Günəş ölkəsinin böyük gözlü sənəti



Yaponiyanın öz ənənəvi dəyərləri və sırf xalqa məxsus adətləri ilə dünya elmində, robot mühəndisliyində etdiyi inqilabi işlər empirik elm tərəfdarlarının müzakirəsinə çıxarıldı. Ötən əsrin ortalarından Yaponiya modelinin sirrini öyrənən Avropa beyin mərkəzləri dəfələrlə mediada Yaponiya ilə bağlı analiz bukletləri yayımladılar. Lakin nə qədər Yaponiya fəlsəfəsinin və kültürünün özünəxaslığını qeyd etsək də, digər bir məsələ də Yaponiya incəsənəti və ədəbiyyatının da dünyada uğur qazanmasıdır. Baxın, məsələn, isveçrəli elm adamları artıq kult halını alıb, buna rəğmən rəngkarlıqda da onların ciddi uğurları mövcuddur, amma nə özlərinə xas musiqi janrının varlığı, nə də Maks Frişin yaradıcılığından başqa İsveçrə ədəbiyyatında dünya səviyyəli ələ alınacaq ədəbi örnəklər yoxdur.


Rorti xalqları öz mənəvi bölgülərinə əsasən ayırırdı və burada diqqət çəkən məsələ Yaponiyanın yeridir. Yapon xalqının çevikliyi sayəsində onların bütün sahələrdə ciddi nailiyyətlərə səbəb olacağını qeyd edən Rorti, yapon zəkasını “dünyanın sərhədlərindən kənar qaynaqlanan əql” hesab edirdi. Yapon kültürünün zirvəsində karikatura sənətinə bəxş etdikləri, kiçik yaşlarımızdan bir çoxumuzun zövqünü oxşayan “manga hadisəsi” dayanır. Manga, yapon çəkmə sənəti “anime” ilə ortaya çıxır. Yaponca mənası animasiya sayılır, amma anime fransız dilində yayılan sözdür. Animelər özlərinə xas orijinallığa malikdir, yəni burada elə qəribə təsvirlər var ki, baxan kimi yaponlra xas olduğunu bilirsən.

Orta məktəb illərində məktəb önlərində rəngli satılan posterlər var idi, onları alıb dəftər, kitablarımıza yapışdırırdıq, yapon təsviri sənətinə xas olan nümunələr duyğunun aydın təsviri ilə seçilirdi. Hətta cizgi filmlərində belə adi göz yaşlarından, qəhqəhəyə qədər bütün insan reaksiyaları necə təbii alınır deyə heyrət edirsən. Çəkənlər incə ruhlu və estetik qabiliyyəti yüksək insanlar olduğu üçün yapon çəkmə sənəti də uğur qazanır. Animelər yapon televiziyalarına dərgilərdəki komikslərin sıçraması ilə yaranır. Animelərin özəlliyi insan gözlərinin daha böyük çəkilməsidir. Çin komikslərində insanların gözləri qıyıq, olduğu kimi çəkilsə də, yaponlar, elə bil öz gözlərindən qaçırlar. Bütün personajların gözləri adətən çox böyük çəkilir. Bunun səbəbini izah edən yapon karikaturistlər yaponların insan bədəninin təsvirində psixoloji olaraq daha çox gözə fokuslandığını, bu səbəbdən də özlərinin həmin texnikadan yararlandığını qeyd edirlər. Animelər əllə də çəkilir, ancaq daha yaxşı alınanları kompüter və qrafik dizayn ilə çəkilənlərdir. Çəkilənlər iki qismə bölünür. Sırf kiçik yaşlı uşaqlar üçün olan animelər məsləhət xarakterlidir, ya da uşaqlara xas məntiq oyunları ilə zəngindir, amma böyüklər üçün olanlarda savaş, seks, cinayət, illeqal strukturlar və sair məsələlər qabardılır, hadisələr üzərindən çox təsirli mesajlar ötürülür.

