M. V. Lyosa: “Tolerantlıq sağ qalmağın yeganə qarantıdır”- Müsahibə



“Nə edək ki, hər bir çağın öz kabusu olur. Bizim çağımız - fanatiklərin, özünü partlatmaqla başqalarını öldürən terrorçuların epoxasıdır”.


Nasir və dramaturq, publisist, ictimai-siyas xadim, 2010-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa 1936-cı ildə anadan olub. Onun 27 yaşında yazdığı və Peruda bir hərbi məktəbin timsalında - avtoritar qaydalarla idarə edilən, korrupsiyalaşmış və mənəvi aşınmaya məruz qalmış cəmiyyəti tənqid edən “Şəhər və itlər” romanı Limada hərbçilər tərəfindən yandırılıb. Lyosa 1990-cı illərdə Peru diktatoru Alberto Fucimoriyə qarşı çıxıb. O Fucimori ki, sonradan 25 il müddətinə azadlıqdan məhrum edilib.
Onu 1990-2000-ci illər arasında qətliamlar törətmək əmri verdiyi və korrupsiyaya görə məhkum ediblər. Lyosa təkcə Peruda yox, bütün Latın Amerikasında böyük nüfuz sahibidir. 2010-cu ildə Perunun o vaxtkı prezidenti Alan Qarsia onun müraciətindən sonra öz fərmanını ləğv etmişdi. Həmin fərmanla 2003-cü ilədək baş verən insan haqlarının pozulması faktlarının araşdırılması dayandırılmalı idi.

Mario 2010-cu il Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. Mükafatı verən İsveç Akademiyasının açıqlamasında Nobel mükafatının yazıçıya “hakimiyyət strukturunun detallı açıqlamasına və insanın mübarizəsi, üsyanı və məğlubiyyətinin kəskin təsvirinə görə” verildiyi bildirilir. Yazıçının Argentinanın “Clarin” nəşrinə müsahibəsini təqdim edirik.

- Siz “Berlin divarı”nın söküləcəyini və “Sovetlər Birliyi”nin dağılacağını əvvəlcədən proqnoz verən amerikalı politoloq Frensis Fukuyamanın tərəfdarısınız. “Tarixin sonu” essesində politoloq sosializm düşərgəsinin iqtidardan getməsindən sonra ölkələrin yalnız demokratiyadan başqa seçimi olmayacağını vurğulayıb. Fukuyama hesab edir ki, demokratiya tədricən bütün ölkələri bürüyəcək və yaşam tərzi tamamən müsbət mənada dəyişəcək. Lakin biz hazırda nə müşahidə edirik? Onun düşüncəsindən tamamən kənarlaşmışıq. Kim deyə bilərdi ki, hər gün daha da pisləşir.

- Bəli. Təəssüf ki, biz alçaldımış cəmiyyətin formalaşdığını müşahidə edirik. Siyasətdə bir şeyi öyrəndim: hakimiyyət ağılları, prinsipləri məhv edir və insanları kiçik əjdahaya çevirir. Putinin monarxiya üsul idarəetmə formasında idarəçiliyini, keçmiş ənənələri qaytarmaq istəyən satqın qruplaşmaları görürük. Halbuki, bu cür yanaşmaların çoxdan məhv edildiyinə ümid edirdik. Lakin Stalin və Çar rejimi hələ də yaşayır. Diktatura barədə nəsə danışmağa lüzum yoxdur. Mənim qəti inamıma görə, diktatura - istənilən ölkə üçün mütləq bir şər deməkdir, qaniçənliyin və korrupsiyanın qaynağıdır, onun insan toplumlarına vurduğu yaralar çox dərin və gec sağalan olur, o, millətin gələcəyini zəhərləyir, insanları, bir neçə gələcək nəsillərin də qurtula bilmədiyi, yaramaz vərdişlərə alışdırır, demokratik inkişafı yavaşıdaraq gecikdirir.

