Mirmehdi Ağaoğlunun “Gecəyarısı uşaqları” - Yazıçılar oxucu kimi


Mirmehdi Ağaoğlu: “Onu yazıçıdan daha çox “kafir” kimi tanıyırlar”


“Kirpi.info”nun “Yazıçılar oxucu kimi” adlı yeni layihəsində müasir yazıçılarımız dünya və Azərbaycan ədəbiyyatında ən çox qiymətləndirdikləri bir əsər haqqında öz fikirlərini oxucularla paylaşacaqlar. Bu layihədə iştirak edən hər bir yazıçı həm də bir oxucu olaraq ədəbiyyatı təmsil edəcək.
İlk müsahibimiz bu günlərdə “Bu gün səbr elə” adlı yeni romanı ilə ədəbi aləmi öz işığına yığan gənc yazar Mirmehdi Ağaoğludur.

- Sizin yazıçı olana qədər, uşaqlıqdan üzü bu yana ən sevdiyiniz yazıçı kimdir?

- Əksəriyyət kimi mənim də dünya ədəbiyyatı ilə tanışlığım klassik nəsr nümunələrinin Azərbaycan dilinə tərcüməsi nəticəsində mümkün olub. Biz uşaq olanda dünya ədəbiyyatı seriyasından kitablar çıxırdı. Tolstoyun, Qorkinin kitablarının uşaqlar üçün sadələşdirilmiş variantları vardı. Amma sizə deyim ki, ən ciddi kəşfim Markesin yaradıcılığıyla tanışlıq olub. Baxın, mən Hüqonu, Tolstoyu ilk dəfə nə vaxt oxuduğumu xatırlaya bilmirəm, amma Markeslə tanışlıq indiyə kimi yadımdadır.

- Nəyə görə Markes sizə bu qədər təsir etdi?

- 6-7-ci sinifdə oxuyanda, əmim dedi ki, dünyada Markes adlı bir yazar var, onda təbii Markes sağ idi. Mən də sonra “Azərbaycan” jurnalında - 1982-ci ilin nəşri idi - Markesin hekayələrini tapıb oxudum. “İzabel Makondada yağışa baxır”, “Baltazarın həyatında unudulmaz gün”, “Dünyanın ən gözəl ölüsü” hekayələrini oxudum. Markesin magik dünyası məni valeh etdi. Onu oxuyanda özümü o əsrarəngiz dünyada hiss edirdim. Nə qədər uşaq olsam da, ədəbi biliklərim az olsa da, onun yeni ruhlu nəsrindəki təravəti hiss etmişdim. Yəqin, mənim yerimdə kim olsa təsirlənərdi. İçimdə gizli bir sevinc hissi yaşadırdım, Nobel almış, ədəbiyyat sahəsində saysız uğuru olan belə bir yazarı oxuyuram. Heç bir yazıçını oxuyanda bu sevinc hissini yaşamamışam. Ondan sonra Markesin dilimizə tərcümə olunmuş başqa əsərlərini tapıb oxudum. Hətta o qədər həvəsliydim ki, axsaq ruscamla “Yüz ilin tənhalığı”nı oxumağa başladım. Bilmədiyim sözə rast gələndə lüğətə baxırdım, qeyd götürürdüm. Əsər ilk cümlədən oxucunu maqnit kimi özünə cəlb edir: “Uzun illərdən sonra, divar dibində dayanıb, güllələnməyini gözləyəndə polkovnik Aureliano Buendia atasına qoşulub, buz parçasına baxmağa getdiyi o uzaq axşamı xatırlayacaq...” Həqiqətən valehedicidir, düzdür? Bir anda özünü 450 səhifəlik romanın içində hiss edirsən, elə bil, sən də Aurelianoya qoşulub həmin o buza baxmağa gedirsən və əsərin nə vaxt bitdiyini hiss etmirsən. Bax bu məsələlərə görə deyərdim ki, mənim sevimli yazıçım Markesdir, ancaq bu gün magik realizm janrında yazan, başqa bir yazıçı barədə danışmaq istərdim. Təəssüf ki, onun adı bizdə lənətlə qarşılanır.

- Kimdir o yazar?

- Onu yazıçıdan daha çox “kafir”, “mürtəd” kimi tanıyırlar. Onun gerçək oxucuya lazım olan tərəfini görmürlər. Təəssüf ki, içində oxu istəyi olan bir çox adam da bu imajdan çəkinərək, onu oxumur. Bu yazar Salman Rüşdidir.

- Salman Rüşdinin ətrafında qorxu eyforiyasının olmasının səbəbi nə idi?

