“Lənətlənmiş şairlər” - I yazı



Onlar ölümə meydan oxuyaraq yaşadıqları cəmiyyətin qayda-qanunlara qarşı çıxanlar və dini dəyələri heçə sayanlardır. Onlar qəlb rahatlığını daxili inkişafda axtarır, fransız cəmiyyətinin müasir durumuna müxalif olurdular. Onların poeziyasının xarakterik xüsusiyyəti - aydın olmamaq, qeyri-müəyyənlik, yalnız ürəyin hərəkətinə və həssaslığına aid olan sirli suallara can atmaqla yaranan mistisizmdir. Bodler və simvolistlərin varisləri, 19-cu əsr Fransız ədəbiyyatının sonuncu nümayəndələri olan bu yazıçılar dünya ədəbiyyatına “Lənətlənmiş şairlər” kimi daxil olublar.

Əslində, onları heç kəs nə lənətləib, nə də cadu etdirib. “Lənətlənmiş şairlər” - nə məktəb, nə yaradıcı birlik, nə də ədəbi era deyil. Bu yazıçıların həyatı 19-cu əsrin 3-cü hissəsinə təsadüf edirdi. Təbii ki, Dekadans dövrünə.
Bu dövr ruhun çöküşüdür, insanın həyat, dünya, bəşər rifahı, xoş gələcəklə bağlı ideyalarının xəyal qırıqlığına uğraması, insanın içində yaranan “son” ümidsizlikdir. Bu yazarların başlıca xüsusiyyətləri əksər hallarda ictimai həyatdan uzaq, xalq mənafeyinə xidmət etmək istəməyən sənətin təbliği, mövhumat və xürafat, dünyanı təbiət xaricindəki qüvvələrin idarə etməsi haqqında cəfəngiyata inam, ifrat fərdiyyətçilik, “incə” hisslərlə əylənmək, ölümü, pozğunluğu və əxlaqsızlığı tərənnüm etmək, zahiri gözəlliyə və bədii formaların ala-bəzək olmasına çalışmaq kimi cəhətlərdir.

Lənətlənmişlərin “xaç atası”

Gənc və zərif hissiyyatlı Pol Verlen. 19-cu əsr ədəbiyyatında dərketmə nəzəriyyəsinin əsasını – sanki, nəhəng bir binanın tikintisində ilk qranit qayaları məhz Pol qoymuşdur. Ondan sonra digər yazıçılar onun ideyası üzərində fasiləsiz olaraq işləri davam etdirir və bina daha da ucalırdı. Hələ heç vaxt şeirlə, daxili aləmlə reallıq arasındakı münasibətlər bu qədər kəskin və amansız olmamışdır, hələ heç vaxt insanların gözü zülmət və işıq arasındakı dözülməz təzadı bu qədər kəskinliklə duymamışdı.

Bütövlükdə onun yaradıcılıq irsini sentimental gündəlik kimi qiymətləndirmək olar. Çünki Pol ömrü boyu özü ilə mübarizə aparmışdı. Yazıçı real həyatı, mövcud rejimi, insanların hissiyatını madiyyat üzərində qurduğunu gördükcə özünü daha çox bədbəxt hiss edirdi. Cəmiyyətin dibinə düşən Pol vaxtının çoxunu traktirlərdə (aşağı səviyyəli insanların mehmanxanası), əxlaqsızlıq evlərində, sonradan “sevgili”sinə çevrilən şair Artur Rembo ilə keçirirdi.

Daxildəki mütəmadi iztirab azğınlığa, həyat yoldaşını döyməsinə, anasını bayıra qovmasına və sonda Rembonu güllələməsinə gətirib çıxardı. İradəsindən asılı olmayaraq səfil həyat sürməsi yazıçının ilham mənbəyinin əsas enerjisi idi. Verlenin uşaqlığı travmalı olub. Belə ki, ailənin sağ doğulan yeganə övladı idi və anası bütün ölü dölləri saxlayırdı. Verlen bir dəfə əsəbiləşib döllərin saxlandığı bütün qabları sındırmışdı.

Özünə “Mən çökən Roma dünyasıyam” deyən Verlenin poeziyasının əsas mövzusu, qəmginlik, itkin mənəviyyat, ruhun çöküşüdür. Bu şəxs içkidən yalnız ilham mənbəyi kimi istifadə edirdi. Bu mənbə isə onu yavaş-yavaş yeməyə başladı. Bir tərəfdən güc versə də, digər tərəfdən onun daxilini parçalayırdı. Bu ilham mənbəyi ona baha başa otururdu. Lakin yazıçı bundan əl çəkməyi heç ağlının kənarından belə keçirmirdi.

Onun şeirlərində olan müsiqiləri duymaq hər kəsə nəsib olmur. Bu notlar özü süzülür sözlərin arasından. Yalnız duyum yükü ağır olanların gücü yetər bunu qaldırmağa. Çünki onun həyatı tərzi yüngül olsa da, şeirlərinin çəkisi ağır idi. Dəqiq düşünülmüş formanın olmaması, ani təəssüratların ötəri, lakin daxili vəhdət və əlaqədə verilməsi onun üslubunun səciyyəvi cəhətləridir. Şeirlərində ilk təəssürat, təsadüfi detallar üzərində qurulmasına baxmayaraq, o, özünün “dolayı” həqiqəti ilə bu və ya digər sözlərə qeyri-adi parlaqlıq verir.



Yorulub günahlarından. Mənə xaçda yaxşı bax sən,
Bu dözülməz iztirablar sənə dərsdir, həm də ibrət.
Günaha dadanmış aləm, hər qəlbdə fahişə rəğbət,
Qanımı mənim və bir də sözümü sevə bilərsən.

