Səhnə arxasının qəhrəmanları



Jan Bodriyar çağdaş dünya insanının kültür inteqrasiyasına maraqlı olmağının səbəblərini insanların tək və ayrı şeylərdən bezməsi ilə əlaqələndirirdi. Sənətin inkişaf etdiyi ilk illərdə səssiz film və Çaplinin işlərindən vəcdə gələn film sənayesi sonrakı illərdə öz arealını və təbii ki, məqsədlərini genişləndirməyə başladı. Psixoanalitik Erix Fromm rəngli dünyanın rəqabətlilik meyarlarını fərdlərin dünyaya baxışları ilə izah edirdi və paradoksal situasiyanın yarandığını iki səbəblə göstərirdi: 1) Artıq bir janr və sujetlə heç nə maraqlı deyil insanlara, çünki onlar daha çox cəlb olunmaq istəyirlər. 2) Bu qədər fərqliliklər fonunda insanların diqqətini cəlb etmək çətin prosesdir, buna nail olmaq üçün mədəniyyət və izləmə texnologiyaları bir neçə üsula əl atmalıdır. Danimarkalı filosof Soren Kierkeqor zamanın irəliləməsini və gələcəyin yaxınlaşmasının insanın şüur və qiymətləndirmə meyilləri ilə həmahəng olduğuna inanırdı. Özünün yaşam standartlarını genişləndirən insanı əldə saxlamaq üçün korporasiyalar və şirkətlər çoxlu üsullardan və vasitələrdən yararlanmağa başladı. Kommersiya qurumları xüsusi hədiyyəli aksiyalara əl atdı, iyirminci əsrin kapitalizmi rəqabət anlayışının tamam nəzarətdən çıxmağı ilə nəticələndi və sonunda iqtisadiyyatdan yarım asılı durumda olan musiqi, kino və ədəbiyyat adamları müxtəlif variantlar üzərində düşünməyə başladılar. Ədəbiyyatda yeni janrlar inkişaf etdi, fəlsəfə ədəbi dünyanın sərhədlərindən içəri daxil oldu, ekzistensionalizm və həyat fəlsəfəsi öz məğzindən uzaqlaşaraq ədəbi əsərlərin arasında qaynayıb-qarışmağa başladı. Məşhur rejissor Lars Fon Triers Hollivudun tələbata qarşı istehsal gücünün inkişaf etməsi ilə əlaqədar yeni vasitələrə ehtiyac yarandığını və bu vasitələrdən sonra bəstəkarlarla anlaşmaların baş verdiyini söyləyir.

Ən reytinqli və çoxlu mükafat qazanan filmlərin arxa fon musiqisi və soundtrekləri filmlərin uğur qazanmağında əhəmiyyətli rola malikdir. Aktyor seçimi, kinonun dizaynı və tərtibatı, ssenaristin uğurlu yazmağı çox önəmlidir, amma psixologiyanın inkişafı da göstərdi ki, indi insanlara onu həyəcanlandıran şeylər lazımdır, sabit və monoton şeylər qətiyyən kütləni cəlb etmir, hadisədən hadisəyə keçidlərdə, çəkilən səhnələrin daha təsirli olmağında həmin o keçidlərdəki musiqi və həyəcanı artıran nüanslar mühüm əhəmiyyətə malikdir. Bilirəm ki, mənim kimi bir çox insan da film izləyərkən janrdan daha çox onun tərtibatına fikir verir, sənətşünaslıq nöqteyi-nəzərindən filmləri analiz edir. Soundtrek kəliməsinin konkret bir tərcüməsi yoxdur, səs musiqisi kimi çevrilə bilər, amma sözün izahında bu, yetərsiz qalır. Ona görə, leksikonumuzda da soundtrek kimi istifadə olunmağı daha məqsədəuyğun hesab olunur. Dünyada ən yaxşı film musiqisi yazanlar həm yalnız bu sahə ilə əməkdaşlıq edənlərdir, həm də məşhur bəstəkarlardır. Fantastik janrın ilkin örnəklərini uğurla çəkən rejissor Riçard Elfmanın qardaşı Dani Elfman yəhudi əsilli ailənin üzvü olub. Elfman “Betmen” seriyasından olan 90-cı illər filmlərinin hamısının musiqilərini bəstələyən insandır. 1970-lərin klassik Qərb rok qrupu olan Oingo-Boingoda solist kimi fəaliyyəti ilə kariyerasına start verir, lakin 1976-cı ildə qrup dağıldıqdan sonra artıq film sənayesində adından söz etdirir. İllərdir cizgi film sənayesinin avanqardı halının alan “Simpsonlar”ın musiqi yazarı da Dani Elfmandır. Üç dəfə akademiya mükafatı qazanıb, nəhayət, Tim Börtının 1989-cu ildə çəkdiyi ilk “Betmen” filminə yazdığı musiqi ilə Qremmidə ən yaxşı film musiqisi mükafatına layıq görülür. Amerikadakı ev qadınlarının despressiv həyat tərzindən bəhs edən və dəfələrlə yeni heyətlər və ssenarilərlə çəkilən məşhur “Ümidsiz ev qadınları” serialına bəstələdiyi musiqi ilə Emi mükafatına layıq görüldü. Tim Börtın 3 ildən sonra yenidən “Betmen”i çəkməyə qərar verdi və 1992-ci ildə “Betmen qayıdır” filmini yaratdı, filmin yeni musiqisi həmin il ən çox dinlənən soundtreklər arasına girdi, səhnədə yenə Dani Elfman var idi. Sem Raiminin 2002-ci ildə yeni bir super qəhrəmanla ekranlarda görünməsi hamının marağına səbəb oldu. “Hörümçək Adam” seriyasından olan “Spider Man” filminin musiqisində Dani Elfman yenidən peyda oldu. Ardınca bu filmin Sem Raimi tərəfindən çəkilən bütün sonrakı hissələrində Elfman bəstələrindən istifadə olundu. “Terminator” filminin dördüncü hissəsindəki “Qurtuluş” soundtrekini də bəstələdi. “Qara Geyimli Adamlar” filminin bir neçəsində onun əməyindən istifadə olundu. Animasiya, karikatura və cizgi filmlərindən kino produksiyasına keçid edən məşhur qəzəbli yaşıl adam “Hulk” obrazına çəkilən ilk filmdə Dani Elfman musiqilərin tərzini bir az dəyişdi, amma yenə ortada filmin bütün axarı ilə tandem təşkil edən mükəmməl bir iş var idi. Stephen Kingin nəşr olunduğu illərdə səs-küyə səbəb olan “Dolores Kleyborn” kitabının sujeti əsasında çəkilən eyni adlı filmin qorxulu musiqisində Elfman başqa bacarıqlarını nümayiş etdirdi.

