Qan Turalın “Çovdarlıqda uçrumdan qoruyan”ı - Yazıçılar oxucu kimi


Qan Turalı: “Bizim nəsr avtobioqrafiklikdən əziyyət çəkir”

“Kirpi.info”nun “Yazıçılar oxucu kimi” adlı yeni layihəsində müasir yazıçılarımız dünya və Azərbaycan ədəbiyyatında ən çox qiymətləndirdikləri bir əsər haqqında öz fikirlərini oxucularla paylaşacaqlar. Bu layihədə iştirak edən hər bir yazar həm də bir oxucu olaraq ədəbiyyatı təmsil edəcək.
Budəfəki müsahibimiz yazar Qan Turalıdır.

- Sizi daha çox təsirləndirən yazıçı kim olub və niyə həmin yazıçı?


- Hər birimiz uşaqlıq illərində evimizdə olan kitabxanalarla böyüyürük. Kitabxanada hansı kitablar varsa, onlar bizim ilkin dünyagörüşümüzü müəyyən edir. Selinceri 1997-ci ildə, 13 yaşında oxumuşdum. Mənə taleyimin ilk böyük töhfəsi o yaşda Selinceri oxumağım idi. O vaxta qədər isə başqa kitablar da oxumuşdum. Jül Vernin bir neçə əsəri, xüsusilə “Kapitan Qrantın uşaqları”, Tolstoyun “Hacı Murad”ı, Lermontovun “Zəmanəmizin qəhrəmanı”, “Koroğlu” dastanını xatırlayıram. Amma o günə qədər oxuduğum bütün kitablar cəm halda mənə Selincer qədər təsir etməmişdi. O duyğular indi də mənə təravətli və təzə gəlir.

- Selinceri başqalarından fərqləndirən nə idi?


- Üstündən 18 il keçsə də, indinin özündə belə bu suala mən dürüst cavab tapa bilmirəm. Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanında əsas qəhrəman Holden Kolfildin bir obraz kimi etirazçı, protest şəxsiyyəti ruhumu yaralamışdı. Həyatımın sonrakı illərində onun təsirini aydın şəkildə sezirəm. Bir insan düşün ki, başı ailəsiylə dərddə, dövlətlə dərddə... Qızlar onu anlamır, dostları hamısı bayağı, ətrafda olan hər şey saxta... Gəncliyin bütün nihilist meylləri Holdendə cəmləşib. Holden bir roman qəhrəmanı deyil. Holden dünyagörüşüdür. Holden milyonlarla gəncin dünyagörüşünü əks etdirir. Bilmirəm, Selincer o gənclərdən Holden yaradıb, yoxsa Holdeni oxuyan o gənclərə Holdenə oxşamağa başlayıblar. Bu qısır döngüdür. Bu saxta dünyada Holdenlikdən başqa əlac yoxdur. Holdenlik müasir Kefli İsgəndərlikdir. Onu anlamırlar. Çünki keflidirlər. İsgəndər hər şeyi anlayır. Çünki İsgəndər ayıqdır. Bax, belə... Lakin Holdenlik qəhrəmanlıq deyil, o sadəcə ümidsiz qiyamçıdır. Amma Holdenlik əbədidir.

- Əsəri oxumayanlar üçün əsər haqqında nələr danışa bilərsiz?


- Məşhur əhvalat var: Qoca yazıçı gənc yazıçıya deyir ki, mən evli qadının xəyanəti haqqında roman yazmaq istəyirəm. Gənc deyir, bayağı mövzudur, Qoca da qayıdır ki, Tolstoy bundan “Anna Karenina” yazıb. Yəni burdan danışdığım da haradasa ucuz görünər. Amma nə yazmaqdan çox, necə yazmaqdan əhəmiyyətlidir.

“Çovdarlıqda uçurumdan qoruyan” romanı yeniyetmənin təhsil sistemi, mövcud sistemə qarşı olan nifrətindən bəhs edir. Romanda belə baxanda heç bir böyük hadisə baş vermir, Holdeni məktəbdən qovurlar, o, Nyu Yorka gəlir və burada başına gələn hadisələr romanda öz əksini tapır.

- Əsərdəki obrazları psixoloji nöqteyi-nəzərdən bir az analiz edə bilərsizmi?

- Əsərdə əhvalatlar birinci şəxsin dilindən, Holden Kolfildin dilindən danışılır. Dominant xarakter Holdendir.
Burada iki obraz mənim üçün xüsusi seçilir. Birinci Alli obrazı. Holdenin erkən yaşlarda ölən qardaşıdır. Selincer o qəhrəmanı o qədər sevgiylə yaradıb. Misal üçün bu yerinə baxın: “Yadımdadır, on iki yaşım tamam olan ili, yayda təkbaşına qolf oynayırdım, məşq üçün, birdən mənə elə gəldi ki, bu dəqiqə arxaya dönsəm, Allini görəcəyəm. Elə də elədim və gördüm ki: hasarın o tayında, – onda həmin qolf meydançası hasara alınmışdı – yüz əlli yard məndən aralı öz velosipedində oturub mənim necə vurduğuma tamaşa edirdi. Bax, onun kürənliyi belə kürənlik idi! İlahi! O necə də qəşəng uşaq idi”. Alli əslində müqəddəsliyin rəmzidir. Bütün müqəddəslər kimi o bu dünyada yoxdur. Ölüb Alli. Yoxdur.

