Gözəlliyi qəddarlıqla qoruyan samuray


“Hər kəs deyir ki, həyat - tamaşadır. Lakin bir çox insanlar bu fikirin doğruluğunu müəyyən müddətdən sonra anlayır. Lakin mən artıq uşaqlığım bitdikdən sonra bu fikirlə razılaşdım. Odur ki, mən də bu həyatda öz rolumu oynadım”. Yapon həyat tərzini, tarixini, mədəniyyətini yaxından öyrənmək istəyən şəxs mütləq onun əsərlərini oxumalıdır.

Bu şəxs Yaponiyanın dünya şöhrətli yazıçısı Yukio Mişimadır. Əsl adı Kimitake Xiraoka olan yazıçı özünə sonradan “Mişima” təxəllüsünü götürür. Bu ad isə təsadüfi seçilməmişdi. “Mişima” sözü yapon dilində “Ölümə məftun olmuş şeytan” mənasını verir. Yukio bir insanın həyatda nail ola biləcəyi bütün uğurları qazanmışdı. Üç dəfə Nobel mükafatına namizəd olmuşdu, incəsənətin bütün sahələrində özünü uğurla sınamışdı. Yazıçılıqla yanaşı, o, kino və teatrda rejissorluq edir. Bundan başqa Mişima aktyor və simfonik orkestrin dirijoru olur, hərbi qırıcıda uçur, dünyanı bir neçə dəfə səyahət edir, evli olduğu halda belə Qinzdedə yerləşən “Qey-Klub”a gedir, qılıncoynatmanın Kendo üzrə növündə beşinci danına sahib olur.



Yaponiyanın bu yorulmaz dünya şöhrətli yazıçısı, gəncliyində hədsiz dərəcədə zəif və xəstə olub. Samuray adətləri ilə böyüyən Mişima olduqca əzmkar, uğurlu bir insan idi.
45 yaşında intihar edən yazıçı qısa ömründə böyük işlər görmüşdü. Belə ki, yazdığı 40 romanın 15-i ölümündən əvvəl ekranlaşdırılır. Yapon teatrlarında səhnələşdirilən 18 pyes və onlarla hekayə və esse onun zəhmətinin bəhrəsiydi. Onun əsərləri daha çox Amerika və Avropada böyük maraqla qarşılanırdı. Qazandığı uğurlar onun şöhrətini bütün dünyaya yaymışdı.

Samurayın həyatı

Yazıçı 1925-ci ildə Tokioda məmur ailəsində anadan olur.Onun uşaqlıq illəri adi olmayıb. Daha doğru desək anormallığı ilə yadda qalıb. Mişimanın ailəsi onu qatı yapon aristokratik qayda-qanunlarıyla ətrafdan təcrid olunmuş formada tərbiyə etmişdi. Elə buna görə də gəlcək yazıçı bir çox psixoloji problemlər yaşamış və özünəməxsus həyat tərzi keçirmişdir. Doğulandan 7 həftə sonra onu nənəsi götürərək özü böyütməyə başlayır. Qoca qarı köhnə adət-ənənələrə sadiq qalan və qəddar qadın idi. Ağır xəstəlikdən əziyyət çəkən nənənin yanında 12 yaşına kimi yaşayan Mişima çox nadir hallarda bacı və qardaşı ilə görüşərdi. Hətta səs-küy salmaq da ona qadağan olunmşdu. Ağır uşaqlıq illəri onun psixologiyasına ciddi təsir etmişdi. İctimai həyatdan təcrid olan bu uşaq beynində fantaziyalar qurmağa başlayır. Cılız oğlanın beynində daim canlandırdığı səhnələr əksərən intihar və vəhşicəsinə törədilən qətllər olur. O, hekayələrin sonunda qəhrəmanın vəhşicəsinə qətlə yetirildiyini söyləyirdi.

