Qadının yox, sevginin namusunu qoruyan şair


O, hər yerdən geri çəkilirdi, özünə doğru.

Pol Elüar - Fransanın siyasi və bədii ədəbiyyatında özünəməxsus çəkiyə malik olan bir şəxsiyyət. Onun yaradıcılığını təhlil etmək o qədər də asan deyil. Belə ki, 40 illik yaradıcılığında Pol dəfələrlə öz baxışlarını dəyişmiş və bir cərəyandan digərinə adlamışdı. Dəyişməyən yalnız onun tragik lirikasında yaratdığı ideal humanizimdir. Onun poeziyasının ən pik nöqtəsində yaxşılığın daima qələbəsi, qardaşlığın sarsılmaz bir münasibət olması və sevgi durur.

Bədii düşüncələrinə görə, cəmiyyətdə özünə yer tapa bilməyən yazıçı müxtəlif cərəyanlara qoşulur. Birinci Dünya müharibəsinin dəhşətləri onu sarsıdır və o, bir müddət anarxizmə, sonra isə sürrealizmə meyl göstərir. Lakin onu dünyada tanıdan cərəyanlardan ən vacibi Dadaizm idi. Dadaistlər burjua ədəbiyyatı və incəsənətinə qarşı çıxsalar da, alogizmi (fikir və forma pərakəndəliyinin yaradıcılıq prosesində əsas götürülməsi) əsas sayır, ideallığı, obrazlılığı inkar edirdilər.

Bunun əsasında o, XX-ci əsrin bədii mədəniyyətində avanqard cərəyan olan surrealizmi inkişaf etdirən şəxslərdən birinə çevrildi. Çünki Avropa avanqardının sonuncu cərəyanı olan sürrealizm (1924-1940) simvolizmin, ekspressionizmin və dadaizmin təsiri altında təşəkkül tapmışdır. Geniş miqyasda beynəlxalq arenada vüsət tapan bu cərəyan Ziqmund Freydin konsepsiyası, irrasionalizm və alogizmə istinad edir və subyektivizmin qatı formalarının tərənnümçüsü idi.

Qəribəlik, irraosionallıq, standartlara cavab verməmək xarakterik olan cərəyanda əsas məqsəd instiktin yaradıcı qüvvəsinin və şüurdan üstün olmasının azadlığı idi. Artıq yazıçı sürrealist instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, fantastik yuxuları, dəhşətli qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdı. O, artıq dünyaya qarma-qarışıq hadisələr meydanı kimi baxır, hadisələr arasındakı məntiqi bağlılığı subyektiv assosiasiyalarla əvəz edirdi.
Lakin bu cərəyandan onun çıxmasına səbəb sürrealizmin qurucusu və lideri Andre Bretonun onu ittiham etməsi olur. Belə ki, Breton hesab edir ki, Pol ənənəvi şair formatından kənara çıxa bilməyib və bu da cərəyanın inkişafına kölgə salır. Bunu özünə təhqir hesab edən Elüar 15 illik fəaliyyətinə son qoyaraq bu cərəyandan uzaqlaşır. Bu uzaqlaşma sürrealizmin tənəzüllünə gətirib çıxarır.

Bütün hallarda Pol Elüar şerinin daimi, əsas mövzusu məhəbbət olub. 1926-cı ildə çap olunmuş “Kədər mərkəzi”, 1929-da “Məhəbbət, şeir”, 1932-də “İndiki həyat” kitabları ona şair şöhrəti gətirib. Otuzuncu illərdə baş qaldıran faşizm hədəsi onu siyasi həyata bağlayıb. 1942-ci ildə o, kommunist partiyasına üzv olub və müqavimət hərəkatına qoşulub. Elə həmin il “Azadlıq” poemasının da daxil olduğu “Poeziya və həqiqət” adlı kitabı nəşr olunub. 1944-cü ildə isə “Alman görüşü” adlı kitabını çap etdirib. Pol Elüarın müharibədən sonrakı dövrdəki yaradıcılığından da 1946-1953-cü illərdə yazılmış “Sonsuz poeziya”, 1947-də “Vaxt daşır”, 1951-ci ildə “Feniks” adlı kitablarında məhəbbət mövzusuna sadiqliyi duyulur.

