Joze Saramaqo: “Qloballaşma totalitarizmin yeni növüdür” - Müsahibə


Joze Saramaqo: “Bəziləri “kafirlərə ölüm” deyir. Kafirlər niyə ölməlidir ki? Heç bir uşaq, körpə boynunda hansısa dini simvolla doğulmur”.

Nobel mükafatçısı, Avropa solçularının sevimlilərindən biri, antiqlobalizmin banilərindən hesab edilən portuqal yazıçı Joze Saramaqo. Onun “Korluq”, “İsanın İncili” kimi romanları müasir ədəbiyyata öz damğasını çoxdan vurub. Saramaqo heç vaxt təqdimatı sevməyib. O, əsərlərində, sadəcə, vətəndaşların daxilində gizlətdiyi üsyankarlığı dilə gətirərək onların fikirlərini bölüşdüyünü söyləyir. Yazıçı kimi tanınmadığı dövrdə Saramaqo müxtəlif vəzifələrdə işləyib: usta, səhiyyə işçisi, nəşriyyat əməkdaşı, tərcüməçi və jurnalist.
1992-ci ildə Portuqaliya hökuməti “İsanın İncili” əsəri ilə bağlı onu əməlli-başlı sıxışdırır. Məhz buna görə yazıçı Kanar adalarına (İspaniya) köçür və nadir hallarda vətənində görünürdü. O, həmin günləri belə xatırlayır: “1991-ci ildə “İsanın İncili” kitabım çap edildi. Amma Avropa Birliyinin roman mükafatına Portuqaliya adından namizəd göstərilməsinə icazə verilmədi. Vətənimdə demokratiya varıdı, amma bu demokratik hökumət kitabımın namizəd göstərilməsinə qarşı çıxdı. Bəhanə də bu oldu ki, kitab portuqal katoliklərin hisslərinə toxuna bilər. Diktatura dövründə, onsuz da, çox şeyin yasaqlanmasına olan qadağaların qarşısını almağa çalışmışdıq. Amma demokratiyanın içində belə şeylə rastalaşanda, dözə bilmədim, Kanar Adalarına köçdüm”. Onun yaradıcılığı ilə bərabər, verdiyi müsahibələr hər zaman geniş rezonans doğurub. Yazıçı Aleksandr Zditoveçkiylə müsahibəsi də bu qəbiləndəndir.

- Hesab edilir ki, “11 sentyabr” hadisələrindən sonra dünya nizamsızlığa sürükləndi. Siz yer kürəsində ABŞ-ın hərbi, siyasi və iqtsadi sahədə dominant ölkə olmasına necə yanaşırsız?


Küləyi kim əkibsə, tufanı da o becərəcək. Fikrimcə, dünya heç 10 sentyabra qədər də mükəmməl olmayıb. Dünya nizam-intizamı kimə xidmət edir? Hər halda, kasıblıq həddindən aşağıda yaşayan 2 milyarddan çox insana deyil. Dünyada aclıqdan hər 4 saniyədə bir insan ölür. Və gəldik 11 sentyabra.
Guya, ABŞ bundan sonra anladı ki, zəif nöqtəsi var. Əldə olunan nəticə: ABŞ dünyada iqtisadi və siyasi sahədə hökmranlıq edir. Məqsəd elə bu idi. Qalan hər şey bəhanədir. Baxın, artıq imperiya gəlib, qorxaq dünya isə ona yalnız əl etməklə kifayətlənir.

- Bəs Avropa? Onun müasir dünyada rolu necədir?

Avropanın dünya nizamında heç bir rolu yoxdur. Avropa - şərt və tələblərdən asılı olaraq öz kaftar simasını insan hüquqları adı altında 100 qatlı qrimlə gizlətməyə çalışır.

- Anladığım qədər Avropanın birliyi sizi ruhlandırmır? Amma ideya gözəldir axı: ən kiçiyindən tutmuş böyüyünə qədər ölkələr birgə uğurla inkişaf edəcək.


Hər kəsin illüziya haqqı var. Supergüc ölkələr özlərində mövcud olan problemləri digər ölkələrdə necə həll edə bilər? Biz hələ inteqrasiya düşmənlərinin daha çox tənqid etdiyi milli bürokratiya üzərində hərəkət edirik. Bu hələ ən pisi deyil. Ən pisi olan bilirsiz nədir? Hələ də Avropa İttifaqının daxilində güc balansının dəyişməməsidir. Kim güclü idisə, öz gücünü hələ də qoruyur, zəif olanlar isə məhvə doğru gedir. Bu halda heç kəs güclü dövlətlər tərəfindən öz məqsədləri üçün qəbul edəcəkləri bütün siyasi və iqtisadi qərarlara qarşı çıxa bilməyəcək. Hətta bir sıra kiçik dövlətlər öz milli maraqları zərər görsə belə, bu tip qərarları məcburən qəbul edir.

- Hazırda Rusiya pezidenti Valdimir Putin Avropada məşhurdur. Onunla Rusiya iqtisadiyyatının güclənəcəyi ehtimal edilir. Siz Rusiyanın gələcəyini necə görürsüz? Hazırda onun yeni dünyadakı rolu nədən ibarətdir?

Mən hələ Rusiyanın dünyada hansı missiyanı yerinə yetirmək istədiyini anlaya bilməmişəm. Hesab edirəm ki, Rusiya öncə necə ölkə olmaq istəməsi ilə bağlı sualı özünə verməlidir. Çünki o, iyrəncləşmiş sosializmdən çıxıb murdar kapitalizmə girib. Avropa ona xeyir etdiyi üçün Mixail Qorbaçova əl uzatdı, Putin də sərf edir deyə alqışlayır. Bu qədər.