- Səbəb çox sadədir. Salman Rüşdi 34 yaşında yazıdığı “Gecəyarısı uşaqları” romanı ilə Böyük Britaniyada məşhurlaşdı. Tənqidçilər haqqında müsbət rəylər yazdılar. Maqik realizm janrında yazılmış roman Hindistanın tarixindən bəhs edirdi. Hindistan kimi bir ölkənin tarixindən bəhs edən mövzuya realistcəsinə yanaşmaq doğru olmazdı. Bir şey deyim. Hindistan deyəndə o dəqiqə adamın ağlına bardaş qurub oturan qoca bir sehrbaz və ya ilangəzdirən gəlir. Halbuki Fransa deyəndə tamamilə real şeylər gözlərimizin önündə canlanır, məsələn, Eyfel qülləsi. Məhz buna görə deyirəm ki, Hindistan kimi zəngin tarixi, mədəni irsi olan, müxtəlif dinlərin min illərdi çulğalaşdığı, bu mistik ölkənin tarixini realist çalarlarla yazmaq kafi olmazdı. O əsərə mütləq maqik, sehrli bir ovqat qatmaq zəruri idi.

Əsər çap olunandan sonra Hindistanda qadağan olundu. Rüşdi 1983-cü ildə “Utanc” adlı roman yazdı, bu roman da Pakistanda qadağan olundu. Bu adam artıq iki ölkədə sevilməyən bir şəxs oldu. 1988-ci ildə qalmaqallı “Şeytan ayələri”ni yazdı. Peyğəmbəri təhqir etdiyi iddia edildiyinə görə Bakıdan tutmuş bütün dünyada etiraz aksiyaları oldu. Xomeyni onun haqqında ölüm fətvası verdi. Əsərin yapon tərcüməçisi öldürüldü, italiyan tərcüməçisinə hücum oldu. Bu səbəbdən yazar 25-30 ildir mühafizəçi ilə gəzir. 2-3 aydan bir yaşayış yeri dəyişdirilir. Belə təhlükəli həyat yaşamasına baxmayaraq, Rüşdi yenə də bir-birindən maraqlı əsərlər yazır.

- Salman Rüşdini oxuyanda nəyi anlayırsan?

- Şərq-Qərb münasibətləri müasir dünyanın problemlərindən biridir. Şərqdəki saysız müharibələr, miqrantların Qərbə köçü, müsəlman dünyası və digər dinlərin birgə yaşayış problemlərinin həllini Rüşdi əsərlərində araşdırır, onlara toxunur. Mənə görə, Rüşdi dövrümüzün ən maraqlı yazıçılarındandır. Onun fikirləri sülhpərvər yeni dünya modelinin hazırlanmasında bələdçi rolu oynaya bilər.

- Salman Rüşdinin yaradıcılığında hansı əsəri daha çox sevirsiz?

- Mən onun “Təlxək Şalimar”, bir də “Gecəyarısı uşaqları” əsərlərini oxumuşam. “Təlxək Şalimar” Los-Ancelesdə yaşayan, keçmiş Amerika səfirinin Kəşmirə adlı qızından bəhs olunur. Daha sonra hadisələr Hindistanda cərəyan edir. Terrorun mövcudluğu, Kəşmirin bölünməsi kimi problemlər təhlil edilir. Dünənə kimi iç-içə yaşayan, bir-birinə qız verib, qız alan hindli və müsəlmanlar parçalanırlar. Münaqişənin səbəblərini axtaran Rüşdi, burada kənar təsirlərin olmağını qabardır, problemin həll yollarını arayır. Ancaq Rüşdinin ikinci oxuduğum “Gecəyarı uşaqları” əsəri Səlim Sina adlı bir uşağın dilindən yazılır. O babasının nənəsi ilə tanış olduğu gündən öz dövrünə qədər olan ailə tarixçəsini danışır. Fonda isə tarixi proseslər baş verir. Biz ölkənin tarixində baş verən hadisələrlə bir ailənin tarixində baş verən hadisələrin çox iç-içə keçdiyini müşahidə edirik. Səlim 17 avqust 1949-cu ildə anadan olur. Maraqlıdır ki, o gün də Hindistan müstəqillik qazanır və tarixi Hindistan ərazisi Pakistan və Hindistan adlı dövlətlərə bölünür.

- Salman Rüşdi daha çox Qərb, yoxsa Şərq toplumunu tənqid edir?

