Səlim Babullaoğlunun “Yeni Jül Vern”i - Yazıçılar oxucu kimi


Səlim Babullaoğlu: “Brodski rus poeziyasında ona qədər, demək olar ki itirilmiş, sovet sistemində dağıdılmış metafizik qatı bərpa etdi”.


“Kirpi.info”nun “Yazıçılar oxucu kimi” adlı yeni layihəsində müasir yazıçılarımız dünya və Azərbaycan ədəbiyyatında ən çox qiymətləndirdikləri bir əsər haqqında öz fikirlərini oxucularla paylaşacaqlar. Bu layihədə iştirak edən hər bir yazıçı həm də bir oxucu olaraq ədəbiyyatı təmsil edəcək.
Müsahibimiz şair Səlim Babullaoğludur.


- Səlim Babullaoğlunun indiyə kimi ən çox təsirləndiyi yazıçı, şair kim olub ?

- Yəqin ki, yazıçını soruşursuzsa, söhbət nasrlərdən gedir... Sevdiyim yazıçılardan biri Herman Hessedir. Başqaları da var, Knut Hamsun, Avqust Strindberq. Xüsusən, Strindberqin “Tənha” romanını, Hamsunun “Aclığ”ını , Herman Hessenin “Yalquzaq” romanını yüksək qiymətləndirirəm. Bu romanlar o qəbildən olan əsərlərdir ki, oxucunu, insanı böyüdür. Katarsis baş verir. 25-30 yaşlarında oxumuşam bu əsərləri, bir az gecikərək, amma düşünürəm ki, mənəvi yenilənməm üçün ciddi rol oynayıblar...

- Niyə oxucular “Yalquzaq” əsərini, Herman Hesseni oxusun?

- Məşhur bir ifadədə deyilir ki, adamlarla olma, adamlardan ol. Bəzən hər bir fərd cəmiyyətdə, dünyada sıxıntı keçirir, sıxıntı keçirən adam sıradan biri deyil, o, düşünən və vicdanlı adamdır. Düşünən adam hökmən axtarışda olmalıdır. Axtarış isə uzun və məşəqqətli yol deməkdir. Bu əsər axtarışda olan adamın cəmiyyət ilə, çevrəsi ilə sürtünməsinin nəticəsində ortaya çıxan hadisələrdən bəhs edən əsərdir. Sizin kimi, hamı kimi mən də həyatımın müxtəlif dövründə sıxıntıda, çətinlikdə qalmışam və həmin əsərlər də həmin zamanlarda mənə yardımçı olub.

- Siz nəsrdən danışdınız, amma bildirmişdiz ki, şeirləri daha çox sevirsiz. Hansı şeiri daha çox sevirsiz? O, hansı əsərdir?