Ona görə də, diktator rejimlərinə qarşı, heç bir tərəddüdə yol vermədən, əlimizdə olan bütün imkanlarla, o sıradan iqtisadi sanksiyalarla da vuruşmaq gərəkdir. Ancaq neyləyəsən, necə acınacaqlı olsa da, çox vaxt demokratik dəyərlərin daşıyıcısı olan Qərb ölkələri bu işdə örnəkverici ola bilmirlər. Diktaturalara qarşı qətiyyətlə dirəniş göstərənlərə dayaq durmaq yerinə, bir də görürsən, onlara bu ağrı-acıları yaşadan diktatorların üzünə irişir, onlara yalançı sayğılarını sərgiləyirlər.
Ancaq nə baş verməsindən asılı olmyaraq, gərək bunu da unutmayaq: diktaturalara qarşı savaş açan bu qorxmaz insanlar, azadlıq uğrunda döyüşməklə, elə bizim hamımız üçün çalışırlar.

- Hazırda dünya qorxu içərisindədir. Sizi daha çox nə narahat edir?

- Fikrimcə, dünyada ən çox narahatlıq doğuran şeylər dini fundamentalizm xüsusən də islam təməlçiliyi və millətçilikdir. Kollektivçilik ideologiyasının bu iki növü tarixən ən böyük bəlaların səbəbi olub və indi - dünyada tolerantlıq və dinc birgəyaşayış dəyərlərin yayılmaqda olduğu dövrdə yenidən ortaya çıxıb. Biz isə hesab edirdik ki, onları tamamilə məhv etmişik. Hazırda tam əminliklə demək olar ki, onlar formasını dəyişərək yaşayıb. Sülh və əminamanlıq keçmişdə qaldı.

Yeni dünyada gərginlik artıb, bir-birinə qarşı düşmənçilik edən cəbhələr yaranıb. Burada əməkdaşlıq və dialoqun yerini müharibə və terror əvəzləyir. Avropanın mərkəzində onun mədəni və iqtisadi inteqarsiyasını məhvə sürükləyəcək millətçilik yaranıb. Bu təhlükənin fəsadları Şərqi və Qərbi Avropaya da təsir edəcək.

Millətçiliyin dirçəlişi hətta demokratiyanın pik inkişaf etdiyi Fransa üçün də təhlükəlidir. Hazırda Fransada seçkilər keçirilsə mütləq ki, sandqılardan millətçilərin - neofaşistlərin ən radikal formasını özündə ehtiva edən qrupların adı çıxardı. Bunu düşünmək belə çox qorxuludur.

Təəssüf ki, hazırda populizm birinci pillədədir.
Populizm millətçiliyin başında dayanır. Dünyada mövcud problemlərin arxasında mütləq müxtəlif forma alan millətçilik durur. Populizm isə millətçiliyin əsas elementidir. Onu Şotlandiyada məğlub etmək mümkün oldu, amma indi İspaniyada qabarır. Mənim fikrimcə, ispaniyalıların çoxu millətçilik tərəfdarı deyil, amma onlar millətçiliklə necə mübarizə aparmağın, onu məğlub etməyin yolunu bilmirlər.

Millətçilik qəfəsdən çıxan vəhşi heyvana bənzəyir. Və heç kəs bilmir ki, onun növbəti addımı və ya qurbanı kim olacaq. Hər kəs bir şeyi anamalıdır ki, bunun qarşısını almaq üçün demokratik birliklər birləşməli və millətçiliyə qarşı birgə mübarizə aparmalıdır. Yalnız bu halda millətçiliyə qalib gəlmək mümkündür.

Biz liberal demokratiyanı qorumağa borcluyuq: özünün bütün çatışmazlıqlarına baxmayaraq o, yenə də, plüralizm, dinc yanaşı yaşamaq, qarşılıqlı dözümlük, insan haqları, tənqidə sayğı ilə yanaşmaq, qanunilik, azad seçkilər, hakimiyyətlərin dinc yolla dəyişdirilə bilməsi kimi dəyərlərin daşıyıcısı olaraq qalmaqdadır və bu dəyərlər insanlığı, onun vəhşiliklərindən ayırmaqla, arzuladığımız gözəl və ideal yaşama addım-addım yaxınlaşdırır.

- Bəs millətçilik özündə nəyi ehtiva edir?

