Rey Bredberi: “Başbaşa”- Hekayə


Yay axşamlarının birində mən və mənim dostum Sid qol-qola girib Ouşn Parkda sahilboyu taxta döşəmə üzərində gəzişirdik. Skamyaların birində - düz qarşımızda, ləpədöyəndə sınan dalğaların yaxınlığında tanış bir mənzərənin şahidi olduq.
- Bax, - mən dedim, - və dinlə.



Biz baxmağa və dinləməyə başladıq.
Yaşlı yəhudi cütlüyünə – kişiyə 70, qadına isə 65 yaş verərdim. Eyni vaxtda dodaqlar hərəkət edir, eyni vaxtda əllər yellənir, hər ikisi danışır, heç kəs qulaq asmırdı.
- Mən axı sənə dəfələrlə demişdim, - kişi bildirdi.
- Sən nə demisən? Heç nə deməmisən, - qadın qeyd etdi.
- Mən hər şeyi sənə demişəm, - o, təkrar etdi. - Həmişə sənə nəyisə deyirəm. Hətta çox vacib hər şeyi belə. Əgər sən, heç olmasa, bircə dəfə qayğısına qalsan...
- Siz bir onu dinləyin! Çox vacib! – qadın bildirdi və gözlərini qaçırdı. – Yaxşı, başla, mən yazıram.
- Bax, məsələn, götürək toyu...
- O, hələ də toy haqqında danışır!
- Niyə də yox? O qədər əziyyət, o qədər zərər:
- Kim əziyyət çəkirdi?
- Mən sənə göstərə bilərəm...
- Göstərmək? Daha nələr. Bax, mən qulaqlarımı tıxadım!
Et cetera, et cetera*.



- Kaş maqnitofonum olardı, - mən dedim.
- O nəyə lazımdır? - Sid cavab verdi. Mən özüm də eşitdiklərimizin hamısını təkrar edə bilərəm. Gecəyarısı da məni oyatsan, bütün bunları təkrarlayaram.


Biz oradan uzaqlaşdıq.
- Onlar uzun illərdir ki, hər axşam bu skamyada oturur!
- İnanıram, inanıram, - Sid bildirdi – Sadəcə, gülməlidir.
- Səncə, bu kədərli görünmür?
- Kədərli? Ayıl! Bu ki hazır vodevil cütlükdür. Mən iki günə onlara anqajement təşkil edərəm.
- Az da olsa kədərli deyil?
- Fikir vermə. Onlar, yəqin ki, 50 ildir evlidilər. İki nəfərin yaratdığı bu mərəkə hələ toydan əvvəl başlayıb, bal ayından sonra isə dayanmayıb.
- Amma onlar qulaq asmırlar!
- Nə olsun? Ən azı, növbə ilə danışırlar. Əvvəlcə qulaq asmamaq növbəsi kişinin, daha sona qadınındır. Əgər onlardan biri qulaq assaydı, onda bütün düzən, mexanika dayanardı. Freydin özünə belə onlarla çox çətin olardı.
- Niyə?
- Onlarda hər şey üzdədir. Heç nədən narahat olmamaq, heç nəyi müzakirə etməmək. Söyüşə-söyüşə qorxmadan yatağa girir və iki dəqiqə sonra üzlərində xoşbəxt təbəssümlərlə yatırlar.
- Sən, doğrudan da, belə düşünürsən?
- Mənim bibim və onun əri də elə belə idi. Kifayət qədər böyük təhqir yığını uzunmüddətli həyatı təmin edir.
- Bəs onlar nə qədər yaşadılar?
- Bibim Fanni və Esa əmi?.. Səksən və səksən doqquz il.
- Belə de.
- Sözlərdən, hətta yəqin ki, söyüşlərdən ibarət belə bir pəhriz: Yəhudi badmintonu – kişi vurur, qadın qaytarır və qadın vurur, kişi qaytarır. Heç kim qalib gəlmədi, lənətə gəlsin, amma heç kim də məğlub olmadı.
- Heç vaxt bu haqda belə düşünməmişəm.
- Düşün, - Sid dedi. – İndi isə geri qayıtmaq vaxtıdır.
Biz döndük və gözəl yay axşamından həzz ala-ala geri qayıtmağa başladıq.


