Günter Qrass: “Zamanın ömrü məhduddur” - Müsahibə


Günter Qrass: “Hazırda kapitalizm özü-özünü məhv edir: dünyanı gəzən virtual pulların real iqtisadiyyatla heç bir bağlılığı yoxdur”.


Yazıçısı, heykəltəraş, rəssam və müasir alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, Nobel mükafatına laureate Günter Qrass. 1927-ci ildə Dansiqdə ərzaq məhsulları ticarətçisinin oğlu kimi dünayaya gələn yazıçı katolik kaşub mənşəli idi. 1956-1957-ci illərdən başlayaraq o ədəbiyyatla məşğul olmağa başlayır. Qrass bu ərəfədə hekayələr, şeirlər, pyeslər yazır.

“Tənəkə təbili” də bu dövrdə yazılmışdır. Bu romana görə Günter Qrass “47-lər qrupu” tərəfindən mükafata layiq görülür. 1979-cu ildə onun bu əsəri rejissor Folker Şlendorfer tərəfindən ekranlaşdırılır. Bu film 1979-ci ildə Kann festivalında “Qızıl palma budağı”na layiq görülür. Eyni zamanda həmin film “Oskar” mükafatı da alır.

“Tənəkə təbili” romanı kitab şəklində 1959-cu ildə nəşr olunmuşdur. Romanda tarixi hadisələr sürrealist şəkildə təsvir olunur. Bu romanın yazılma üslubu sonralar Qrassın ədəbi yaradıcılığını müəyyən etmişdir. Onun ikinci romanı “Pişik və siçan” İkinci Dünya müharibəsi ərəfəsində gənc Yoaxim Malkenin əhvalatını təsvir edən bir romandır. Bu kitab, içində təsvir olunmuş intim əhavlatlara görə Almaniyada böyük hay-küyə səbəb olur.

Seçkilərdə Günter Qrass Sosial Demokratlar Partiyasını dəstəkləyir və 1982-ci ildən partiyanın üzvü seçilir. 1990-cu ildə Almaniyanın indiki şəkildə birləşməsinin əleyhinə çıxan Qrass bunu yenidən hərbi bir dövlətin yarana biləcəyi qorxusu ilə izah edir.

1985-ci ildən cazmen Günter Zommerlə birlikdə bir neçə qeyri-adi yazılar buraxır. O, caz musiqisi altında öz əsərlərini oxuyur. 1999-cu ildə 72 yaşlı Günter Qrass ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülür. 2005-ci ildə o, “Lübek ədəbiyyat görüşləri” adlı ədəbi dərnəyi təşkil edir. Lübekdəki evində onun əlyazmalarının böyük hissəsi saxlanılır. Günter Qrass 13 aprel 2015-ci ildə Lübek şəhərində vəfat etmişdir.

Ölümündən 3 həftə öncə Nobel mükafatı laureatı Günter Grass Üçüncü dünya müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib. Grass İspaniyanın “El País” qəzetinə müsahibəsində ölümündən əvvəl bəşəriyyətin gələcəyi haqda narahatlığını ifadə edib.

- İnsan olaraq sizi hər gün şeir yazmağa nə ruhlandrır?


İlk kitabım 50-cı illərdə işıq üzü gördü. Bu şəkilləri olan şeir kitabı idi. Daha sonra “Tənəkə təbili” romanı üzərində işləməyə başladım. Bu zaman Qərbi Berlində yaşayırdım və daş yonma üzrə praktika keçirdim. Romanın sonunu yekunlaşdırmaqdan ötrü mənəvi dünyamı ruhlandırmaq üçün incəsənətin yeni növünə meyl salmalı idim. Bax bu poeziya idi. Çünki romanımda mövcud olan müxtəlif personajların içində naməlumluğa doğru gedirdim. Özümdən uzaqlaşmağa başlamışdım. Müəyyəm mənada özümə qayıdıb gücümlə barışmaq istəyirdim.

- Və çəkməyə başladınız?

Çoxlu şəkillər çəkdiyim zaman yenidən poeziyaya, ədəbiyyata qayıtmaq istəyirdim. Özümü tapmaq və eyni zamanda harada olduğumu anlamağa çalışırdım. Əvvəl gördüyüm bütün işlər məni özümdən uzaqlaşdırırdı.

- Özünüzə qayıdan zaman nə aşkar edirdiniz?

Artıq 50-60-cı illərdə eynəkdən istifadə etməyə başladığım zaman bu mövzu barədə roman yazmağa başladım. Poemada iddia edirəm ki, eynəkdən hər şey öz çılpaqlığı, bütün əyrilikləri ilə aydın və dəyişdirilmiş formada görünür. Həyatın necə keçdiyini qocalmağımdan hiss edirəm və bədənin bir hissəsinin sıradan çıxması zamanı təmirxanaya getmək lazım olduğunu da gözəl bilirəm. Mən artıq anlayıram ki, hər şeyin sonu var.

- Siz bu hissi hər zaman, hətta cavan olduğunuz zaman belə duyurdunuz?