- Birincini, ən çox sevdiyini müəyyənləşdirmək həmişə çətindir.İnsanın halından asılı olaraq istənilən, hətta bəlkə ən zəif əsərin belə birinci olmaq şansı olur. Əlbəttə ki, mən ədəbiyyatşünaslıq kriteriyalarından danışmıram. Amma mən indi uzun bir şeir haqqında danışacam sizə, düzü elə indi sizinlə görüşənə qədər nə haqda danışacağımızı unutmuşdum və buna indi qərar verdim. Hələliksə gəlin həmin, haqqında danışacağım uzun şeirim müəllifi ilə bağlı məlumat verim. Söhbət Brodskidən gedir. Mənim çox sevdiyim, eyni zamanda yaradıcılığına az-çox bəlli olduğum şairdir İosif Brodski. Bir müddət onun tərcüməsi ilə də məşğul olmuşam. Brodski XX əsr rus ədəbiyyatında, rus poeziyasında adını Pasternak, Axmatova, Sevtayeva, Mandelştam kimi böyük şairlərlə bir sıraya yazmış şairdir və hətta, ondan daha artığını desəm, rus poeziyasını dəyişmiş, rus poeziyasında reforma aparmış, həm metrika və biçim baxımdan, həm də mahiyyət baxımından ona öz ciddi əlavələrini etmiş şairdir. İosif Brodski o şairlərdəndir ki, onun yaradıcılığı ilə şəxsiyyətinin parametrləri üst-üstə düşür. Həm öz ədəbiyyatımızdan, həm də dünya ədəbiyyatı tarixindən bir xeyli istedadlı şairləri örnək gətirmək olar ki, onların yaradıcılıqları ilə həyatlarının, ictimai mövqelərininin üst-üstə düşmədiyini görəsən, sezəsən. . Yeri gəlmişkən, həmin şairlər bir müddət sonra çıxdaş olurlar, yaxud mənəvi və yaradıcı inflyasiyaya məruz qalırlar. Bir də bilirsiz, əgər şairin bioqrafiyası və yaradıcılığı miqyas və işarə baxımından üst-üstə düşürsə, bu mütləq onun əsərinə çoxqatlılıq, çoxlaylılıq qazadırır. Bunu həm müsbət, həm də mənfi mənada başa düşmək olar.
Brodski isə, hələ erkən yaşlarından toplumdakı çatışmazlıqlara, sovet sisteminin özünə estetik və etik mənada “yox” demiş insandır. Səkkizinci sinifdən sonra məktəbi buraxır, özünütəhsillə məşğul olur, ali təhsil almır. Bir müddət sonra haqqsız yerə tüfeyli damğası vurulur ona, həbs edilir, sürgünə göndərilir, müdafiəsinə Axmatova, Şostakoviç və dövrün, sovet epoxasının bir çox böyük sənətkarları qalxır. Sovetlərdə yaşayarkən Birləşmiş Ştatlarda, Avropada “Samizdat” vasitəsilə ötürülən şeirləri toplanaraq kitabları çıxır, həmin kitablarına dünyanın tanınmış ədəbi isimləri rəylər yazır, məsələn Amerikada çıxan kitabına ön sözü Oden yazır. 1972-ci ildə Sovet İttifaqından mühacirət edir, əvvəl Avropaya, sonra isə Amerikaya gedir. ABŞ-da dərs deyir və yaradıcılıqla çox ciddi, peşəkar şəkildə məşğul olub. Yeganə mühacir şairdir ki, ABŞ Konqresinin “Fəxri şair”i tituluna layiq görülür. Bioqrafiyası və yaradıcılığının maraqlı tərəflərindən biri də budur ki, o tarixə Nobel mükafatı alan ən gənc şair kimi düşür, təhsilsiz ola-ola rus diliylə bərabər ingilis dilində də şeirlər yazıb. Esseistikası isə bütövlükdə ingilis dilindədir. Bir çox dünya şairlərinin, o cümlədən, Rilkenin, Svetayevanın, Odenin, Yeytsin, Kavafisin və onlarla başqalarının şeirlərini şeirşünaslıq nöqteyi-nəzərindən çox ciddi təhlil edir, esselər və mühazirələr yazır. Bəlkə də yeganə şairdir ki, ona iki dəfə İsveç Akademiyasının kürsüsündən çıxış eləmək nəsib olub.

- Brodski poeziyasının əsas çalarları nələrdir?

- O, antik yunan-roma poeziyasının elementlərini, eyni zamanda ingilis poeziyasının nüanslarını rus poeziyasına gətirib, rus poeziyasında ona qədər demək olar ki itirilmiş sayılan, yaxud itməkdə olan- sovet sistemində dağıdılmış metafizik qatı bərpa edərək həm də formal şəkildə rus poeziyasını yenidən dirçəldir. 1996-cı ildə vəfat edib və gələn il onun ölümünün 30 illiyi olur. Onun ölümündən sonraki 30 ildən bu yana rus poeziyasında yazılan şeirlərin böyük kütləsi İosif Brodskini təqliddir, ondan qopmalardır. Rus poeziyasını mütəmadi izləyirəm, o, rus poeziyasını sanki dalana dirəyib, nəsə başqa yolla getmək istəyənlər belə onun getdiyi yoldan başqa yol tapa bilmirlər. Onun poeziyasının gözəl məziyyətlərindən biri də dünya ədəbiyyatı şedevrləri ilə identifikasiya və mükalimə apararaq, edərək yazmaqdır.
Bunu onun bir çox şeirlərində, o cümlədən “Platonu inkişaf etdirərək” adlı şeirində, yaxud elə mənim haqqında danışmaq istədiyim uzun “Yeni Jül Vern” şeirində görmək olar.

- Onun yaradıcılığında ən sevdiyiniz həmin uzun şeirdən danışaq... Şeirin özəlliyi nədən ibarətdir?

