqiqə başını yelləyirdi. Bir neçə dəqiqə keçdikdən sonra o dözməyərək müasir gəncliyin hansı kitablar oxunmasına dair deyinməyə başladı. Mən ona cavab vermək fikrindən vaz keçdim.

Çarlz Bukovskinin əsərlərinin həqiqətən də spesifik xüsusiyyətlərə malik olmasına baxmayaraq, mənim üçün sevimli olmasa da, maraqlı yazıçılarımdan birinə çevrildi. Bukovkski yaradıcılığına görə elə də çox mükafat almayıb. Lakin onun kitabları hələ də yüksək tirajla satılır. Onun təkcə “Poçt idarəsi” kitabı bir milyon nüsxə satılıb. Bukovskinin kitabları sadə dillə yazılıb. Düzdür, onun əsərlərində tez-tez qrammatik səhvlər olur. Ancaq bu insanların oxumasına əngəl törətmir. Bukovskinin timsalında bu səhvləri müəllif üslubu kimi qələmə vermək olar.





Əsərlərində, ümumiyyətlə, cəmiyyəti, ətrafdakı insanları və onların depressiyasını mövzu götürməsi və özünə alkoqolizmə aludə bir həyat tərzi seçməsi ilə məşhurdur. İnsanların depressiyasından yazmasını da elə bu aludəçiliklə əlaqələndirirlər. Bukovskinin yazılarında öz həyatını yazıb yazmadığı həmişə müzakirə mövzusu olmuşdur. Pərəstişkarlarının bir qisimi onun yazdıqlarının öz həyat fantaziyalarının olduğunu desə də, digərləri fərdi həyatın yaradıcılığa heç bir dəxli olmaması fikrini müdafiə etməkdədirlər.

Bukovskinin sevimli kitabları:

“Gecənin sahilinə səyahət”, Lui-Ferdinand Selin
“Ürəkbulanma”, Jan-Pol Sartr.
“Aclıq”, Knut Qusman.
“Tozdan soruş”, Con Fonte.
“Paris və Londonda qara qəpiksiz”, Corc Oruell.
“Və günəş yenidən doğur”, Ernest Heminquey.
“Ürək – tənha ovçu”, Karson Makkalers.
“Xərçəng yolu”, Henri Miller
“Ölü evdən qeydlər”, Fyodr Dostoyevski

Hazırladı: Eldar Tan


Tarix: 20.11.2015

3203