Selincerin həyatda qardaşı olmayıb. Bir şeyi də qeyd etmədən keçmək istəmirəm. Bizim nəsr avtobioqrafiklikdən əziyyət çəkir. Hər bir yazıçının həyatında avtobioqrafiklik yer tutur. Bu qaçılmazdır. Lakin onun dozasını dəqiq vermək lazımdır. Tutaq ki, yazıçı evin tək uşağıdırsa, az qala, bütün qəhrəmanları tək uşaqdır. Selincer qardaşı olmaya-olmaya elə möhtəşəm qardaş obrazı yaradır ki... Alli dünya ədəbiyyatının, bəlkə də, ən işıqlı obrazıdır.

Ümumiyyətlə, Selincerdə oğlan uşaqları obrazları çox gözəl alınıb. Misal üçün Teddi hekayəsinin qəhrəmanı Teddi. Dəhşətli uşaqdır. Mən zen buddizm fəlsəfəsini bu uşaqdan öyrənmişəm. O, belə izah edir: “Adəmin cənnət bağında yediyi alma yadınızdadır? Bibliyada yazılan əhvalatı deyirəm. Heç bilirsiz o almada nə vardı? Məntiq. Şüur. Bundan savayı heç nə olmayıb orda. Buna görə də hər əşyanı olduğu kimi görmək istəyən şəxs o almanı qusmalıdır. O almanı qussanız o ağac parçasının da, başqa əşyaların əsl mahiyyəti sizə aydın olar”.

Romanın ikinci əsas obrazı Holdenin balaca bacısı Fibi Kolfilddir. özündən kiçik bacısı da olmayıb, yeganə bacısı olub, o da özündən böyük. Bu dediklərim yazıçının xəyal dünyasının nə qədər geniş olduğunu göstərir.

Holdenin romanda birbaşa iştirak etməyən, amma dəfələrlə adı çəkilən D.B. adlı qardaş da var. Holden ona Hollivuda ssenarilər yazdığı üçün dəfələrlə lağ edir ki, əslində Selincer özü də əvvəllər Hollivud üçün ssenarilər yazıb, tanış olduğu qızlara da bunu üstünlük kimi təqdim edirdi. Dövrün qlamur jurnallarında da öz hekayələrini çap elətdirirdi. Bir müddət sonra bütün fikirini “Nyu Yorker” jurnalına fokusladı və peşəkar yazıçı kimi bundan sonra formalaşmağa başladı. Yəni, böyük qardaş D.B. Selincerin özünüifşası idi.

Romanda ən yaddaqalan obrazlardan biri Holdendən jaket istəyən, hamıdan uzaq olan yataqxana yoldaşıdır. O uşağa 3-4 nəfər ona zorla nəsə elətdirmək istəyir, deyilənləri etmək istəməyən uşaq isə intihar edir və intihar edəndə əyinində Holdenin jaketi olur. Romanda insan ləyaqətinin qorunması barədə Holdenin oğlandan aldığı mənəvi güc sonralar onun yetişməsinə təsir göstərir. Romanda bir neçə müqəddəs insan var. Alle və Fibi, rahibələr. Rahibələr ingilis dili filologiyası müəlliməsi olurlar, onlar Şekspirdən danışırlar, Romeonun Tibaltı öldürməsini yanlış sayırlar. Rahibələrin hər şeyi atıb, kapitalist cəmiyyətin daxili ziddiyyətlərindən, Cəfər Cabbarlı demiş, altunlar dünyasından uzaqlaşaraq özünü dinə həsr etməsi Holdenə dərin mənəvi təsir göstərir.

- Holden obrazı Selincerin şəxsi həyatında prototipi ola bilərmi?


- Bütün bioqraflar da qeyd edir ki, Holden obrazının Selincerin şəxsi həyatı ilə uyğun gələn çox tərəfləri var. İki il əvvəl Selincer haqqında bir sənədli film çəkildi. Adı da elə Selincerdir. Selincerin dostluq elədiyi insanlar, onun haqqında maraqlı şeylər danışır. Qadınlardan biri deyir ki, Selincerlə bir həftə sonu Kanadaya getdik, bir otaqda qaldıq, sevişmək istəyəndə Selincerə bakirə olduğumu söylədim, o da sevişməkdən imtina edərək bu məsuliyyəti üzərinə götürmək istəmədiyini söylədi. Bu, Holdenin davranışlarını çox xatırladır misal üçün. Selincerin təhsilə münasibəti Holdendən fərqlənmir. Romandakı Pensi məktəbi Selincerin oxuduğu hərbi litseyə çox uyğun gəlir.

- Əsərdə Holdenin bacı-qardaşından çox bəhs olunsa da, valideynlərindən az bəhs olunur. Sizcə bu niyə belədir?