Mən Haydeggerin yox, Kamyunun fəlsəfi ideyalarının təsiri altında olduğum üçün bunu tez anladım. Yəni biz hazırkı dövrlə yaşayırıq və həyatımızı özümüz idarə edə bilərik. Hər şey bizdən asılıdır. Bütün bunlar müharibədən sonra oxuduğum Kamyunun “Sizif haqqında mif” əsərində öz əksini tapıb. İllər sonra anladım ki, insan özünü məhvetməyə məhkumdur. Hesab edilirdi ki, dünyada baş verən aclıq və quraqlıq təbiətdə mövcud olan təbii prosesdir və bunu geri qaytarmaq mümkün deyil.

İlk dəfə olaraq insanlar etdikləri səhvi boynuna aldılar. Odur ki, bizim insanlığı məhv etmək və ya əksinə, dünyanı təhlükədən qurtarmaq üçün gözəl imkanımız var. Yoxsulluqdan sonra fəsadını hesablaya bilməyəcəyimiz qədər təhlükəli və dünyanı məhv edə biləcək qədər güclü olan iqlim dəyişikliyi gəlir. Sonsuz iclaslar və müzakirələr keçirilir. Cifayda. Problem öz yerində qalıb və görünən odur ki, bunun aradan qaldırılması üçün konkret addımlar atılmır.

- Bütün bunların fonunda isə problemlər durmadan böyüyür.

- Bura əhali sayının çoxalmasını da əlavə etmək lazımdır. Bütün bunlar məni bir fikrin üzərində dayanmağa vadar edir: “Zamanın ömrü məhduddur”. Planetimizin yaşadığı həyatı da nəzərə alsaq biz yalnız qonaq kimi qısa ömür sürürük. Özümüzdən sonra atom artıqları qoyacayıq. Bu haqda mən 70-80- ci llərdə yazdığım iki epik romanda daha geniş anlatmışam. Yuxarıda da qeyd etdiyim kimi insan özünü məhv edir.

Bəzən qalibiyyət insanları axmaqlaşdırır. Məncə, qalib müharibə haqqında düşünməyəcək və ondan heç bir dərs çıxarmayacaq. Uğursuzluğumuz ucbatından bizim kiçik, amma çox mühüm bir üstünlüyümüz ortaya çıxır. Bu sarsıntını yaşadıqdan sonra hər şeyə yeni səhifədən başladıq, başqa perspektivləri gördük, keçmişə yeni gözlə baxdıq və hətta ədalətsiz addımları yenidən mənalandıra bildik.

- Müharibə. Onun sizdə və sizin nəslin nümayəndələrinə vurduğu yara dərindirmi?


Şərtsiz. İkinci Dünya müharibəsi bütün insanlarda dərin iz qoydu. Dəhşətli olan odur ki, illər keçməsinə baxmayaraq bu müharibənin səsləri hələ də qulağımda səslənir. Məhz buna görə, həmyaşıdlarım hazırda dövlətlər arasında baş verən hər hansı bir gərginliyə ciddi yanaşır. Hazırda biz üçüncü böyük müharibəyə doğru gedirik.

İkinci Dünya müharibəsi Almaniyanın Polşaya girməsindən yox, İspaniyada vətəndaş müharibəsi qeydə alınandan başlamışdı. Almaniya üçün İspaniyada vətəndaş qarşıdurması, İtaliya, SSSR və digər ölkələrə hücum yeni silahların istifadəsi üçün əla fürsət idi. İndi hər yerdə qan tökülür. Biz əvvəlki səhvlərimizi təkrarlamağa risk edirik və şüursuz şəkildə somnambulistlər kimi növbəti dünya müharibəsinə gəlib çıxa bilərik.

Hazırkı vəziyyət çox kritikdir. Hazırda biz Ukrayna, digər tərəfdən İsrail və Fələstindəki hadisələrin şahidiyik. Orada vəziyyət daimi olaraq pisləşir. Amerikalıların özlərindən sonra faciə ilə üz-üzə qoyduğu İraq, İŞİD vəhşilikləri və demək olar ki, xəbərlərdən yoxa çıxmış Suriyanın problemləri. Buna baxmayaraq, insanlar bir-birilərini öldürməyə davam edirlər. Biz yeni dünya müharibəsinə doğru gedirik.

- Siz “Mənim Yüzilliyim”də 20-ci əsrin qara səhifələrinin 21-ci əsrdə açıq qalacağını iddia edirdiniz. Hər iki əsri fanatizm birləşdirir. Necə hesab edirsiniz, bunu 21-ci əsr insanın böyük günahı hesab etmək olarmı?


Mən belə deməzdim. Asan olmasın deyə heç zaman “bu yaxşıdır, bu pisdir” demirəm. Buş şər qüvvələr haqqında danışardı. Nəticə. Bütün bunlar ağla qaranın ayrılmasına və probelmin həll edilməsi əvəzinə dərinləşməsinə gətirib çıxardı. Əsas odur ki, tarixdən nəticə çıxaraq.

