“Lənətlənmiş şairlər” - II yazı


Sürrealizmin daha mücərrəd formasının əsas ilham qaynaqlarından biri olan bu yazıçı xəstə əhvali-ruhiyyəni, eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdı. “Lənətlənmiş şairlər”in nümayəndəsi hesab edilən Jerar dö Nerval Paris şəhərində dünyaya gəlir. İki yaşı olarkən anası Sileziyada vəfat edir. Atası Napoleon Bonapartın ordusunda hərbi həkim kimi fəaliyyət göstərirdi. Əmisi Atuan Buşerin himayəsində Valois bölgəsinin ucqar hissələrindən olan Mortefontuanda qalırdı. Atası 1814-cü ildə müharibədən qayıtmasından sonra yenidən Parisə göndərilir. Uşaqlıq illərinin keçiridiyi Valoisə bir neçə dəfə geri dönən Nerval, Valoisin gündəlik həyatından, təbiətindən bəhs edən əsərlər yazır.
Gənclik illərində əvvəlcə populyar olan klassik poeziyaya maraq göstərmiş, sonrakı illərdə isə alman ədəbiyyatı ilə ciddi məşğul olaraq bu ədəbiyyatın gözəl tərcüməçisinə çevrilmişdir. Tərcüməcilik sənətinə olan marağı nəticəsində İohann Volfqanq Getenin “Faust” əsərini 1828-ci ildə tərcümə edir. Uğurlu tərcümə nəticəsində, ədəbi mühitdə qısa zamanda tanınan Nerval Henrix Heynenin şeirlərini 1840-cı ildə fransız dilinə tərcümə edir. Universitetdə təhsil aldığı illərdə Aleksandr Düma və Teofill Gautiye ilə dostluq münasibətləri yaranır.
Jerar dö Nervalın şeirlərində romantik deizm açıq şəkildə hiss olunur. Yaradıcılığının yeni çiçəkləndiyi bu dönəmində Viktor Hüqo da Nervalın yaradıcılığını yaxından izləyir.



Dövrünün tanınmış masonlarından biri olan Nerval narkotik aludəçisi idi. 1841-ci ildən etibarən bir necə dəfə ruhi xəstəxanada müalicə almağa başlamışdır. Digər “Lənətlənmişlər” kimi də bu yazçının da dabanı bir yerdə tikiş tutmayıb. Nervalın səyyah olması ona bir çox ölkələri gəzməyə şərait yaratmışdır. Gəzdiyi ölkələrin heç birində daimi məskunlaşmayan Nerval 1820-ci illərdə Parisdə, 1830-1840-cı illərdə isə Lüksemburq və Hollandiyada yaşadığı eşq macəralarını şeirlərində dilə gətirmişdir. 1851-ci ildə “Şərqə səfər”, 1852-ci ildə “İşıqlı adamlar” əsərləri çap olunur. Daha sonra “Silvi”, “Оd qızları” və “Хimerlər” əsəri işıq üzü görür. Lakin “Orleliya” adlı əsərinin bəhrəsini görə bilmir. Onun cəsədi asılmış vəziyyətdə tapılır.
Nervalın intihar etməsinin səbəbi kimi ilk sevdiyi qadını təsadüfən öz əri ilə birlikdə görməsi idi. Belə ki, bir gün yazıçı Parisdə parkda gəzərkən ilk aşiq olduğu qadını ailəsi ilə birlikdə gəzdiyi yerdə görür. Bir zamanlar sevdiyi qadının xoşbəxt bir ailəyə sahib olmasını gördükdə yenidən ruh düşkünlüyü yaşamağa başlayır. İntihar etməzdən əvvəl xalasına yazdığı məktubda “Bu axşam məni gözləmə, çünki gecə qara və ağ olacaq” başlıqlı bir şeir yazır və özünü işıq dirəyindən asaraq intihar edir.

Paris şəhərində Per-Laşez qəbiristanlığında dəfn olunan Jerar de Nerval sevgisi naminə intihar edən nadir romantizm şairlərindən hesab olunur. Nervalın əsərləri Umberto Eko tərəfindən italyan dilinə tərcümə edilmiş və bu tərcümələr italiyan ədəbiyyatının formalaşmasında mühüm rol oynamışdır.
İtalyanlı fransız.