- Və daha bir şey! – yaşlı kişi deyirdi.
- Və daha 100 şey!
- Bunu kim sayır? – kişi soruşurdu.
- Gözlə. Mən öz siyahımı hara qoymuşam?
- Siyahı-miyahı kimə lazımdır?
- Mənə. Sənə lazım deyil, mənə lazımdır. Sus!
- Yox, icazə ver, tamamlayım!


- Kişi heç vaxt tamamlamayacaq, - Sid vurğuladı və biz onların yanından ayrıldıq. Böyük mübahisə geridə qaldı, getdikcə sakitləşdi.



Üçüncü gecə Sid zəng edərək dedi:
- Mən maqnitofon tapmışam.
- Nə mənada?
- Sən yazıçı, mən yazıçı. Gəl, filoloji mədən qazaq.
- Nəsə həvəsim yoxdur, - mən bildirdim.
- Ayağa qalx! – Sid dedi.
Biz gəzməyə getdik. Yenə də gözəl, sərin Kaliforniya axşamı idi. Bu elə axşamlardan idi ki, biz Şərq sahillərində olan qohumlarımızın inanacağından ehtiyat edərək onlara bu barədə danışmırıq.


- Qulaq asmayacağam, - yaşlı kişi bildirdi.
- Kəs səsini və qulaq as, - qadın dedi.


- Mənə deməyə bilərsən, - gözlərimi açmadan dedim. – Elə belə də davam edirlər. Məhz həmin cütlük. Həmin söhbət. Sən, doğrudan da, öz maqnitofonunu istifadə etməyə hazırlaşırsan?
- Əgər onu kəşf ediblərsə, onda istifadə etmək lazımdır.
Mən yavaş-yavaş onların bərabərliyinə çatanda ovuca yerləşən, cib qurğusunun işə düşdüyünü eşitdim.


- Onun adı nədir? Hə. İsaq.
- Elə deyildi.
- Dəqiq, İsaqdır.
- Aron!
- Yox, böyük qardaş olan Aron yox.
- Kiçik qardaş!
- Kim nəql edəcək?
- Sən, özü də bu, çox pisdir.
- Yenə təhqir.
- Yenə sənin heç vaxt dinləməyi bacarmadığın həqiqət.
- Sənin həqiqətindən məndə çapıqlar yaranıb.



- Mən indi sosiskadan imtina etməzdim, – Sid dedi və biz balaca qutumuzda onların səsləriylə birgə qayıqla üzüb getdik.


