“Qırmızının təzahürləri”- Romandan parça



***
“Qocadakı həyat rənglərinin əksəriyyəti pozulub. İndi o, nəhayətsizliyin qaragüruhunu, addımbaşı onu qarabaqara izləyən günəşin açıq-qırmızı işartısını duya bilir. Ruhu göylərə, mücərrəd dünyaya, qadınların və xoşbəxtliyin özlərinin onu qucaqlayacağı səltənətə tələsir.
Hava qaralır. Sadiq skamyasında mürgüləyir, bir müddət nəsə görmək istəmir. Məhrəm, oyanmaq istəmədiyi yuxudan savayı. Göz hədəqələri solğun, şiş görünür. Burnu böyük və eybəcərdir. Qərtmək bağlamış yaranı xatırladır. Ağzından mütəmadi selik ifraz olunur. Günlərdir yuyulmayan alt paltarı kəsif iyi verir. Həmişə sağ çiyni üstə uzanır.

Qoca istədiyinə nail olub. Dörd çılpaq oynaş ona qulluq edir. “Sənin ananı...Yarıtmaz ləçər, ayaqlarımı yaxşı ov. Off...baaaax beləə...” Qızlardan biri yumru döşlərini onun kürəyinə sıxıb doğranmış meyvə dilimlərini ağzına doldurur. “Yavaş! Yavaş ol, fahişə! Elə bu dəqiqə sənin sağ döşünü qopardacam. Çiyələk! Tez ol mənə çiyələk gətir”. Qocanın söyüşləri gözəlləri qıcıqlandırmır. Onlar bu put kötüyə təhkim olunmuş mələklərdir. “Sizin hamınız bu gecə mənimlə yatacaq. Birinci səni, sonra səni, sonra səni, sonra da...hardasan...hə, axırda da səni...” Ayaqlarını qurulayıb bığlarını və sinəsinin qəzilini qırxırlar.
Küçə itlərinin hürüşməsinə ala-yarımçıq ayılır. İşıq dirəklərindən başqa heç nə gözə dəymir. Belə yuxunu ona çox görmədiyi üçün tanrıya minnətdar olduğunu mızıldanır. Həmişəki kimi bunu ağıldankəm avara görkəmində edir.

***
Çox dəhşətli hadisə baş verib. Vera mənimlə evlənmək istədiyini söylədi. Hə, o, “B., bizim balaca hekayətlərimizin doğulmasını istəyirəm. Mənimlə evlənməklə atalıq məharəti göstərəcəyinə inanıram” deyərək, bunu çoxdan arzuladığına işarə etdi. Ona nə cavab verdim? Bir gün vaxt istədiyimi bildirib başıalovlu evə döndüm. Qadınlar, qadınlar...
İndi mən tənhalığı necə sevdiyimə əmin olmağa başlayıram. Köhnə pensnemi gözlərimə keçirib təzə aldığım jurnalları vərəqləyirəm. Diqqətimi fərqli nələrəsə yönəltməliyəm. Siqaretsiz keçinə bilmədiyimdən birini yandırıb indicə maraqlı xəbər tapacağıma ümid edirəm. Televizorda futbol oyunu göstərirlər. Gərək mərc edərdim. 3-5 manat itirəcəyimə görə peşmançılıq hissinin buxovlarında ilişən halda deyiləm. ALINMIR. Televizor sönür, jurnallar çarpayıya qolazlanır.
Mütləqiyyət hayqırtısı keçir içimdən. Bütün qadınları, bütün dişiləri, bütün törəyən rüşeymləri mənə müharibə elan etmiş ümumgenetik qoşuna oxşadıram. Bu müxtəlif çalarların bir-birinə qarışması kimidir.

28 yaşım var. Frak geyməyi və içkiləri sevirəm. Daxilimdə mediativ arvadbazlıq sindromu var. Musiqidən zəndeyi-zəhləm gedir. Uşaqlara rəğbətim olsa da, hökmran, sərt ata personajı olmaq barəsində heç vaxt düşünməmişəm. Yazmaqla birtəhər dolanıram. Evim yoxdur. Nə vaxtsa bir qadına sevdiklərim və nifrət etdiklərim barəsində ətraflı danışmamışam. Onlar məni bütövlükdə tanıdıqlarına inandıqca maraq dairəsizliyim genişlənib. Daha çox yataqda sevimli kişi olmağı tərcih etmişəm.
Vera əlbəttə, mənfi cavab alacaq. Sevişməkdə misilsiz olan bu qadını itirəcəyimə təəssüflənirəm. Verasızlığı arvadsızlıqdan üstün tutdum. QƏTİ OLARAQ. Sabah özünə beləcə də deyəcəm. Sevginin rəsmiləşdirilməsini axmaqlıq hesab etdiyimi (əvvəlki münasibətlərin gedişatında da demişəm), ər və ata məsuliyyətinə hazır olmadığımı, ölənə qədər bir qadınla qarıya bilməyəcəyimi anlamasını istəyirəm.