- Çox maraqlı sualdır. Salman Rüşdi əsərlərində daha çox Şərqi tənqid edir və bacardıqca obyektiv olmağa çalışır. Əlbəttə, beynəlxalq güclərin müdaxiləsini də danmır. Məsələn, bu müdaxilə “Təlxək Şalimar”da Maksimilyan Ofulsun, “Gecəyarı uşaqları”nda isə ingilis Metvoldun timsalında təqdim edilib. “Təlxək Şalimar”da atası Amerika səfiri olan Kəşmirə adlı qızın taleyi bu yolla təqdim olunur. Rəqqasə Bunyini Amerika səfiri bəyənir, onu yatağına dəvət edir. Bunyinin əri Şalimar bu namus ləkəsini təmizləməyin mümkünsüz olduğunu görüb terrorçulara qoşulur və and içir ki, Maksimilyanı bir gün öldürəcək. Sakit keçən bir ailə həyatı, beləliklə, darmadağın olur. Özü də nəzərə alaq ki, Şalimar müsəlman, Bunyi isə hindlidir. Bir ailənin, bir toplumun həyatını ABŞ məhv edir. Səfir burda ABŞ-ın simvoludur. Salman Rüşdi sual qoyur: dünən mehriban yaşayan müsəlman-hindlilər bu gün niyə düşməndirlər? Özü də maraqlıdır ki, Rüşdi bu problemləri bədii yolla qaldırır, daha hansısa əlavə faktlar, tarixçələr yazıb əsəri bədiilikdən uzaqlaşdırmır. Əsərdə Şalimarla Bunyinin toy mərasimin hindli, yoxsa müsəlman ənənəsi ilə olması müzakirə olunur. Kənd arvadları hərə bir söz deyir, amma ağsaqqallar ortaya çıxan problemləri elə həll edirlər ki, adam heyran qalır. Müasir dünya üçün əsl birgəyaşayış, multikultural modeldir.

- Bədii həll dediyiniz anlayışı oxucular üçün bir az açıq, necə izah edə bilərsiz?

- Rüşdi Hindistan haqqında tarixi roman da yaza bilərdi. Amma o, Səlim Sina adlı bir oğlan obrazı yaradıb və bu oğlan Hindistanın müstəqilliyi günü doğulub. Maraqlıdır, ölkəsi ilə eyni anda doğulan oğlana dövlət də qayğı göstərir. Ölkənin o zamankı rəhbəri Cavahirlər Nehru uşağa məktub yazıb deyir ki, ölkəmiz inkişaf etdikcə, böyüdükcə sən də böyüyəcəksən. Yazıçı bir uşağın simasında Hindistan metaforasını qurur. Əsərin bir yerində Səlimin başının dərisi qopur, barmağının ucu kəsilir, bu hadisələr baş verdikcə isə Hindistanda da parçalanmalar baş verir.

- Salman Rüşdinin yaradıcılığında ən pozitiv məqamlar və mesajlar hansılardır?

- Biz, adətən, öz yazarlarımızı oxuyanda tənqid tərəfimiz daha ağır basır. Xarici yazıçıları oxuyanda onlara bir az məftunluqla yanaşırıq deyə orada tənqid axtarmırıq. Azərbaycanda kimsə “Yüz ilin tənhalığı”nı yazsaydı, ona gülərdilər ki, bu nədir, obrazların adları təkrarlanır, dəyişmir. Birini Əli qoy, o birini Vəli, hamısının adını ya Aureliano, ya da Arkadio niyə qoymusan, yorursan oxucunu. Amma Markes yazıb deyə susuruq. Mən Salman Rüşdini oxuyanda daha çox öyrənməyə, mənimsəməyə çalışıram.
Bütün humanist yazıçılar kimi Rüşdi də sülh tərəfdarıdır. Onun qaldırdığı problemlər də onun içindəki ağrıdan yaranırdı. Rüşdi Hindistanda yaşayan müsəlman ailədə doğulub. Sonra da məcburən onun ailəsi Pakistana köçürülüb. Yəqin ki, bu mövzulara toxunmaq istəyi Rüşdinin içindəki bu təlatümlərdən doğur. Buna görə onun əsərlərində doğma şəhəri Kəşmirə xüsusi bir məftunluq var.

- Salman Rüşdini provokator hesab etmək olarmı, hardasa?

- “Şeytan ayələri” əsərini nəzərdə tutursuzsa, bəli. Amma digər əsərlərində qətiyyən provokasiya yoxdur. Rüşdi multikultural mühitin axtarışındadır. Dünyada artıq balans dəyişir, Şərq artıq o bildiyimiz yoxsullar diyarı deyil. Burda qüdrətli dövlətlərə çevrilmiş Çin, Yaponiya, Malaziya, Hindistan, Pakistan var. Dünya, xüsusən Qərb artıq bu dəyişikliklə, dünyanın iqtisadi mərkəzinin dəyişməsi ilə razılaşmaq zorundadır. Nüvə silahının mövcud olduğu dövrdə bir anlıq kiminsə səhvi ucbatından dünya fəlakətə düçar ola bilər. Ona görə də dünyanın cəhənnəmə çevrilməməsi, terror, müharibə bataqlığında boğulmaması üçün Rüşdi bir yerdə, sülh içində yaşamağın modelini axtarmaqdadır. Müsəlman terrorçular kəndə girib hindli qadınlarına çadraya bürünməyi əmr edəndə onlar bir ağızdan deyirlər: “Bir qadının üzü necə axı islamın düşməni ola bilər?” Sonra da terrorçulara etiraz olaraq çılpaq soyunurlar.