Rus qadınından ilham alan Avropa sürrealistləri



Sevgiyə gedən yolu vərəmdən keçir bu şairin. Belə ki, bu xəstəlikdən müalicə üçün İsveçrəyə gedən Elüar rusiyalı Yelena Dyankova ilə tanış olur. Onun istəyi ilə Yelena adını dəyişərək Qala qoyur. O qədər də gözəl olmayan bu qadında kişiləri cəlb edən: zövq, istedad, ağıl, qeyri-adi sənət duyumu, çox incə zövq var idi. Amma ən əsası kişilərin ağlını başdan alan onun Qadınlığı idi.

Sevgidən ailəyə gedən yolu qət edən yazıçı ailəsinin etirazına baxmayaraq rus qızıyla evlənir. Bu nikahdan bir qızları da olur. Qala bütün hallarda ailə şablonlardan uzaq idi, fərqliydi, qeyri-adiydi. Bu qadın əbədi bir enerji, ruh, ilham mühərrikiydi. Sanki, sənətin, şeirin yaranması üçün nədən nə qədər lazım olduğunu zərgər dəqiqliyi ilə bilirdi. Qala yeni, gözəl sənətin yaranması üçün lazım olan emosiyaları yaşatmaqda mahir idi və ən qəribəsi bütün bunları oynamamasıydı. O, əsl İlham Pərisiydi..

Yazılan hər növbəti şeirlə Qala yenidən doğulurdu, sanki. Bu mənada Qala Elüarın həyatında, yaradıcılığında nə qədər böyük rol oynamışdısa, Elüarın da onun Qadın kimi özünü dərkində xidməti az olmamışdı. O, bu hüdudsuz sevgiyə, ehtirasa, istedada - Qalaya hansısa çərçivələr, qadağalar qoymaq, onu özününküləşdirmək fikrindən uzaq idi. Məhz bu, onların sevgisinin, münasibətinin izaholunmaz, qəribə cəhətidi. Qalanın Salvador Dali ilə tanışlığının səbəbkarı Elüar oldu və özü sonra onların arasındakı sevgini görüb kənara çəkildi.

O, Qalanı Dalinin evində qoyub Parisə qayıtdı. Aşiq Dali isə bunun əvəzində Pol Elüarın rəsmini çəkdi: “Bunu çəkməyə borclu idim. Çünki mən onun ilham pərisini əlindən aldım”.



Həmin il Elüar Mari Bençlə tanış olur və onunla ailə qurur. Lakin Qala Daliylə birgə yaşasa da, Pol Elüardan boşansa da, yalnız Pol öləndən sonra Dali ilə rəsmi nikaha girir. Pol sağ olduğu vaxtda onu incitmək, əzab vermək istəmir və heç vaxt birinci əriylə münasibətlərinin intim tərəfləri haqqında danışmır.
Bundan başqa Pol ömrünün sonuna kimi Qalaya - Salvador Dalinin sevgilisinə məhəbbət dolu məktublar yazdı... Özü artıq başqa qadının əri olsa da.

Səni,
Sevmədiyim bütün qadınların yerinə sevdim.
Səndən başqa özümlə
kim tanışdıra bilərdi məni, kim?
Çox az gördüm özümü, çox az gördüm mən özüm!

Xəstəlikdən ilham mənbəyi tapan, müxtəlif cərəyanlardan dünyəvi baxışlarını inkişaf etdirən, şeirlərində məhəbbətin görünməyən tərəfini təcəssüm etdirən yazıçı qəlbinin sönməsiylə eyni gündə bu dünyadan köçdü. 57 yaşında...


Tarix: 20.11.2015

3660