- Jül Verni hamımız oxumuşuq. "Kapitan Qrantın uşaqları”, "20 000 lye su altında" və sair. Haqqında danışdığım uzun şeirdə Jül Vernin özü və bəzən “Kapitan Nemo”su ilə identifikasiya var. Amma daha çox Jül Verndir, çünki, müəllifin özü nağılçı qismindədir. Özü də bu nağılçının sirli bir rakursdan baxdığı sezilir. O hamını görür, bəzən hesab edə bilərsən ki, leytenant Bensdir, yaxud bir başqa personajdır. Bəzən hiss edə bilərsən ki, müəllif, yaxud onun alter eqosu haqqında rəvayətlər dolaşan kapitan Nemodur. Kəsəsi, “müəllif personajların cəminə bərabərdir” düsturu burda da keçərlidir. Çünki Brodskinin şəxsi bioqrafiyasının elementləri sezilir. Amma bu haqda sonra.... Brodskinin sətirləri, misraları adətən uzun olur. Bir neçə metrikadan istifadə edilib şeirdə. 22-lik heca da var, 15-lik və 12-lik heca da var. Bölmələr var.. Metrik rəngarəngdir əsər, üstəgəl, diqqətli oxucu görəcək ki, əsərin üfüq xəttindən başlayıb yavaş-yavaş dənizə və gəmiyə enən, gəminin içində baş verənləri nəql etməklə davam edən, gəmi qəzaya uğradıqdan sonra suyun dibinə enən, nəhəng ilbizin (yaxud o həm də bir az sualtı qayıqdır ) cərəyan edən hadisələr, sonra isə yenidən suyun səthinə çıxan və nəhyət yenə üfüq xətti və kilsə zəngi ilə bitən hadisələr trayektoriyası var. Dövrə qapanır, yəni üfüqdən başlayıb yenə üfüqlə və üfüqə yayılmış zəng səsi ilə bitən bir əsər.
Brodski natura, xarakter etibarilə “yalquzaq” idi. Onun çevrəsi, dostları olsa da bütün əsərlərində dibsiz bir tənhalıq və təklik var. Dibsiz təkliyi əksər əsərlərinə sirayət edib, o cümlədən, haqqında danışdığımız əsərə. Burda onun dərin bir məhəbbətlə sevdiyi və heç vaxt unutmadığı- demək olar bütün sevgi şeirlərinin, lirikasının bir tək ünvanı olan Mariya Basmanovayla uğursuz və şairi dərin yaralamış sevgisinin izlərini də görmək olar.

- Əsərdəni bunu ehtiva edən misralar hansılardır və əsəri avtobioqrafik saymamaq olarmı?

- Kapitan Nemoyla görüş səhnəsində bir cümlə var: “Ailəsi var imiş. Qadını və sair./ Sonrasa, lap düzü,qalmayıb bir yolu./ Deyir ki, dünya boğulub şərdə.” Bu misra bir tərəfdən Jül Vernin qəhrəmanı Kapitan Nemonun sirli şəxsi tarixçəsinin faktıdırsa, digər tərəfdən Brodskinin bioqrafiyasının da kölgəsidir. Ümumiyyətlə isə bir daha təkrar edirəm, bioqrafik olmayan əsər yoxdur. Baxır, sən məqamları nə qədər və nə cür əsərə daxil edirsən. Əsərdə ancaq özümdən danışsan, bu, yaxşı hal deyil, amma mən həm özümdən danışıram, həm səndən danışıram, həm özüm ilə, həm də hamı ilə danışıram- bax bütün bunların uğurlu simbiozu, koordinasiyası olmalıdır süjetli əsərin təhkiyəsində. Hələliksə gəlin, əsərin üfüq xətti ilə başlamasını, girişini bir neçə fraqmentlə diqqətinizə çatdırım:

Üfüqün qənirsiz zolağı, dümdüz, aydın.
Korvet suları yarmaqda profiliylə Frans Listin.
Kəndirlər gərilir. Lüt meymun
sıçrayır səs-küylə otağından naturalistin.

Delfinlər üzür yaxında. Kim isə demişdi bir dəfə:
yalnız bardakı şüşələr asanca tab edir dənizdə yırğaya.
Külək kənara uçurur sonluğu - bitmir lətifə,
yumruğu düyülmüş kapitan cumur tez dirəyə, qarğıya-qarğıya.