Bu yazıçı əsərlərində əxlaqsızlıq, əxlaqdan kənar davranış tərzi ilə seçilib. Hər cür əxlaqın inkarı, əxlaq qanunlarından imtina - xeyir və şərin fövqündə durmağa cəhd onun yaradıcılığının fəlsəfəsi idi. Əsərlərində yoxsul insanların həyatını, siyasətçilərin ikiüzlülüyünü, ədalət təşkilatının ədalətsizliyini, işsiz xalqın sürgün həyatını bütün çılpaqlığı ilə işləmişdir.

Onun poeziyası - təbəssümlə gələn ölüm, gözü yaşlı gülüş, zərif ağrı, ironiya, kədər və tragediyanın dəyişməz simasından ibarətdir. “Lənətlənmiş şair” dostları kimi özünü cəmiyyətdə yad hiss edir, burjua cəmiyyətinin durumundan bezmişdi.
Giyom Apolliner. O, immoralist olub. Bu, fəlsəfədə varlığa əxlaqi nöqteyi-nəzərdən baxmamaq mənasını verir. Başqa sözlə, hadisələrə əxlaq perspektivindən deyil, tamam ayrı nöqteyi-nəzərdən baxmaq deməkdir. Məsələn, Hegel və Hayderger immoralistlər olublar. Amma bu, o demək deyil ki, onlar əxlaqsızdırlar.

Bu baxımda Giyom özünə tez-tez immoralist deyirdi. O, belə deyəndə bunu əxlaqsız kimi tərcümə eləmək olmaz. Sadəcə, onun mövqeyi budur - əxlaqi çərçivədən baxmamaq. 1880-ci ildə Romada anadan olan yazıçının anası baltika mənşəli fransız qızı, atası isə heç vaxt üzünü görmədiyi italyan zabiti olub. Apolliner qarma-qarışıq bir uşaqlıq dövrü yaşayıb. 1889-cu ildə anası ilə Parisə köçdükdən sonra o, müxtəlif sənətlər öyrənmək istəyib və 1902-ci ildən ilk yazıları çap olunmağa başlayıb. Elə həmin ildən o, Almaniyada dərs deməyə çağırılır və burada gənc ev xadiməsi Anni Pleydenə dəlicəsinə vurulur.



Parisə qayıtdıqdan sonra Apolliner avanqard artistlər sırasına qoşulur. O, Pikasso ilə dostluq, rəssam xanım Mari Loransənlə yaxınlıq edir. 1909-cu ildə Apollinerin “Çürüyən təlimçi” adlı ilk kitabı nəşr olunur, 1912-ci ildə isə “Alsol” adlı silsilə ilə bir neçə poema yazır. 1913-cü ildə “Alsol” silsilə poemaları və dövrün müasir rəssamlarını müdafiə edən “Kubist rəssamlar” və “estetik düşüncələr” adlı kitabları çap olunub. 1914-cü ilin noyabrında Apoliner Birinci dünya müharibəsində iştirak edir.

O, müharibədə yaralanır, zəifləyir və 1918-ci ildə ispan qripi epidemiyasının qurbanı olur. Ölümü çox əzablı olur. Titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıq fonunda ağrılar içində əzab çəkən yazıçı sətəlcəm olur. Qrip səbəbiylə onun immunitet sistemi o qədər zəifləyir ki, digər infeksiyalara qarşı bir şey edə bilmir. İntihar etmək istəsə də bəxti gətirmir və əzablar içində öz əcəli ilə vəfat edir.

Ölümündən əvvəl Apolliner “Kalliqramlar” adlı kitabını çap etdirib və öz dövrünün estetik rəngarəngliyi mövzusunda konfrans keçirib.
Ölümündən sonra isə şairin “İki sahilin sərgərdanı” (1919), “Var” (1925), “Sevgimin kölgəsi” (1947) adlı kitabları nəşr olunur.


Tarix: 04.12.2015

2993