- Bəs Rüşdinin yaradıcılığında bəyənmədiyiniz nələrdir?

- “Gecəyarısı uşaqları” əsəri Günter Qrassın “Tənəkə təbil” əsərinə oxşayır. Hər iki əsərdə baş qəhrəmanlar eyni yaşdadırlar və öz həyatlarını danışırlar. Maraqlıdır ki, hər ikisi hekayəyə babası ilə nənəsinin tanış olmasından başlayır. İstər “Tənəkə təbil”in qəhrəmanı Oskar Maserat, istərsə də “Gecəyarı uşaqları”nın qəhrəmanı Səlim Sina qeyri-adi xüsusiyyətlərə malikdir. Biri səs ilə şüşələri qıra bilir, bütün gün tənəkə təbil çalır, böyüməkdən imtina edir, digəri isə insanların düşüncəsini oxuya bilir. Sonradan oxudum ki, Rüşdi Günter Qrassdan təsirləndiyini etiraf edib. Sanki, Rüşdi əsəri Qrassın təsiri ilə başlayır, sonra öz dəsti-xəttini nümayiş etdirir. Mənim üçün ilk baxışdan pis görünən, xoşa gəlməyən bu hədsiz bənzərlik oldu.

- Salman Rüşdini Azərbaycan ədəbiyyatında az da olsa, kim iləsə müqayisə etmək mümkündürmü?


- “Gecəyarısı uşaqları”nı hardasa İsa Hüseynovun “İdeal” əsəri ilə müqayisə etmək olar. “İdeal”da da Əmirli ailəsində baş verən hadisələrin, onların tarixçələri fonunda bir ölkənin, bir xalqın tarixinə işıq tutulur. Təəssüf ki, bizdə “Tənəkə təbil”, “Gecəyarı uşaqları” kimi nəhəng romanlar yoxdur. Alman Günter Qrass 30 yaşında yazdığı “Tənəkə təbil”in hesabına əlli il kef çəkdi. Mənim də 33 yaşım var, amma nə mən, nə dostlarım həqiqətən şedevr sayılacaq bir əsər yaza bilməmişik. Burada mühit amili çox vacibdir. Qrassın cəmiyyətində münbit, şərait var. Almaniyanın tarixinə yetişdirdiyi istər elmdə, istər istər fəlsəfə, istər mədəniyyət sahəsində yetişdirdiyi dühalara baxaq. Lermontov balaca olanda rəsm çəkirdi, nənəsi ona qiymət verirdi, Qafqazda sürgündə olanda şeirləri nənəsini göstərirdi, nənəsi də sonra ona cavab yazırdı, məktub vasitəsilə şeir müzakirəsi aparırdılar. Mənim nənəm ömrü boyu heç telefonda çəkdiyim şəklə baxıb deməyib ki, yaxşıdır, o ki, qaldı yazdığım əsər ola. Mənim də Lermontovun nənəsi kimi nənəm olsaydı 27 yaşında “Zəmanəmizin qəhrəmanı”nı yazardım. Sanki, torpağa toxum əkirsən, Almaniyada torpaq münbitdir, Azərbaycanda isə əksinə. Münbit torpaqda yetişməyə nə var, bacarırsan gəl münbit olmayan torpaqda yetiş. Ona görə də Almaniyada Günter Qrass yetişir, bizdə yox.

Gəl, Salman Rüşdinin üzərində dayanaq. Bizim oxucular Rüşdini niyə oxunmalıdırlar?

- Mənə elə gəlir biz bayaqdan davam edən söhbətimizdə sənin verdiyin suala dolayı da olsa cavab verdik. Əsərin cəlbedici tərəflərini nümunələrdə göstərdim. Yekun olaraq isə deyim ki, sözün sehrinə düşmək üçün, bir romandan alına biləcək həzzi yaşamaq, “Şərq-Qərb” suallarına cavab tapmaq üçün oxucu mütləq Salman Rüşdiyə müraciət etməlidir.

Hazırladı
Tural İsmayılov


Tarix: 23.11.2015

4284