Alt paltarımı da soyunub duşu açıram. Qaynar su saçlarımdan süzülüb dərimi yandırdıqca yorğunluq və etinasızlıq kütləsi çıxır içimdən. Xüsusi ülgücün bir dişi ilə üzümü və bakenbardlarımı səliqəyə salır, digər dişi ilə qoltuqlarımı qırxıram. Tük sabunqarışıq kafel döşəmənin kənarlarına yapışır. Ayağımla qaşıyıb kanalizasiyaya axmasına kömək edirəm. Yerdə bardaş qurub isti suyun sinəmi və ayaqlarımı cuşa gətirməsindən ehtiraslanıram. Qadın təmasına çox bənzəyir. Enli, yun dəsmalla qurulanıb təzə alt paltarı və tuman-köynək geyinirəm. Şırıltının səsindən eşidə bilmədiyim mesajı telefonumda oxuyuram. “Əzizim B., sabah 17:30-da “Sahil” metrosunun çıxışında görüşək. 1 saat əvvəl zəng vur. Sənin Jasminin...”

***
Beşmərtəbəli binanın ən alt qatında istiliklə yaxşı təchiz olunmuş, səs-küylü kafedə oturmuşam. Ofisiantı səsləyib vodka və doğranmış meyvə istədiyimi bildirirəm. “Baş üstə” deyib məndən sağdakı masanın üzərindəki yemək qalıqları olan boşqabları, boş içki şüşəsini götürür. Ürəyim bulanır. Ayaqyoluna keçib o ki var, qusuram. Veranın söyüşləri qulağımda uğuldayır.
-Alçaq, oğraş, iyrənc siçovul, istədiyini həyata keçirib sonra mənə bacarıqsızlığından moizə oxuyursan?!
Ağzımı yaxalayıb güzgüdə özümə baxıram. Bu simada ilahi bir nigarançılıq sezilir. İlk dəfədir burnumun böyük olduğuna təəccüblənirəm. Hətta müxtəlif mimikalar alıb güzgüdəki əksimə gülürəm.

Ofisiant sifarişi gətirir. Arağı qədəhdə içməyi sevmədiyim üçün iri bir parçı yarısınadək doldurmuşam. İlk udumlar ağır olur, qırtlağımın acımasını hiss edirəm. Alma və kivi dilimlərindən dadıb parçı başıma çəkirəm. Bu dəfə duru yağ kimi getdi.
-Sən manyaksan, sən qadın düşkünü olan əbləhsən. İdbar it oğlu...
Çiynimə ilişdirdiyi yumruq təsirli alınıb. Bir kəlmə də etiraz etməyə söz tapmadım.
Qarşıdakı masada dörd kişi qızğın domino mübahisəsinə girişib. Opponentlərinin gözünün içinə baxaraq səbirsizliklə öz gedişlərinə tələsirlər. Arada şit zarafatlar edir, xalın düz yazılmadığına bağırırlar. İkinci dolu parç da boşalır. Sərməstliyin əlamətləri gözlərimə hopur. Əlimi şüşəyə aparıram. Parçı doldurub ayağa qalxıram.
-Cənablar, b-bunu hamınızın sağlığına içəcəyəm!
Hamı çönüb mənə baxır. “Var ol”, “Ağlını itirib”, “Alkaş”, “Gör necə sorur” mızıltıları eşidilir. Hesabı ödəyib çölə çıxıram. Müvazinətim qaydasındadır. Sərməst olduğumu baxışlarımdan, ağzımdan axan spirt qoxusundan tutmaq olar. Binanın tinindəki sarı, qıvraq taksiyə oturub evin yerini başa salıram. 8 manat müqabilində apara biləcəyini deyir, razılaşıram.
Evin qabağında Ləmanla rastlaşırıq. Deyəsən işdən gəlir.
-Salam.
-Salam. Sən yaxşısan?
-Bir az içmişəm, - gözlərimi ovub, əsnəyirəm – başım ağrıyır.
-Tünd çay içməlisən, keçəcək.
Ləmanın onlara keçib bir yerdə çay içmək təklifinə etiraz edirəm. Qaydasında olduğumu deyib sağollaşıram. İsrar etdiyimi anlayaraq üzümə baxıb gülümsəyir. Bu baxışlar və ona qonan təbəssüm əvvəlkilərdən nə iləsə fərqlənir.

Jasminə Bakıda olmadığımı, yalnız bir neçə gün sonra gələ biləcəyimi yazmışam. Qeyri-müəyyən müddətə qadınlardan kənar gəzməyi istəyirəm. Paltarlarımı çıxarıb yerimə girirəm. Başım daha ağrımır. Yataqda siqaret sümürməkdən həzz alıram. Veranı məyus etməyimdən kədərlənib-kədərlənmədiyimi kəsdirə bilmirəm. Laqeydlik və soyuqqanlılıq damarlarımı dondurur. Mən öyrəşdiyim qadına özümü sevdirməyi asanlıqla bacaran iftiraçıyam. “Lənət şeytana, mən beləyəm”.





Tarix: 22.01.2016

4430