Bəstəkar Ennio Morrikonenin sevilən bir çox filmlərə musiqi bəstələdiyini qeyd etmək yerinə düşər. 1928-ci ildə anadan olan italyan Ennio 20-ci əsrin ən yaxşı musiqi filmi bəstəkarı hesab olunur. Yüzlərlə film və televiziya seriallarına bəstələdiyi musiqilər mövcuddur. Elektron musiqi, rok-n-rol, avanqard caz, blyuz janrına qədər bir çox musiqi janrında bəstələrə malik olan Morrikone daha çox vestern tərzi filmlərə yazdığı musiqilərlə tanındı, halbuki bu tərz musiqilər yaradıcılığının kiçik bir qismini təşkil edir. Sercio Leonenin 1966-cı ildə çəkdiyi və kult halını alan “Yaxşı, Pis, Çirkin” və iki il sonra yenə Leonenin sayəsində ərsəyə gələn “Bir vaxtlar Qərbdə” klassik vesternlərinə bəstələdiyi musiqilər illərlə yaddaşlardan silinmədi. Morrikonenin ən böyük üstünlüyü onun 60-cı illərdən bu yana hələ də aktual qalmağı və insanların onun xidmətlərinə ehtiyac duymağıdır. 1979-cu ildə “Cənnət günləri” filmindəki soundtrekinə görə Oskara namizəd göstərildi. “Toxunulmazlar” filmindəki fəaliyyətinə görə həm BAFTA və Qremi mükafatlarına yiyələndi, həm də Oskara namizəd oldu. 2000-ci illərin populyar “Malena”sı ilə Oskara bir daha namizəd oldu. Nəhayət, 2007-ci ildə bir çox aktyor və rejissorun xəyalında olan “Oskar Şərəf Mükafatı”na layiq görülən musiqiçi kimi tarixə adını yazdırdı. Ennio Morrikonenin sayısız film işlərindən ölkəmizdə daha çox bilinənlərindən bəhs etdim, amma film baqajı geniş olan insanlar onun adına çoxlu məşhur filmlərdə rast gələ bilər.