Amma “Yeni Jül Vern" təkcə bioqrafiya yazmaq məsələsi deyil. Brodski burda quruyla (gəmi və sərinişinləri qismində) ilə suyu müqayisə edərək cəmiyyətin iç üzünü faş edir. Əsərin bir hissəsində gəmi heyəti- sərnişindən matrosa, admirallara qədər hamı tutuşdurulur , sanki bizim dünyamızın kastaları sərf-nəzər edilir, sinfi təsnifat aparılır ki, həmin hissədə də qəribə, zərif bir ironiya var. Baxın:

Sərnişin seçilir matrosdan
ipək paltarın xışıltı səsinə,
yeyəcək-yatacaq şərtinə,
mənasız suala görə ki, heç düşmür ağızdan.
....
Leytenant seçilir kapitandan
nir-nişan və baxış fərqiylə,
Fransuaz və Blanşın şəkliylə,
və həm də halidir Mopassan, “Xalis zəkanın tənqidi”, “Kapital”dan.

Gəmini konkret bir cəmiyyət, konkret bir dövlət də hesab eləmək olar. Görün cəmiyyət-dövlət- gəmi suda necə əmin-amanlıqda deyil, onun amanda olması nə qədər şərtidir:

Və yalnız bir gəmi seçilmir başqa bir gəmidən.
Yalnız dalğalar üstündən aşan bir gəmi
yaradır eynilə həm ağac, həm də ki bir durna görkəmi-
ayağı altdan yer qaçıb həm də.

Yaxud əsərin bölmələrindən biri “Ümumi kayutda söhbət”, o biri isə “Göyərtədə söhbət” adlanır. Yeri gəlmişkən, bunu da həmçinin kastalara, siniflərə, iyerarxiyaya işarə kimi də yozmaq olar. Diaoloqlar şəklində yazılıb o hissələr. İnsan xislətinin əsas keyfiyyyətləri, müəllifin ümumidən xüsusiyə, xüsusidən ümumiyə keçidləri o qədər maraqlıdır ki:

“Əlbəttə, vəhşidir ershersoq! Amma ki düşünsək dərindən,
söyləmək gərəkdir, onun da yox deyil bir para xidməti..."
" Kölənin söhbəti ağadır. Ağanın mövzusu kölənin xisləti”.
“Qurtuluş kəməri tapılmır!” “Qeybətin kəməri həmişə yerində".
....
"Professoram, gənc ikən məni də sarsardı min xəyal,
ya ada, ya heyvan, ya mikrob kəşf etmək - arzumdu".
"Bəs, sizə nə mane oldu ki? "Heç mənlik deyildi, elm bir zülümdü.
….
"İnsan deyilən varlıq, axı o kimdir?! Vur-tut milçək! "

....

Bu detallardan sonra isə quru ilə suyun müqayisəsi başlayır:


Dənizlər bir xeyli maraqlı qurudan.
Həm də ki hər şeydən çəkici.
Həm çölü, həm içi.
Balığı dadlıdır armuddan.

Quruda vur-tut dörd divar, bir də dam var.
Qorxarıq biz qurddan, ayıdan.
Ayıdan daha çox; bəzən “Mişa” da çağırar adamlar.
Ağlımız çatsa, ayama qoşarıq Fedyadan- zaddan.

Dənizə belə şey xas deyil.
Öz vəhşi, əzəli halıyla balina
bu Borya adını görəsən neyləyir,
ondansa, gəl, Həbəş söyləyək adına.


Əsərin sonrası gəminin qəzaya uğraması (bu da təbiidir, çünki artıq dialoqlardan başa düşülür ki, cəmiyyət çürüyüb), hadisələrin nəhəng ilbizin qarnında, yaxud sualtı qayıqda cərəyan etməsi ilə davam edir. Burda artıq Kapitan Nemo, insan çıxılmazlığı probelmləri və sairə məsələlər var. Detallı danışsam uzun olar.

"Yenə də Nemo. Qonaq çağırdı. Gedəsi
oldum. O özü böyüdüb söylədi ilbizi.
Hamıya üsyandır guya bu həşərat. Ailəsi
var imiş. Qadını və sair. Sonrasa, lap düzü,
qalmayıb bir yolu. Deyir ki, dünya boğulub şərdə.
Deyir ki, ilbiz (İlya - qısaca)
qəddar qəlbləri məhv edir Yerdə.
Ölməzlik vəd edir yanında qalsam" .


