Məşhurun kitabxanası - Elon Musk


Dünyanın nüfuzlu şəxslərinin bəyəndiyi kitablardan danışdığımız “Məşhurun kitabxanası” rubrikasını davam etdiririk. Bu dəfə biz kanadalı ABŞ biznesmeni, ixtiraçı və investoru Elon Muskın sevimli kitabları barədə danışacağıq.

Elon Musk 1971-ci ildə Cənubi Afrika Respublikasında doğulub. Hal-hazırda SpaceX və Tesla Motors şirkətlərində CEO-sudur. O, Paypal, SpaceX, Tesla Motors və Zip2 şirkətlərinin qurucusudur.

Bütün dünya hər zaman Muskın fəaliyyətini diqqət və həyəcanla izləyir. O, müxtəlif sahələrdə böyük uğurlara nail olan nadir adamlardandır. 2002-ci ildə müəllifi olduğu məşhur “PayPal” ödəniş sistemini online alış-veriş nəhəngi “eBay”-a satır. Daha sonra o, “SpaceX” yaradır. Hazırda “SpaceX” kosmosa raket buraxan iki özəl şirkətdən biridir. Təbii ki, “Tesla”-nı da unutmaq olmaz. “Tesla” dünyada kütləvi şəkildə elektrik avtomobillərinin satışına başlayan ilk şirkət olub.



Musk həmişə kitabları sevib. Çoxsaylı müsahibələrinin birində o bildirir: “Uşaqlıqda mən kitab qurdu idim. Məktəbə getdiyim vaxtlarda əlim çatan hər şeyi – kitabları, komiksləri, jurnalları oxuyardım. Müəyyən müddətdən sonra kitablar bitdi və mən ensiklopediyalar oxumağa başladım”.

Elonun sözlərinə görə, onun dünyanı dəyişmək istəyində müəyyən rolu məhz kitablar oynayıb. Uşaqlıq illərində o, hər şeydən çox “Üzüklərin şahı” və Ayzek Azimovun `Özül qoyma` romanlarını bəyənib. Musk bu kitabların qəhrəmanlarının dünyanı daha da yaxşı etmək üçün əllərindən gələn hər şeyi etməsinə heyran idi.
Nə qədər qəribə səslənsə də, iki nəhəng korporasiyanın rəhbəri `time management` (zamanın idarə olunması) dair kitab oxumayıb. O, bunu boş zaman itkisi adlandırır.

Musk müsahibələrində dəfələrlə vurğulayıb ki, nüfuzlu şəxslərin bioqrafiyasını oxumağı sevir. Məhz buna görə onun sevimli kitabları sırasında xeyli bioqrafik kitablar var.

Elon Maskın sevimli kitabları:


“Bencamin Franklinin həyatı” , Bencamin Franklin.
“Tesla: Elektrik əsrinin ixtiraçısı”, V. Bernard Karlson.
“Avtostopla qalaktikada səyahət”, Duqlas Adam.
“Üzüklərin şahı”, Con Tolkin.
“Özül qoyma” romanlar seriyası, Ayzek Azimov.
«Ay – sərt sahibədir”, Robert Haynlayn.
“Hər şeyin qısa hekayəsi”, Bill Brayson.
“Yad ölkədə yad”, Robert Haynlayn.
“Alışdırma! Raket maye yanacağının qeyri-rəsmi hekayəsi”, Con D. Klark

Hazırladı: Eldar Tan


Tarix: 11.12.2015

3405