Çox vaxt xəstə olan yazıçı məktəbdən yayınır. Lakin buna baxmayarq məktəbi şəxsən imperatorun əlindən aldığı gümüş saat mükafatı ilə bitirərək Tokio universitretinin hüquq fakültəsinə qəbul olumuşdu. Orada həm alman hüququnu, həm də alman romantizmini öyrənir. Tomas Mann və Fridrix Nitsşenin əsərləriylə maraqlanır. 15 avqust 1945-ci ildəki kapitulyasiya ilə əlaqədar Yaponiyada intiharların sayı artır. Mişimanın Dzemmey Hasuda adlı ruhi tərbiyəçisinin Malaziyada intihar etməsi ruh düşkünlüyü keçirən yazçını dərindən sarsıdır. Məhz uşaqlıq illərindəki psixoloji problemlər, gənclik illərində rastlaşdığı intiharlar Yukio Mişimanı əzab çəkən və sonra da fövqəladə hərəkətlər edib daha da çox məyus olan obrazlar yaratmasına səbəb olur.

Universiteti bitirdikdən sonra Mişima, Yaponiya Sənaye Bankında və maliyyə nazirliyində çalışır. Misima iş həyatı ilə yanaşı, ədəbiyyat sahəsində də fəaliyyət göstərir. Onun ilk əsəri “Oğru” adı ilə yayımlanmışdır. Mişima ilk romanı ilə məşhurlaşdı. “Maskanın etirafları” 1949-cu ildə yazıldı və o dəqiqə də ən çox oxunan romanlar siyahısına düşdü. Bu romanda Mişima, əslində, öz homoseksual xarakterini açırdı. Roman yazılmazdan qabaq Mişima maliyyə nazirliyində işləyirdi, roman çıxandan sonra işdən qovulan yazıçı bütün həyatını yazmağa həsr edir.

Bir müddət sonra isə Mişima, sonradan münasibətlərinin siyasi motivlərə görə pozulduğu Fusao Hayasi adlı yazıçı ilə tanış olur. Onun yapon ədəbiyyatı dünyasında möhkəm yer tutmasına səbəb olan, özündə homoseksuallıq motivlərini əks etdirən digər, “Sevgi ehtiyacı” (1950), “Qadağan olunmuş həzz” (1951) əsərləri, yaradıcı həyatının ilk səhifələri idi. 1951-ci ildə dünya səyahətinə çıxan və bir il sonra qayıdan Mişima, daha sonra idmanla ciddi məşğul olmağa, yaradıcılıq istiqamətini dəyişərək, klassik yapon ədəbiyyatı və Mori Ohayanın, Tomas Mannın təsiri altında, yapon ədəbiyyatının ən çox oxunan əsərlərindən hesab edilən “Qızıl Məbəd” romanını yazmağa başlamışdır.

Uğurdan xarakireyə gedən yol.

1960-cı ildə milli adətlərə yeni nəfəs vermək həvəsi ilə alovlanan Mişima hərbi-patriot çıxışlar edir. Çünki öz siyasi baxışlarına görə, o, monarxiyanın tərəfdarı idi. O, konstitusiya və demokratik dəyərlərə qarşı çıxaraq Yaponiyanın ordu yaratmağının tərəfdarı olur. Çünki konstitusiyaya əsasən Yaponiyada özünümüdafiə qoşunları mövcud ola bilərdi.

1966-cı ildə Mişima rəsmi şəkildə radikal sağçılara qoşulduğunu bəyan etdi və Özünümüdafiə Qüvvələrinə üzv oldu. Bu ərəfələrdə Mişima yapon adət-ənənələrini, samuray qaydalarını dirçəldən əsərlər yazmağa, monarxiyanı açıq şəkildə müdafiə etməyə başladı. 1968-ci ilin yayında Mişima özünün hərbiləşmiş tələbə təşkilatını, “Qalxan cəmiyyəti”ni yaratdı. Xəyallarla gerçəklik arasında çırpınan Mişima komplekslərindən xilas ola bilmirdi.