-Solçuların Avropada hökmranlığını aydınlatan mayakın işığı artıq sağçıları işıqlandırır: bir-birinin ardınca müxtəlif ölkələrdə sağçılar sandıqdan qalib çıxır. Necə hesab edirsiniz, solçu ideologiyası böhran dövrünü yaşayır? Bu nə ilə bağlıdır?

Bilirsiz, kapitalizm heç zaman aldatmır. Bunun sadə bir açması var. Kapitalizm sağa-sola vədlər paylamır. Kapitalizm sosial ədalət və ya hər kəsin varlı, gözəl həyat sürəcəyi barədə söz də verməyib. Digər iş - sosializmdir. O, xalqlara hər şeyi söz verdi. Lakin yerinə yetirə bilmədiyi işlərin çətinliyini görüncə, bu vədləri gələcək nəsillərə ünvanladı. Sovetlər “yeni insan” yaradacağı barədə söz vermişdi. Bəlkə də, bu varlıq var idi. Lakin ümumi korrupsiya bataqlığının içində məhv edildi.
Solçu ideyalarına gəlincə - solçuluq marksizm kimi vaxt keçdikcə yenilənmədi və nəticəsiz tesizlərlə öz işinə yekun vurdu. Və ya onlar şüuraltı olaraq mərkəzdənqaçma qüvvəsinin təsirinə düşdü, ya da kapitalizm tərəfindən açılan nahar süfrəsinin qonağı oldular. Digər tərəfdən, şəxsi eqoizm ucbatından bəziləri öz siyasi baxışlarını dəyişdi. Çünki kapitalizm bunu digər quruluşlardan daha yaxşı bacarır. Hazırda solçular səhranın ortasında səfil həyatı sürür. Ümidvaram ki, bir gün vahəyə rast gələcəklər.

- Necə hesab edirsiniz, hər hansı Avropa ölkəsində qatı sağçıların iqtidara gəlməsi mümkündürmü?

Görünən odur ki, hər şey buna doğru gedir. Hökuməti avtoritarizmlə qarışdıran sağçılar get-gedə daha çox öz güclərini nümayiş etdirməyə başlayır. Bununla isə diktaturanın yeni formasının yaranmasına bir addım qalır. Narahatlıq doğuran siqnallar bır sıra Avropa ölkəsindən daxil olmaqdadır. Bu yeni diktatorlar “Demokratiya” terminindən istifadə edərək birbaşa və dolayı yolla kütləvi medianı istifadə edəcəklər. Lakin vətəndaşlar onların vacib azadlıqlarının əlindən alındığını gec anlayacaqlar. Əhali bunt qaldırmasın deyə kompensasiya olaraq əyləncə və qara çörək alacaq.
Bundan əlavə kütlələri idarə etmək asandır və onları istədiyiniz tərəfə yöndəndirə bilərsiniz. O zaman kütlənin içində olan fərdlər də adi vaxtlarda etməyəcəyi şeyləri etməyə başlayırlar. Hazırda bəziləri “kafirlərə ölüm” deyir. Kafirlər niyə ölməlidir ki? Heç bir uşaq, körpə boynunda dini simvolla doğulmur. Məsələn, boynunda xaçla doğulan uşaq yoxdur. Yeni doğulan uşaqlar azaddırlar. Bir uşaq doğulur, hələ ki, vicdanı və şəxsiyyəti formalaşmayıb, bax, onun ən azad olduğu an o andır. Böyüdükcə çevrəsindəkilər onu başqalarına oxşamağa məcbur edəcəklər.

- Avropada ksenofobiyanın baş qaldırmasında mühüm rol olan immiqrasiyanın qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Ölkənin inkişafında digər dövlətin vətəndaşlarının iştirakını məhdudlaşdırmaq lazımdırmı?

Miqrasiya insanlıq tarixinin yaranışından mövcuddur. Bizim bu gün gördüyümüz mənzərə yeni deyil. Əgər hər hansı bir dövlətin iqtisadiyyatı tənəzzülə uğrayırsa vətəndaş digər yerə köç etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcək ki, uzaqlara getsin. Praktiki olaraq tarixdə bu cür yollara əl atmayan xalq tapmaq çətindir. Bu problemin həllinə gəlincə isə müxtəlif vasitələrdən istifadə etmək mümkündür. Məsələn: miqrasiya axınının qarşısını almaq üçün məhdudiyyətlər tətbiq edilməli, inteqrasiyanın yaxşılaşması üçün miqrantlar yerli əhaliyə adaptasiya olunmalı, iqtisadi inkişaf üçün miqrantlar yetişdirilməlidir.
Bu cür yanaşma olsa bu tipli ölkələr hərtərəfli inkişaf edər və hazırda mövcud olan probelm öz-özlüyündə aradan çıxar. Çünki insanlar yalnız yaxşı həyat üçün ölkələrini tərk edir...

- Sizi antiqlobalistlərin tərəfdaşı, hətta lideri hesab edirlər. Onların pafosları, qaldırdığı problemlər sizə yaxındırmı?

Dünya hazırda iqtisadi qlobollaşma dövrünü yaşayır. Fikrimcə, bu totalitarizmin yeni növüdür. Halbuki, biz hər gün demokratiya ifadəsini işlətsək də “Demokratiya” yoxdur. Çünki dövlətlərin idarəsi xalq tərəfindən seçilən hakimiyyətin əlində yox, transmilli monopoliyanın əlindədir.

Hazırladı: Günəş Fərhadlı


Tarix: 11.12.2015

3502