Con Vilyams adını bir çoxumuz “Er Ryanı xilas etmək” filmindən xatırlayırıq. 1932-ci ildə anadan olan Vilyams film musiqisi bəstələyənlər siyahısında opera şefi olmağıyla fərqlənən tək-tük isimlərdəndir. Klassik musiqinin sirrlərinə bələd olan Vilyams buna rəğmən, bir çox macəra və elmi fantastika janrında çəkilən filmlərin soundtrekini bəstələyən adam kimi tanınır və bu gün də öz fəaliyyətini davam etdirir. 17 Qremi və 3 Qızıl Qlobus mükafatı qazanan tək bəstəkardır. Vilyamsın atası da musiqiçi olub. Verdiyi müsahibələrdən birində qeyd edir ki, atam və dostları musiqiçi olduğu üçün, musiqinin sirrlərini və notları yetişgin insanlardan mənimsədim. Yeddi yaşında pianoda ifa etməyi bacaran Vilyams, sonralar trampet və trambon kimi ağır nəfəs çalğı alətlərində ifa etməyi də kiçik yaşlarından öyrəndi. Hollivudun məşhur “20th Century Fox” studiyalarında atası işə başlayandan sonra Vilyams da onu izləyir və film musiqisinin bütün incəliklərini peşəkarlardan öyrənməyə başlayır. Film musiqisi bəstələmək istəyi ilə bağlı o illərdə yaranan həvəsini Vilyams belə izah edirdi: “Pianoda otururdum və ekrana baxırdım. Filmdəki hərəkətli səhnələrin musiqi ilə necə vəhdət yaratdığına diqqət edirdim və təbii ki, nəhayətdə mən özümü film musiqiləri məktəbində tapdım.” Alfred Nyumanın yönləndirmələri sayəsində film sektorunun içinə qarışan Vilyams “Poseydonun macəraları” filmi ilə ilk addımlarını atdı. Vilyamsı Spilberq 7o-ci illərdə kəşf etdi, “Sugarland Express” filmində birlikdə möhtəşəm bir iş ortaya qoydular və Spilberq kimi “kinonun filosofu” hesab edilən adın onunla çalışması Vilyamsa maraq yaratdı. Spilberqin və dünyanın ən yaxşı qorxu filmlərindən sayılan “Javs” filmində ikili yenidən bir araya gələrək həm birlikdə Oskara doğru addımladılar, həm də bu musiqi ən yaxşı beş qorxu filmi soundtreki arasına girməyə layiq görüldü. Vilyamsın kariyerasında “Supermen”, “Star Wars”, “İndiana Cons” kimi iri reytinqli filmlərin musiqiləri var və bu filmlərin bu günki şöhrətində onun rolu danılmazdır. Bir çoxumuzun uşaqlıq illərinin sevimli UNO obrazı olan “E.T.” filmlərinin soundtrekini də Vilyams bəstələdi. “Kitab oğrusu” filmindəki musiqi də ona məxsusdur.

Bu adların sırasında mənim xüsusi bəyəndiyim isə Hans Zimmerdir. Frankfurtda doğulan alman bəstəkar gəncliyimizin ən çox izlənən çağdaş filmlərinin bir çox musiqisinin bəstəkarıdır. Musiqi həyatına bir zamanların kultu olan “Buggles” qrupunda solist olaraq başlayıb. 1 Oskar, 1 Qremi və 1 Qızıl Qlobus mükafatı qazanıb, dəfələrlə də bu mükafatlara namizəd olaraq göstərilib. Zimmerin aktuallığının mahiyyətini belə izah edə bilərəm ki, o, son dövrlər film dünyasında fırtınalar yaradan sayısız filmdəki musiqinin bəstəkarıdır. 2014-cü ildə çıxan “İntersteller” filmində, 21-ci əsrin dram janrında ən yaxşı film sayılan “12 illik əsarət”, “Betmen” obrazının yenidən qayıdışı sayılan və milyonlarca insan tərəfindən bəyənilən, 2012-ci ildə yayımlanan “Qara Cəngavərin Yüksəlişi”, psixoloji janrda son illərin ən yaxşı filmi hesab olunan “İnception”, “Karib quldurları”, Den Braunun dünyada ən çox satılan 10 kitab arasına daxil olan “Da Vinçi Şifrəsi” əsərindən çəkilən eyni adlı filmin, “Hannibal” və “Qladyator” kimi əfasənələrin, “Misir Şahzadəsi”nin, “Aslan Kral” və sair kultların musiqi bəstəkarı Hans Zimmerdir, nə yaxşı ki, hələ yaşayır və biz onu hələ neçə illər yeni bəstələrlə xatırlaya biləcəyik.

Türkiyədə film musiqisi yazanlar arasında daha çox Toyqar Işıklı və Gökhan Kırdar məşhurdur. Toyqar Işıklı seriallara bəstələdiyi musiqilər ilə sevilsə də, Gökhan Kırdarın yaradıcılığı ayrıca bir musiqi kəşfidir. “Kurtlar Vadisi” ilə simvollaşan bütün musiqilər Kırdara məxsusdur. Azərbaycanda film musiqisinin tarixi isə başqa yazının mövzusudur.
Oqyus Kont mədəniyyət birgəliyinin incəsənətin hər sahəsinə ayrıca təsir etdiyini vurğulayırdı.

P.S. İnsan baxdığı şeylərdən zövq almır, baxarkən dinləməkdən zövq alır…


Tarix: 11.01.2016

4347