Özünü tapmağa çalışan şair səfərlərə çıxmağa başlayır. Bu zaman Verlen özünün “Sözsüz romanslar” adlı ən yaxşı şeirlər kitabını yazır. Sərxoşluq anlarının birində “Sevgilisi” Artur Rembonu güllə ilə vurur və Belçikada həbs edilir. İki il həbsxana həyatı yaşadıqdan sonra Verlen “Ağıllılıq” adlı yeni bir şeirlər kitabı hazırlayır. Şöhrəti get-gedə artsa da, narkotik, içki aludəçiliyi və xəstəliklər onu əldən salırdı.
Ömrünün son illərində dövlət xəstəxanalarında yaşayan Verlen sağalan kimi içməyə davam edirdi. Şeirlərinə və kitablarına görə aldığı qonorarı isə birlikdə yaşadığı fahişələrlə bölüşürdü. Bütün hallarda bir neçə dəyərli şeirlər silsiləsi yazmasına baxmayaraq, şairin yaradıcılığı həyatı boyu qiymətləndirilməmiş və o, 1896-cı ildə Paris şəhərində ömrünü rəzalət içərisində başa vurmuşdur.

“Xaç atası”nın “sevgilisi” - Rembo

Rembo “Sərxoş gəmi” şeirini 16 yaşında yazıb. Ədəbiyyat aləmində tanınmaq və ya məşhurlaşmaq onun üçün heç vaxt prioritet olmayıb. İnqilabçı, avara, yetkin şair Artur Rembo ömrünün 4-5 ilini yaradıcılığa həsr edib. Bu yetərli oldu ki, Rembo adı ədəbiyyatın qızıl vərəqlərinə köçsün. Onu şeirlərindən savayı Verlenlə birləşdirən ən vacib dəyər özünüdərketmə idi. O, deyirdi ki, şeir yazmaq və ədəbiyyatı anlamaq üçün insan öncə ruhunu axtarmalı, təqib etməli, öyrənməli, onu başa düşməyə çalışmalıdır. Onu tam başa düşəndən sonra isə kamilləşdirməyə başlamalıdır.

Şarl Bodleri izləyən Rembo burjua dünyasının səmimiyyətinə inanmır və nifərt edirdi. Lakin Bodlerin davamaçılarından fərqli olaraq o, reallıqdakı naqisliyi pisləməklə məhdudlaşmır mövcud həyatda çatışmayan fövqəltəbii, fərqli bir reallığı tapmaq üçün çalışırdı. Bu reallıq axtarışı köhnələn Fransız poeziyasında ən cəsarətli cəhd oldu. Rembo artıq 16 yaşında şeirlərini çap etdirməklə özünü şair kimi təsdiq etmişdi. Avropanı ayaqla səfər edən Rembo Verlen tərəfindən güllələndikdən sonra anası Roşenin yanına qayıdır. Müəllim, əsgər, satıcı daha sonra dənizçi işləyən Rembo bir də şeir yazmır.

Yenilikçi şair “Cəhənnəmdə bir mövsüm” poetik nəsri ilə niyə artıq şair olmaq istəmədiyini izah edir. Bu kitabın tarixçəsi də onun öz keşməkeşli həyatından fərqlənmir. Artur Rembo 1873-cü ildə çap olunan və sonradan XX əsr şeirinə çox ciddi təsir edən “Cəhənnəmdə bir mövsüm” kitabının ilk nəşrinin xərcini özü çəkir, üstəlik, öz kitabından 6 dənəsini özü alır, qalan nüsxələrini isə 1901-ci ildə bir kitabsevər xilas etməsəydi, yəqin it-bata düşəcəkdi.

Fransız aritokratiyasına meydan oxuyan gənc ədəbiyyata çox bağlı idi. O fanatik bir formada, inadkarlıqla özünə aclıqla, alkoqolla və narkotika ilə əzab verirdi. Bilərəkdən özünü yuxusuzluğa məhkum edirdi. Qalın ədəbiyyatın incə səhifələrinə düşən “Günəş və şəhvət”, “Venera Anadiomeda” və s. kimi əsərlər o dövrün bütün çirkinliklərini açıq formada izah edir və yazıçının görmək istədiyi cəmiyyəti tərənnüm edirdi.

Oxucunu dövrün mühüm ictimai-siyasi məsələlərindən uzaqlaşdıran ifrat fərdiyyətçilik və mistikanın təbliği, ədəbiyyatın ictimai vəzifələrinin inkarı, gerçəkliyin mücərrəd simvollarla şərti və təhrif olunmuş inikası, pessimizmin, həyata nifrət hissinin və ölümün əsasən intihar yolu ilə tərənnümü onun əsərlərinin səciyyəvi cəhətləridir. Məmurlara və hakimiyyətə nifrət püskürən hətta kommunist konstitusiyasının layihəsini də hazırlayan Rembo ilahiyyatı təbliğ edən şeirləri “Şər” adlandırırdı. Hər bazar günü anasının yanında getməyə məcbur olduğu xristian kilsəsinə və xristianlığa dərindən nifrət edirdi.

29 yaşında çıxan ikinci kitabından sonra daha yazmadı, qalan ömrünü səyahətlərə və macəralara həsr etdi. Fəlakətlər onu hər yerdə qarabaqara izləyirdi. Afrikada keçən illərdən sonra Rembonun dizində şiş əmələ gəlir. O, dərhal Marselə yollanır, orda onun ayağını amputasiya edirlər. Xəstəlik yenə də ondan əl çəkmir. Sarkoma onu yatağa bağlayır. Bacısı İzabella Rembonun qeydinə qalır. O, 10 noyabir 1891-ci ildə Fransada xəstəxanada vəfat edir.



Tarix: 26.11.2015

3919