* * *
Sonra isə bu baş verdi. Bir-iki-üç və son.
Tamamilə gözlənilmədən skamya iki axşam boş oldu.
Üçüncü axşam mən balaca kaşrut mətbəxinin lotunun yanında dayandım və başımı skamya tərəfə çevirərək danışmağa başladım. Bəs necə? təbii ki, mənə dedilər. Roza və El. El və Roza. Onların soyadı Şteyndir, hə, dəqiq mənə elə dedilər. El və Roza Şteynlər artıq neçə ildir, hər gecə bura gəlirdilər, bir dəfə də olsun bu qaydanı pozmurdular. Çox təəssüflər. Eldən ötrü çox darıxacağıq. Bitdi artıq. O, çərşənbə axşamı vəfat etdi. Düzdür, skamya indi çox boş görünür, amma nə etmək olar. Heç vaxt tanımadığım, lakin eyni zamanda tanıdığım bu iki adam üçün məndə yaranan kədər hissilə əlimdən gələni etdim. Balaca sinaqoqda daha da balaca qəbiristanlığın adını öyrəndim və özümə də məlum olmayan, qarışıq səbəblərdən dolayı axşam saatlarının birində ora baş çəkməyə qərar verdim. Mən özümü Los-Ancelesın mərkəzində sinaqoqun qapısından içəri baxan on iki yaşlı qoy kimi hiss edirdim. Həmin vaxt bütün bunların iştirakçılarının oxuması, rəqs etməsi və ya papaqlı kişilər mənə olduqca maraqlı gəlirdi.
Qəbiristanlıqda gözlədiyimi tapdım. Yaşlı qadın yoldaşının adının həkk olunduğu qəbir daşının üzərində əyləşmişdi. O, danışırdı, danışırdı, danışırdı, qəbir daşına toxunur, onunla danışırdı.
Bəs o?
Təbii ki, qulaq asmırdı. Başqa cür ola da bilməzdi.
Mən gözlədim, qulaq asdım, gözlərimi yumdum və oradan ayrıldım.
Mən skamyanın yanından keçəndə günəş artıq batmışdı, axşam duman olacaqdı. O hələ də boş idi və buna görə də daha da kədərli görünürdü.
Bəs indi nə edək?
Mən Sidə zəng etdim.
- Qulaq as, məsələ sənin maqnitofonun və kasetinlə bağlıdır – dedim.

Yay ayının sonuncu axşamlarından birində biz adəti üzrə kaşrut dükanlarının yerləşdiyi döşənək boyu gəzir, gözəl kəsmikli tortlar və hisə verilmiş ətlərin satıldığı mağazaların yanından keçirdik. Biz bu mağazalardan nəsə aldıq, onlarla skamyaların olduğu okean sahilinə çatdıq. Hər şey yaxşı idi, biz danışırdıq və birdən Sid dedi:
- Bilirsən, mənə həmişə maraqlı idi.
- Orada maraqlı nə ola bilər, - mən onun artıq bir həftəydi boş olan skamyaya baxdığını sezib dedim.
- Bax, - Sid dedi və mənim əlimə toxundu. – Xatırlayırsan həmin yaşlı qadını?
- Odur?
- O, yenə buradadır! Mən onun xəstələndiyini, ya da buna bənzər nəyinsə baş verdiyini düşünürdüm. O isə buradadır.
- Mən bilirəm, - deyib gülümsədim.
- Nə vaxtdan? O, eyni skamyada oturub və dayanmadan boşboğazlıq edir.
- Bəli, - mən dedim və biz ona bir az da yaxınlaşdıq.
- Axı orada heç kim yoxdur. O, öz-özü ilə danışır – Sid astadan dedi.
- Demək olar ki, - mən dedim. Biz bir az da yaxınlaşdıq.
– Qulaq as.


- Yeni eyni ədəbsizliklər. Eyni mübahisələr, bu mənə lazımdır? – yaşlı qadın dedi və skamyanın boş tərəfinə doğru əyildi. Gözləri parıldayır, üzü bəzəkli, dodaqları daima hərəkətdə. – Bu mübahisələr mənə lazımdır? Onsuz da, kifayət qədər mübahisə var. Qulaq as mənə!
Nə qədər inanılmaz olsa da, bu sözlərdən sonra cavab eşidildi.
- O, mənə qulaq as deyir! – səs bağırdı. – Bütün bunlar nəyə lazımdır?

- Səs! – Sid bərkdən dedi.
Daha sonra o, astadan pıçıldadı:
- Bu, onun səsidir. Amma o axı ölüb!
- Hə, - mən dedim.

- Onu da deyim ki, - yaşlı qadın dedi. – Sən nə yediyinə fikir verməlisən. Yoxsa birtəhər olarsan!
- Sənə danışmaq asandır! – yaşlı kişinin səsi cavab verdi. - Amma de!

Sakit çıqqıltı səsi eşidildi. Sidin gözləri aşağı sürüşdü. O, mənim də indi gördüyüm mənzərənin şahidi oldu. Qadının ovcunda Siddən müvəqqəti olaraq aldığım cib maqnitofonu var idi.