- Selincerin valideynləri ilə münasibəti Holdenlə toqquşur. Anası ilə daha yaxın olub Selincer. Yəhudi əsilli Selincerin atası onun pendir işində daha uğurlu olacağına inansa da, o, israrla yazmaq istəyir, buna görə də atası ilə münasibətləri daha qapalı olur. Holden də anasına qarşı daha isti münasibətdə idi.

- Roman o dövrdə necə qarşılandı?

- Roman 1951-ci ildə çap olunub. Qəribədir ki, Amerikadan qabaq İngiltərədə çap edilib. Həmin illərdə Amerika cəmiyyəti nəhəng bir boşluqda idi, böyük depressiya illərindən sonra cəmiyyətdə mənəvi sarsıntılar vardı. Amerikanın digər məşhur yazıçılarından sayılan Keruak Selincerlə bir yerdə oxumuşdu. Sonralar hər ikisi ayrı ədəbi istiqaməti təmsil etdilər. Cəmiyyət seçim qarşısında idi, nə etməli? İstehlak mədəniyyəti yaranırdı, yeni bir dünya iqtisadiyyatı yaranırdı, liderlik Avropadan Amerikaya keçmişdi və bütün bu müsbət və mənfi dəyişikliklər fonunda insan özünüdərki yeni nəticələrə hamilə qalmışdı. İnsanlar özlərini cəmiyyətdən uzaq tutaraq başqa dünyalara yönəldi. Amma bircə şey dəqiq idi, hamı cəmiyyətə nifrət edirdi.

- Selincerin ədəbi keyfiyyətləri haqqında nə deyə bilərsiniz?

- Mənim üçün XX əsrin ən böyük yazıçısı Kafkadır. Tolstoyu XIX əsrə aid edirəm. Mənim üçün XX əsrin ən böyük yazıçısı Kafkadır. Tolstoyu XIX əsrə aid edirəm. Tolstoy mənim üçün ədəbiyyatın ən uca zirvəsidir. Amma Selincerdə də Tolstoya bənzəyən çox şey var. Ən azı, Selincer Tolstoy kimi ədəbiyyatın əsas məqsədini qavrayaraq dahilik məqamına ucalıb.

Selincer çox adi dialoqların arxasından nəhəng mesajlar verə bilir. Məncə, onun yazıçı kimi ən böyük üstünlüyü budur.

- Maraqlı olan odur ki, Şərqdə Qərbə qarşı bir simpatiya var, amma Amerika yazarlarının əsərlərində Qərbə qarşı nəsə bir nifrət var. Bunun səbəbi nədir?


- Dünyanın Şərqə və Qərbə bölgüsünü anlamıram. Marksın ictimai formasiya nəzəriyyəsi baxımından bölgü daha ədalətlidir. Amerika, Avropa Qərbdirsə, Yaponiya və Koreya da Qərbdir. Nə olsun ki, Günəş orda çıxır. Avropalılar dünyanı Qərb və Şərqə bölmür bizdən fərqli olaraq. Bizdə bir az Şərq natamamlığı var deyə, biz dünyanı bölürük. Dünyada insanlar əsasən üç dinə inanırlar, bütün bu əsas dinlərin beşiyi isə, elə Şərqdir. Meksika, ya da bəzi Cənubi Amerika dövlətləri Qərb krteriyalarına sığmır.

- Romanın bu gün üçün aktuallığı nədədir?

- Böyük əsərlər həmişə aktualdır və şərab, qızıl kimi qaldıqca daha da keyfiyyəti artır. Holdenin yeganə arzusunu soruşanda isə deyir, yeganə arzusu böyük bir uçurumun yanındakı çovdarlıqda uşaqları uçurumdan qorumaqdır. Bu, bəlkə, normal bir istək deyil, sadəcə, cəmiyyət o qədər iyrəncdir ki, Holdenin tək arzusu budur. Əsərin əsas ideyası, əsas patetik pafosu budur. Holden ətrafı saxtakar kimi görürdü, bu hər bir gəncin keçirdiyi hissdir, ona görə də, Holden hamıya doğmadır. Əsər insana özü olmağa vadar edir, insanı özünə dönməyə səsləyir.

- Əsəri tənqid edə bilərsizmi?

- Nyu Yorker jurnalının əfsanəvi baş redaktoru Vilyam Şoun Selincerlə çox yaxın dost idi. Selincerin romanını altı ay ərzində redaktə ediblər. Az qala səhifəsinə bir gün düşüb. Dünyanın ən yaxşı redaktə olunan əsəridir, orada nəsə artıq bir şey tapmaq mümkün deyil.

- Azərbaycan ədəbiyyatında hansısa bir bənzəri varmı?


- Məni tanıyan dostlarım deyir ki, hardasa mənim “Mustafa” romanım bənzəyir. Hadisələr yox, amma ruh halı, bəlkə də, bənzəyir. Qan Turalıya Selincerin təsiri danılmazdır.

Hazırladı:
Tural İsmayılov


Tarix: 18.01.2016

5091