Animenin ilkin yaradıcı ismi Osamu Tezuka sayılır. Yüksək görüntülü oyunlar ortaya çıxana qədər mövcud olan, həmyaşıdlarımızın 10-11 yaşları ərəfəsinə təsadüf edən sadə strukturlu oyunları xatırlayaq. O oyun kasetlərinin arxasında Amerika istehsalı olduğu yazılırdı, amma ideya qaynağı kimi bir çoxunda Osamu Tezukanın adı qeyd olunurdu. Tezuka kiçik animasiyalar çəkirdi, ilk başlarda Qərbin cizgi sənətindən təsirlənsə də, sonralar sırf “yapon malı” sayılan orijinal animeləri yaratdı. Osamunun gənclik illərində Yaponiyada elmi laboratoriyalardan kənardakı bütün yaradıcılıq aktlarına çox az maliyyə ayrılırdı. Həmin vaxt Avropa və Amerikada bu işlər üçün geniş büdcələr mövcud olsa da, Uzaq Şərqin sahillərində bu sahələrə çox diqqət ayrılmırdı. Buna baxmayaraq, asudə vaxtlarını səmərəli keçirməyin yollarını axtaran yaponlar yavaş-yavaş alternativ sənətlərin təmərküzləşməsinə səbəb oldu, televiziya şoularında 20-ci əsrin ikinci yarısından sonra animelər yayımlanmağa başlandı. Bu gün nəinki Yaponiyada, bütün dünyada Osamu Tezuka “animasiya elçisi”, “manga Tanrısı” adlanır.

Animenin “Meça” tərzi günümüzə qədər aktuallığını qoruyur. Daha açıq və ağ-qara rənglər üzərinə fokuslu Meçalarda xəyali varlıqlarla insanların dialoqları teatr və kütləvi nümayiş arenalarında istifadə olunur. “Gundam” animesi 80-ci illərin möhürü halına gəldi. “Makross” meçası da 1985-ci ildən bir çox dillərə tərcümə olundu, həm də yaponlar o qədər aydın çəkirdi ki situasiyaları, bu, yeni yaponmərkəzli təsviri sənət nümunələrinin yaranmağı ilə nəticələnirdi. Animenin belə aktual qalmağının səbəbi yüksək texnologiyası və bədii alt qatı ilə hər yaşda insana xoş gəlməsi və izləyəni tamam fərqli bir dünyaya daxil etməsidir. Cizgi filmi tərzinə yaxın olsa da, yeniyetmələr üçün olan animelər həm dramatikliyi ilə, həm də hadisələrin təfərrüatlı izahları ilə bildiyimiz digər cizgi filmi tərzlərindən çox fərqlənir. Şimali Avropada məktəbəqədər təhsil müəssisələrində yapon animeləri tərbiyəvi dərs saatlarında istifadə olunur.

Həmişə mənə maraqlı gəlirdi, niyə yaponların çəkdikləri obrazlar böyük gözlü və uzun ayaqlı olur? Başqa ölkələrin psixoloqları yaponların öz balaca boylarından və qıyıq gözlərindən kompleks keçirdiyi üçün buna ehtiyac duyduğunu yazırlar. Lakin yapon sənətşünaslar bunun belə olmadığını vurğulayır. Çünki yaponlar qərbli obrazların daha maraqlı olacağını düşündüyü üçün bundan istifadə etdilər, yaponların daha çox qərbli olmaq üçün istifadə etdiyi bu üsulu ingilislər də təkrar etdi və məşhur Robin Qud obrazının animasiyalarında böyük gözlü və uzun ayaqlı personajlardan istifadə olundu. Ümumiyyətlə, xarici görkəmi özünə bənzəməyən obrazlar yaratdığı üçün Uzaq Şərq toplumlarını qınamaq olmaz, nəzərə alaq ki, məişət səviyyəsində bu gün dünyada bir çox qadın dikdaban ayaqqabılar geyinir.