Məsələn: Birinci Dünya müharibəsindən sonra nə baş verdi? - Osmanlı imperiyası dağıldı, Balkan ölkələrinin sərhədləri dəyişdi, neft vacib faktora çevirildi. Fələstin İngiltərənin, Suriya Fransanın kaloniyası idi. Gördüyünüz kimi, neft amili qabardıqdan sonra həmin torpaqlarda dəyişən heç nə yoxdur. Odur ki, tarixə baxış indiki zamanı gözəl təsvir edir.

- 21-ci əsrin insanlarının yaxşı olacağına ümid varmı? Niyə siz Üçüncü Dünya müharibəsi haqqında danışanda gələcəyə pessimist baxırsınız?

Bu, pessimizm deyil. Mən tarixin səhifələrində faktlara əsaslanan təcrübə və səhvlərə baxaraq nəticə çıxarıram. Bütün bunlar məndə bəşəriyyətin gələcəyinin yaxşı olacağına şübhə yaradır. Digər sual ondan ibarətdir ki, insan keçmişin səhvlərindən nəticə çıxara biləcəkmi?

Gəlin hazırda Rusiyanın mövcud münaqişələrinə nəzər salaq. SSSR-nin dağılmasından sonra daha dəhşətlisi Yelçin və Putinin gəlməsi oldu. Sonra Putin, daha sonra yenə Putin..! O, vətənini yenidən qurmaq istəyir. Putin 1988 və 1990-cı illərdə Qərbin söz verməsi fonunda ölkəsinin dağılmasını gördü. NATO isə sərhədlərini yaxınlaşdırdı. Rusiya öz tarixindən nəticə çıxarıb. Napoleon və Almaniya 27 milyon insanın həyatına son qoyub. Odur ki, Rusiya sərhədinə yaxınlaşan düşmənindən qorxur.

Lakin mən bununla Rusiyanın Krımın ilhaqına haqq qazandırmaq istəmirəm. Bunu qəbul etməsək də, anlamaq lazımdır. Bax biz bunu etməliyik - Rusiyanı anlamaq.

- Biz onu anlaya bilmirik...

- Biz öz səhvlərimizi dərk etmək bacarığını itirmişik. Xüsusən də 1989-cu ildə etdiyimizdən sonra. Sovetlər dağıldıqdan sonra Varşava müqaviləsi də öz əhəmiyyətini itirdi. Lakin NATO öz təzyiqini azaltmadı. Rusiyanın da tərkibində olacağı kollektiv təhlükəsizlik təşkilatının yaranması istiqamətində ciddi addım atılmadı. Bu ən böyük səhv idi. Ukraynaya Avropa İttifaqının bir hissəsi olacağına söz vermişdilər. Bu sözü NATO da verdi. Təbii olaraq Rusiyanın buna cavabı çox ağrıverici oldu.

Putinin bütün reaksiyalarının səbəbi var. Baxmayaraq ki, biz iqtisadi və maalliyə sahəsində birgə əməkdaşlıq edən Avropada yaşasaq da, xarici siyasətdə birgə əməkdaşlığı özündə birləşdirən vahid konsepsiyamız yoxdur. Biz hələ də uzaq olmasına baxmayaraq Amerikadan asılıyıq. Əgər hakimiyyətə respublikaçılar gəlsə silahlanmanın yeni dövrü başlayacaq.

- Sizin qələminizdən bir çox alleqorik obrazlar ərsəyə gəlib. Ən məşhuru – Oskar Maçeratdır. Bu qəhrəman heç zaman böyüklərin dünyasında böyüyüb yaşamaq istəmirdi. Bu obraz bu gün üçün keçərlidirmi?


- 20-ci əsrlə 21-ci əsr arasında fərq ondadır ki, ötən əsrdə hər hansı bir ideologiya arxasınca getmək xarakterik idi. Söhbət təkcə İtalya faşizmi, alman milli-sosializmi, kommunizm və kapitalizmdən getmir. Bunlardan yalnız kapitalizm yaşamağı bacardı. Çünki kapitalizm formasını dəyişməyi bacarır . Hazırda isə o, özünü məhv edir: dünyanı gəzən virtual pulların real iqtisadiyyatla heç bir bağlılığı yoxdur. Virtuallıq 20-ci əsrə xas deyil. Odur ki, bu günki Oskar tamam ayrı bir insan olardı və başqa problemlərə qarşı mübarizə aparardı. Ətrafda axı dəyişən çox şey var. 20-ci əsrdə proletar, kiçik burjua cəmiyyətinin nümayəndəsi olan Oskar bu gün xaker və ya buna oxşar bir şəxs olardı və onun qarşısında ayrı çağırışlar durardı.

- Siz Oskar Maçerat olmusunuz?

- Mən böyüməyimi dayandıra bilmədim!.

- Bunu etmək istəyərdiniz?

- Yox. Həqiqətən yox. Mən Oskar deyiləm. Əslində, Maçerat obrazı böyüdülmüş lupası olan ikiqat güzgüdür. Bir tərəfindən ona görə yanğın baş verə bilər, digər tərəfindən isə o, 20-ci əsrin infantilizmini əks etdirir. Və mən onun nümayəndəsi olmaq istəməzdim.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 21.12.2015

3182