25 noyabr 1970-ci ildə 4-ildən sonra “Mələyin enişi” romanını bitirdikdən sonra hərbi formanı geyinərək belinə qədim Samuray qılıncını bağlayır. Qısa olaraq : “İnsan həyatı sonsuz deyil, mən əbədi yaşamaq istəyirəm. Mişima Yukio” - məktubunu yazır. Evin kandarında onun yaratdığı “Qalxan cəmiyyəti”nin dörd üzvü gözləyirdi. Səhər saat 11-də Yaponiyanın Özünümüdafiə Qüvvələrinin İtiyaqadakı qərargahına gəlir. Qərargahda Yaponiyanın dünya şöhrətli yazarını və onu müşayət edən yoldaşlarını hörmətlə qarşılayırlar. Çünki onlara bununla bağlı xüsusi göstəriş verilmişdi.



Ona görə də onun soyuq silahına heç kəs toxunmur. Məhz buna əsasən onları birbaşa generalın otağına aparırlar. General Kenri Masite onları hörmətlə qarşılasa da Mişima generalın otağına başqa məqsədlə girmişdi.
General yazıçınının 16-cı əsrə aid qılıncına baxan zaman dostları onun əmri ilə generalın əl qolunu bağlayır.

Generalın girov götürüldüyü elan olundu və tələblərə bildirildi. Dərhal hadisə yerinə polislər gəlsə də, müdaxilə etməyə tələsmirdilər. Bu zaman yazıçının tərəfdarları eyvana çıxaraq üzərində hakimiyyətin dəyişdirlməsi tələbini özündə əks etdirən kiçik vərəqləri atmağa başladılar.

Mişimanın əmri ilə Yaponiya Özünümüdafiə Qüvvələrinin əsgərləri və “Qalxan cəmiyyəti”nin üzvləri meydanda düzüldülər. Sonra Mişima özünün sonuncu çıxışını edir: “Siz Yaponiyanı, imperatoru müdafiə etmək üçün ayağa qalxmalısınız… Konstitusiyanı dəyişmək üçün başqa şansınız olmayacaq!”.

Yazıçı düşünürdü ki, onun çıxışından ruhlanan ordu parlament binasına hücum edib onu ələ keçirəcək. Amma hər şeyin əksi olur. Onu tənqid edirlər, sözünü kəsirdilər. Artıq onu ələ salmağa başlayanda Mişima sakit durur və özünün təhqir olunduğunu hiss edir. “Yaşasın imperator!” deyib eyvanı tərk eləyir.

Təhqir olunmuş Mişima bir samuray kimi öz şərəf və ləyaqətini qorumalı idi. Bu isə seppukudan (xarakiri - qarnın yarılıb, daxili orqanların çölə çıxarılması) keçirdi. Mişima mundirini çıxarıb qədim samuray qılıncını qarnına soxdu. Lakin qılıncın dərinə işləməsi bu dəfə də yazçının işinə mane olur. Belə ki, qılınc onurğa sütununu zədələdiyi üçün Mişima xarakiri qaydalarına uyğun olaraq qılıncı qarın nahiyəsində çevirmək gücündə qalmadı. Samuray qaydalarına əsasən xarakiri edən şəxsin lap axırda ən yaxın dostu tərəfindən başı kəsilməliydi. Bu şərəfəli iş dostu Moritanın üzərinə düşür. Onun iki cəhdi uğursuz olduğundan, digər dostu Koqe qılıncı Moritadan alıb can verən Mişimanın başını bədənindən ayırdı.

Eyni qılıncla Morita da seppuku etdi və Koqe onun da boynunu vurdu.
Beləliklə, yapon ədəbiyyatının ikinci dalğası ilə yaranan, Yapon milli ənənələrinin parlaq nümayəndəsi də bu cür həyatla vidalaşdı.

Mişima hesab edirdi ki, gözəllik hamıya özünü müvəqqəti olaraq göstərir, lakin heç kimə aid olmur. Gözəllik çox qəddardır.


Tarix: 15.12.2015

3497