- Biz demokratik dəyərləri qoruyuruq. Lakin millətçilik bu dəyərləri inkar edir. Problem mövcuddur və cəmiyyətin kökünün dərin qatlarına qədər sirayət edib. Demokratiya insanlığın inkişafına olduqca böyük təkan verdi, ancaq o insan təbiətində kök salmış dağıtmaq instinktini aradan qaldıra bilmədi.
Şüur altından gələn, bəzən rasional təfəkkürün üzərinə qalxan, onu məhv edən, son nəticədə insanın içində nifrət səltənətini quran bir instinktdir. Tolerantlıq sağ qalmağın yeganə qarantıdır.

- Sosialistlər nə təklif edir?

Sosialistlər nə edəcəyini bilmir heç. Onlar millətçilik problemini federalizmin əsasında həll etməyi təklif edir. Lakin bunun fonunda sosialistlər federalizmlə avtonomiyanın fərqini izah edə bilmirlər. Bax bu da böyük problemdir.

- Avropanın dünyadakı ambisiyalarının zərər görməməsi üçün nələr edilməlidir?

- Korrupsiyaya qarşı mübarizə aparılmaldıır. Demokratik ölkələrdə korrupsiyanın mövcudluğu məndə dərin təəssüf hissi doğurur. Maliyyə böhranı siyasətin zəifliyindən yox korrupsiyanın mövcudluğundan yaranır.

Korrupsiya bulaşan insan hərislik və azgözlükdə sərhəd tanımır. Hətta korrupsiyanın qarşısını almaq üçün mövcud qanunlarda onun qarşısında tab gətirə bilmir. Korrupsiya İspaniya üçün ağıla gələ bilməyəcək dərəcədə fəlakət gətirir. Son seçkilərdə 1,2 milyon insan siyasi kursu dəyişmək istəyi ilə populizmə səs verdi. Bir ümidlə ki, yaxşı həyat və daimi işlə təmin olunsunlar.

Etiraf edək ki, hazırda demokratiya da korrupsiyaya görə ciddi böhran yaşayır. Məsələn, dünyada mövcud olan böyük banklar qeyri-qanuni pulların idarə edilməsinə görə cərimələnib. Bax bütün bunlar dəhşətdir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, insanlarda heç nəyə inam qalmayıb.

- Siz çox qorxulu perspektivin tablosunu çəkirsiz.

- Bəli, bu belədir. Bu məqaləni oxuyan oxucu üçün mən pessimist görünə bilərəm, lakin bu reallıqdır. Həyat budur. İnsanlıq artıq yaxşı və pisin nə olduğunu anlaya bilmir.

- Siz hesab edirsiniz ki, “Berlin divarı”nın yıxılması və “Ərəb Baharı” dünyada baş verən ən mühim hadisədir. Ancaq bu hadisələr keçmişdə qalıb axı.

- Bəli “Ərəb Baharı” reallıq idi və cəmiyyət tərəfindən güclü dəstək aldı. Hazırda Suriyada baş verən faciəvi hadisələrin kökündə isə Qərbin üsyanın ilk dövrlərində diktaturaya qarşı mübarizənin önündə gedən demokratları lazımınca dəstəkləməməsi durur. Qərbin səhvi ucbatından demokratik hərəkat barışmaz cinayətkar ünsürlərin, fundamentalistlərin nəzarətinə keçdi. Qərb “Ərəb baharı”na daha güclü dəstək verməli idi.

- İnternetdə daha çox terrorçuların törətdiyi qətllər nümayiş olunur. Bu da sizin dediyiniz müharibəyə qayıdış dövrüdür.


- Təməlçilərin başkəsmə aksiyalarını media tərəfindən şouya çevirməsi dəhşətli bir tendensiyadır. Bu dəyərlərin aşınmasından xəbər verir. Halbuki media terrorçuların ideyalarının beyinləri zəhərləməsi qarşısında bir baryer olmalıdır. Bu cür praqmatik yanaşma demokratik ənənələrə, şərlə mübarizə ideallarına ziddir. Nə edək, hər bir çağın öz kabusu olur. Bizim çağımız - fanatiklərin, özünü partlatmaqla başqalarını öldürən terrorçuların epoxasıdır.

Hazırladı Günəş Fərhadlı


Tarix: 14.01.2016

3846