Təbii ki, dediyim cəmiyyət və təbiət qarşıdurması öz yerində, amma əsərdə səyahət və qəza həm də müəllifin şəxsi həyatıdır. Bayaq söylədim, təkrar olmasın, şairin bioqrafiyası və yaradıcılığı miqyas və işarə baxımından üst-üstə düşürsə, bu mütləq onun əsərinə çoxqatlılıq, çoxlaylılıq qazadırır. Bunu elə belə demirdim. Əgər əsər bir oxusunda cəmiyyət münasibətləri yozumuyla maraqlıdırsa, başqa bir oxusunda şairin bioqrafiyası kimi maraqlıdır. Görünür o öz mühacirətinə qəza kimi baxırdı həm də. Və gəmilər limana qayıtmadığı kimi. Brodski də Vətəninə qayıtmadı. Dəfələrlə təklif və dəvətlər olsa belə. Gəlin son hissəni bütünlüklə oxuyum sizə:



Elə ki, gəmilər qayıtmır məlum limana
nə vaxtlı-vaxtında, nə də gec,
Şirkət rəhbəri söyləyir: "Lənət şeytana!"
Admiral: "Ya Rəbbim, kömək et! "

Onlar səhv edir. Onlar haradan bilsin
nə olub? Dindirsən dinərmi qağayı,
ya da ki ağızı dopdolu akula nə desin?
Dalınca it salmaq onların havayı

bir işdir. Və axı, doğrusu,
iz nədir dəryada? Bunlar quruca
xülyadır. Dənizin növbəti uduşu
sonsuz savaşda quruyla.

Dəryada hadisə qəfildən baş verir.
Və sonra dalğalar didərgin şeyləri bir xeyli incidir və əzir-
bir lövhə, ya dirək qırığı, qurtuluş kəməri.
Heç yerdə tapılmır əl izi.

Vaxt ötür, payız və qış gəlir dalınca.
Güclənir gilavar. Ən mahir vəkili
təbdən çıxaran susqun dalğalar geriyə gəlincə
süslənir, üstündə yellənir qürubun əklili.

Və məlum olur ki, yoxdur heç nəticə
ha sual versən də gərilən boğazla -
üfüqə şərqilər oxuyur sakitcə
o mavi qırışlar eyni bir avazla.

Arada qəzetlər yazırlar yenə də boşuna dartışıb
çoxdankı o lafı; ya da ki lağlağı.
Qəhvəyi libaslı bir qadın yapışıb
qapının tirindən oturur aşağı.

Üfüqün eyni açılır yenə. Ətri var havada duzun, yodun.
Uzaqda qaralır naməlum bir əşya - tutaraq ahəngi
yellənir suda . Boğunuq sədayla qocaman Lloydun
mülkündə çalınır kilsənin zəngi.


Dediyim kimi üfüqlə başlayır əsər və üfüqlə də bitir. “Qəhvəyi libaslı qapının tirindən yapışıb oturan qadın” isə yəqin şairin anası idi. Onu 23 il gözləyən və görə bilməyən anası.

Kilsə zəngi metafora kimi çoxlu şeylərə işarə ola bilər. Bir, ilahi həqiqətlərə, ikincisi, əcəl zənginə və sair…

- Şeirdən oxucular hansı pozitiv mesajları çıxarsın?

- Əsərdən çıxan ən pozitiv mesaj budur ki, insan nə qədər sıxılsa da çıxış yolu ən azından adamın içində həmişə var. Tək adamlar fiziki mühacirətdən öncə öz içlərinə mühacirət edən adamlardır. Tək adam bütün dünyanı öz içinə yığır, qapalı bir məkan yaradır və orada qalır. Bu özünü qoruma instinktidir. Özünlə olsan, rabitə həmişə var. Ən pozitiv mesaj kilsənin zəngidir, sən ilahi rabitə qura bilərsən, istəsən.

- Əsərdə artıq gördüyünüz, lazımsız hesab etdiyiniz misralar varmı?

- İstənilən əsərə düzəliş etmək cəhdi, əgər o çap olunubsa, mənasız bir şeydir. Ola bilər, əsər çap olunana qədər müəllif özü redaktə eləsin, yaxud bir neçə zövqünə inandığı adama təqdim eləsin, amma əsərin nöqtəsi qoyulandan sonra ola bilməz. Bu tək dünya ədəbiyyatından valeh olduğumuz əsərlərə aid deyil, bu, elə sizin də, mənim də, hamının yazdıqlarına aid olunası məqamdır. Bir növ kodeksdir hardasa. Əsər olubsa, bitibsə nə müəllifə, nə də oxucuya məxsus deyil. Nə qədər oxucu var, əsərin o qədər yozumu və variantı var.

- Azərbaycan ədəbiyyatında əsərin nəzm formasında hansısa oxşarı var?

- Yox.

Hazırladı:
Tural İsmayılov


Tarix: 07.12.2015

4104