Hindistanda tanrı olan inək


Saysız-hesabsız “tanrıların” vətəni olan Hindistanın çoxlu özünəməxsus inanc formaları var. Məsələn, hinduizmdə ibadət camaat şəklində deyil, fərdi şəkildə həyata keçirilir və bundan ötrü xüsusi məbədə, cameəyə getməyə ehtiyac yoxdur. Hindlilər inanırlar ki, insanlarla heyvanların ruhu bir-birilərinə keçir. Onlar fili Şivanın oğlu hesab edirlər və inanırlar ki, onun heykəli bədbəxtliyin aradan qaldırılması üçün bir vasitədir. İlan və meymun onlara görə, qorxunc olduğundan, onların ilahi bir məqama malik olduğuna inanırlar. Sancması dərhal ölümlə nəticələnən, kobra növündən olan naqa ilanına xüsusi ehtiram göstərilir. Hindlilər hər il bu ilana ehtiram naminə xüsusi dini bayram keçirir; onların yuvalarının yanına gedir, hədiyyə, peşkəş kimi süd və banan verirlər. Hindlilər inəyə daha böyük hörmətlə yanaşır, müqəddəs və xüsusi məqam sahibi sanırlar. Hər bir yerdə, mə’bəd və evlərdən başlamış şəhər meydanlarına qədər inək heykəli görmək olar. Bu heyvanı öldürmək və ya istifadə etmək tamamilə qadağan edilib və haram sayılır. Onlar küçə və xiyabanlarda sərbəst hərəkət azadlığına malikdirlər. İnəklərə əzab-əziyyət verməyə, azadlıqlarını məhdudlaşdırmağa icazə verilmir. İnək ifrazatı məlhəm və təbərrük kimi, onun sidiyindən isə daxili və xarici murdarlıqları paklaşdırmaq üçün istifadə olunur. Hindlilər öz ölülərini odda yandırsalar da, ölü inəklərin cəsədini çox böyük ehtiramla, xüsusi bir dini mərasimlə torpağa tapşırırlar.



Tarix: 10.12.2015

7176