- Onu da deyim ki, - yaşlı qadın bildirdi.
Çıqqıltı.
- Mən axı nə etmişəm? – ölən kişi bərkdən dedi.
Çıqqıltı.
- Mənim bura qədər siyahım var! – yaşayan qadın bildirdi.


Sid mənə tərəf döndü.
- Sən? – O, dedi.
- Mən, - Mən dedim..
- Necə? – O, dedi.
- Mən də həmin axşamlar yazdığımız sənin bütün kasetlərin var idi, - mən dedim. – Mən onlardan kişinin dediklərini kəsib çıxardım və sonra bu hissələri qadının onun üstünə qışqıra bilməsi üçün müəyyən fasilələrlə yeni plyonkaya yapışdırdım. Bəzi yerlərdə kişi cavabı gözləmədən qışqırır. Lakin qadın istədiyi vaxt kişini – çıq! – söndürə, qışqırda, daha sonra isə onu yenidən qoşa bilər.
- Sən bunu necə öyrəndin?..
- Mən onu qəbiristanlıqda gördüm, - bildirdim. – Bu, dözülməz idi. O, cansız mərmər parçası ilə danışır, lakin heç kim cavab vermirdi. Mən sənin bütün kasetlərini, bütün mübahisələri və qışqırıqları yenidən yazdım və bir gün axşam tərəfi qəbiristanlığa getdim. Doğrudan da, qadın orda idi, yenə orada oturmuşdu və yəqin ki, həmişə də oturardı, sonda isə orada elə aclıqdan ölərdi. Heç kim cavab vermirdi. Hətta sən qulaq asmasan və ya asmadığını düşünsən belə kimsə mütləq cavab verməlidir. Mən, sadəcə, məzara yaxınlaşdım, maqnitofonu qoşdum və qadına uzatdım. Qadın isə başdaşının üzərində oturmuş və onun qışqırmasını gözləyirdi. Mən oranı tərk etdim. Geriyə baxmadım. Qadının cavab olaraq qışqırmasını gözləmədim. Qadın və kişi, kişi və qadın, yüksək səs, aşağı, aşağı və yüksək: Mən, sadəcə, çıxıb getdim. Ötən gün axşam isə qadın yenidən burada, skamyada oturmuşdu. Kəsmikli tortunu yeyirdi. Bilirsən, mənə elə gəlir ki, o yaşayacaq. Doğrudan da, gözəldir. Elə deyilmi?

Sid qulaq asdı.


Qoca kişi yenə şikayət edirdi:
- Nə üçün bunlar mənim başıma gəlir? Kim bunu deyə bilərdi! Hə, cavab ver, mən gözləyirəm.
- Buna bir baxın, necə də ağıllı çıxıb, – qadın ucadan dedi.

Biz Sidlə yavaş-yavaş oradan uzaqlaşdıq və gözəl yay axşamının kefini çıxarmağa başladıq. Qadının yüksək, kişinin alçaqdan səslənən səsi geridə qaldı.
Sid əlini boynuma doladı
- Qoy olmağına baxmayaraq səndən yaxşı yəhudi çıxdı. Sənin üçün nə edə bilərəm? - Sid dedi.
- Hisə verilmiş buterbroda nə deyirsən? – mən cavab verdim.


* “Başqa daha nə?” anlamında işlənən bu latın ifadəsi bütün dillərdə olduğu kimi yazılır.

Vodevil - yüngül komediya xarakterli pyes

Anqajement - Tamaşa göstərmək üçün müqavilə ilə artist çağırma

Kaşrut - Yəhudilərə görə, yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullar

Lot – Dükanların önünə qoyulan kiçik masa

Qoy- İudazimdə yəhudi olmayan


Dilimizə çevirdi: Eldar Tan



Tarix: 16.01.2016

3677