Bakıda tələbə həyatı- II hekayət


Müəllif: Əsəd Qaraqaplan

Ramanadakı qadının evindən çıxandan sonra bir müddət orda-burda qalmaq, başımı girələmək zorunda qaldım. Hətta elə gecələr olurdu ki, parklarda gecələyir, ya da özümü mənə hələ birinci kursdan tanış olan ümumi, əyyaşların, səfillərin yatdığı anbarlara soxurdum. Çünki nə gedəsi yer var idi, nə də pul-para.
Çox vaxt həftəsonları – beşinci gün dərsdən çıxandan sonra kəndə qaçır, bazar günü qayıdırdım ki, iki gecə də olsa, qalmağa rahat yerim olsun.

Həmin günlərdə qrup yoldaşım Elnur məni evlərinə apardı və bir neçə gün orda qaldım. Orda qala-qala ev və iş axtarır, hara gəldi baş vurur, dərsdən sonra nə iş olur-olsun işləyirdim. Hətta Keşlə bazarının arxasındakı anbarda yük maşınlarından duz, sement və s. boşaltdığım da olurdu. Ən çox daimi və zəhmətimin pulunu uzun müddət ala bilmədiyim mebel sexində işləyirdim.
O günlərdə mənim ən çox əziyyətimi çəkən, gecə-gündüz çalışan, heç vaxt ruhdan düşməməyimi istəyən mamam idi. Bazarda gör-göyərti sata-sata mənə köməklik edir, təsilimi davam etdirməkçün əlindən gələni edirdi. Üstəlik, böyük ailəmizi də təkbaşına saxlayır, gecə-gündüz çalışır, vuruşurdu. Məni də ən çox onun istəyi və gələcəkdə "adam olub" ailəmə də yaxşı bir gün ağlamaq həvəsi ayaqda tuturdu. Yoxsa kim bilir, bəlkə, çoxdan təhsili atar, bir iş tapıb məşğul olardım.
Hə, bir də ədəbiyyat sevgisi var idi axı...

Həftəsonu kəndə gedəndə yenə mamayla bütün bu olanlar haqqında danışır, ama yenə inamımızı itirmir, hər şeyin yaxşı olacağını düşünürdük. Ancaq hələ ki heç bir çıxış yolu tapa bilmir, ümidimizi yalnız Allaha bağlayırdıq.
Əlimiz bütün variantlardan üzüləndə mamamın birdən ağlına bir fikir gəldi. Düzdü, tam ürəyincə olmasa da, dedi ki, bəlkə bacımla, yəni Bakıdakı xalamla, danışım, gedib onlarda qalasan. Zabratda ikimərtəbəli evləri var.

Qohum evlərində gördüklərimdən sonra nə qədər tərəddüd eləsəm də, başqa çarəmizin olmadığını görüb dedim, danış da, görək nolur. Mamam xalamla telefonda danışdı və xalam da canla-başla dedi ki, əlbəttə, gəlsin, qalsın. Bacımın balasından ev əsirgəmərəm. Biz onsuz da ikinci mərtəbədə qalırıq, gələr, birinci mərtəbədə nə qədər istəyər qalar.

Düzü, mən də çox sevindim və bayaqkı önyarğılı düşüncələrimə görə hətta biraz utandım da. Ki, qohumların hamısı eyni deyilmiş deyə...
İlk dəfə həmin bazar günü kənddən könül rahatlığıyla çıxdım və arxayın oldum ki, gedəcəyim yerdə qalacağım bir ev var. Nə qədər çəkingən biri olsam da, bu çətin günləri birtəhər dözməli olduğumu da anlayır, hər şeyin get-gedə daha yaxşı olacağını düşünürdüm...

Şəhərə çatan kimi birbaşa xalamgilə getdim. Xalamgil məni xoş qarşıladılar və çay, yemək, ordan-burdan söhbət-filan. Hər şey çox gözəl alındı və mən də artıq rahatlıq tapmağa başladım. Elə ki söhbət əsas məsələyə - onlarda qalmaq məsələsinə gəlib çıxana kimi...

Söhbət onlarda qalmağa gələndə birdən xalamın üzü qəribə şəkildə tutuldu və üzündə qəribə bir hiyləgər duman çökdü. Altdan-altdan üzümə baxıb danışmağa başladı:
– Bilirsən, xala qurban, əslində, alt mərtəbəmiz təmir olunmayıb, sadəcə, o gün deməyə utandım. Həm də dedim gəlib özün görəsən və bir şey eləyək, qalasan burda...

Düzü, xalamın nə dediyini və nə demək istədiyini tam anlaya bilmədim. Elə bildim başqa bir şeydən danışır və bunun mənim onlarda qalmağımla heç bir əlaqəsi yoxdu. Ama xalam, az qala, qolumdan tutub məni alt mərtəbəyə apardı və mən ətrafa baxanda hər şey mənə gün kimi aydın oldu.

Alt mərtəbə tamamlilə təmirsiz və işıqsız-qazsız, çılpaq divarlardan ibarət idi. Ağ və ovulmuş "kubik"lər hər tərəfdən dişlərini ağardır, təmir olunmaq üçün az qala yalvarırdılar. Ayaq altında da heç nə yox idi – qupquru torpaq.
"Mənim otağım" lap bərbad gündə idi. Hətta yerdə balaca-balaca gölməçələr görünür, adam qorxusundan içəri addım atmaq istəmirdi.

Gözlərimi döyə-döyə ora-bura baxa-baxa qalmışdım ki, xalamın səsi məni fikirdən ayıltdı:
– Əslində elə də xərci yoxdu, 25-30 şirvan xərci var.
Sonra bir az ara verəndən sonra dilinin şirin yerinə salıb danışmağa başladı:
– Xala sənə qurban, qorxma, burda heç nə yoxdu, ətağa, Təmir elətdir, gir yaşa da. Xalan səndən ev əsirgəyən deyil ki...

Düzü, elə bir halda idim ki, o durumda xalama nə dediyimi və nə demək istədiyimi indi də xatırlamıram. Bircə onu dəqiq xatırlayıram ki, tez bir zamanda ordan çıxıb qaçmaq, bir də bu şeyləri görmək və onlar haqqında düşünmək belə istəmirdim.
Təsəvvür edin ki, mən ora məhz pulsuzluqdan, heç bir çarəm qalmadığından getmişdim. O dediyi məbləğin çox demirəm, üçdə biri indi məndə olsaydı, özümə rahat bir yer tapar, heç kimə də boyunəti olmazdım. Üstəlik, bu boyda təmir işinin dediyindən çox-çox pul aparacağını da ikimiz də çox yaxşı bilirdik. Həm də ikimizdə indi çox yaxşı bilirdik ki, xalam niyə mamama deyib gəlib qalsın...
İndi, üstündən düz 10 il keçəndən sonra belə hər dəfə o günü və o xalamı xatırlayanda pis olur, bəzən yad adamların doğma adamlardan nə qədər əziz ola biləcəklərini anlayıram. Və o gün-bu gündür xalamgilə də getmirəm...




Tarix: 30.11.2015

5254