“Vayt Sneyk Erkantress” animesinin Venesiya və Berlin festivallarında mükafata layiq görülməsi 1960-cı ildən sonra dünya film korporasiyalarının Yaponiyaya axın etməsinə təkan verdi. “Günəş oğlu Esteban” fransız-yapon birgə işinin nəticəsi kimi ortaya çıxdı və illərdir usanmadan insalar eyni maraqla həm komiksləri oxuyur, həm də cizgi filmi şəkilində televiziyalarda yayımlanan Esteban ilə istirahət edirlər. Bütün bunları nəzərə alan Disney firması Yapon şirkəti Tokuma ilə 1996-cı ildə əməkdaşlıq müqaviləsi imzaladı, Gibli studiyasının animelərini dünya səviyyəsində tanıtmağa başladı və reklam gəlirləri nəticəsində bu əməkdaşlıq ağlasığmaz maddi gəlirlərə səbəb oldu.
Anime karikatura, rəssamlıq və təsviri sənətə aid bütün işlərdən bir neçə səbəblə fərqləndi. Ən başda anime fanatları özləri müstəqil karikaturistlər olmağa başladı və dünyada yeganə yapon cizgi sənətidir ki, fan terminlər ortaya çıxardı. “Fan Art” anlayışı buradan populyar kültürə sıçradı. Animelərin heyranı olan insanlar kütləvi olaraq özləri də məşhur obrazların animasiyalarını, karikaturalarını çəkdilər, müstəqil komikslər və satirik jurnallar çıxardılar. “Fan Fikşn” adlı yeni dövr Qərb ədəbi tənqid dərnəkləri də öz kökünü Yaponiyadan alır. Bu anlayış Yaponiyada animelərə hekayə yazan, onları ədəbi biçimə salan yapon anime çəkənlərinin istifadə etdiyi anlayış idi, bu gün də Yaponiyada yeni çəkilən işlərdə əhali arasından kastinqlərlə müxtəlif yeni obraz çəkənlər işlə təmin olunur. Çəkilənlərə müxtəlif karaokelər və musiqi yükləyərək, video qeyd halına salan anime fanatları “fan sub” adlandı və indi ciddi dərnəklər və klublara malikdirlər. Anime çılğınlığı bununla da bitmədi, “Cosplay” vasitəsilə bəyənilən animasiya qəhrəmanlarının geyimləri, makiyajları, insanlar tərəfindən səhnələrdə təqlid edildi. Beləliklə, kağız üzərindən böyük kütlələr qazanan və sonralar bir çox cizgi filmlər və seriallara çevrilən manga animelər hamının yaddaşına iz saldı.

Azərbaycanda ən çox sevilən obrazlardan və bu seriyadan çıxan qəhrəmanlardan bir neçəsindən bəhs edim. Yəqin ki, “Pokemon” hamımızın yadındadır. Yapon oyun qurucu Tajiri tərəfindənda yaradılan bu manga seriyası, real həyatda mövcud olmayan, qəribə sehrli güclərə malik, heyvan mənşəli canlılardan bəhs edirdi. Pikaçu, Çarmendr, Skörtl adları kimin yadından çıxar ki? Geyim sənayesində, məktəbli çantalarında, elektronik məhsullarda onların şəkillərindən və simvollarından hələ də istifadə olunur. Balaca bir topun içərisində olan bu varlıqların haqq uğrunda döyüşləri və insan sevgisi tərbiyəvi funksiyası ilə seçilir. Təəssüf ki, sonrakı illərdə Pokemonun yeni seriyaları çəkilmədi. Pokemon düz 17 il dayanmadı, 17 film, 9 qısa film və daha nələr-nələr... “Sonik X” da yapon anime obrazıdır. Mavi rəngli kirpinin mübarizəsi dərgilərdən film sənayesinə, kompüter oyunlarına sıçradı. Yaponca “Bishojo Senshi Sailor Moon” adlanan, dilimizə tərcümədə “ay savaşçısı” olan anime məşhur manga yaradıcısı Naoko Takeuçinin məhsuludur. Ana mövzusu Ayda mövcud olan krallığın müdafiəsiylə məşğul olan qızların şeytana və onun missiyasını davam etdirən düşmənlərə qarşı mübarizəsindən ibarətdir. Burada istifadə olunan fantastik ünsürlərin hər biri simvoldur və mifoloji mənaları var. Siyahını çox uazatmadan qeyd edim, “Dicimon”, “Beybleyd”, “Yu-Gi-Oh” ilk dəfə manga və karikaturalar ilə yarandı və sonradan dünyada sevilən filmlərə, cizgi filmlərinə, hekayələrə təsir göstərdi. Manganın söz olaraq istifadəsi 18-ci əsrdən başlayır, 19-cu əsrdən sonra populyarlıq qazansa da, öncələr ağaclar üzərində çəkilən karikaturaları ehtiva edirdi, çin dilindən götürülən “man”- qayğısız və “ga”- rəsm sözlərindən manga anlayışı ortaya çıxdı. Yaponiyanın dünyada elm və texnologiyadan başqa necə böyük yeniliklərə imza atdığını və nələrə səbəb olduğunu biləndə insanın özlüyündə suallar yaranır, niyə biz də elə ola bilmirik skeptikası ilə məşğul olursan.
Yapon təsviri, karikaturası böyük işlər gördü, sayısız layihələrə imza atdı və dünyada neçə-neçə sevilən mətnlərin, obrazların ortaya çıxmağı ilə yekunlaşdı. Növbəti yazıda yapon ədəbiyyatı və rəssamlığında karikaturanın necə hadisələrlə iç-içə olduğunu görəcəyik.

P.S. Öldürülən karikaturistlərdən birinin dediyi kimi, çəkilən bir karikatura, təsvir böyük dəyişikliklərə səbəb ola bilər.


Tarix: 16.12.2015

4108