“İlk qarğış”- Satirik deyingənlik


Yazı mədəniyyətinin aşağı-yuxarı beş min ilə yaxın tarixi var. Türklərin, çinlilərin, misirlilərin, mayyalıların, inklərin qədim tayfaları səsin sözə, sözün yazıya çevrilməsində əllərindən gələni gələcək nəsillər üçün əsirgəməmişlər. Nizənin, sapandın, mamontun bol, kağız-qələmin isə tapılmadığı vaxtlarda başlarına gələn hadisələri, ilk sevgi macəralarını, yeyib-içmək sağlıqlarını əl-ayaqlarını əzə-əzə daşa-qayaya ilan-qurbağa işarələrlə, heroqliflərlə, mixi yazılarla döyəcləmişlər ki, övladları onların həyat və yaradıcılığını unutmasınlar.

Yəqin ki, o dövrün ilk jurnalistləri hər gün tayfanın yeni xəbərlərini mağaranın qarşısındakı qayaya cızmış, tayfanın ilk intellektualları daş gözlüklü eynəklərini taxıb bu anlaşılmaz xəbərləri oxuyaraq tayfa başçısı seçkiləridən, mağaradakı “əxlaqsızlıq yuvalarından”, qoluzorlu, əlinizəli tüklü-müklü kişilərin qəbilənin malını qeyri-qanuni yolla mənimsəyərək varlanıb ilk sosial bərabərsizliyin təməlini qoymasından xəbər tutmuşlar. Çox güman o vaxtın ən çox oxunan ictimai-siyasi qayasında belə başlıqlı manşet yazıları olurmuş: “Mağaramız günü-gündən genişlənir”, “Düşmənə yüz əlli ox zərbəsi vururlub”, “Qobustan” istirahət mərkəzində qadın meyiti tapılıb”, “İbtidai icma quruluşu dağılır, xalq quldarlıq quruluşuna “yox” deyir” və s.
Növbəti səhifələrdə, yəni əsas qayanın yan-yörəsindəki daş-kəssəkdə ilk şairlərin, rəssamların qəhrəmanlıq, sevgi, ayrılıq ruhunda yaratdıqları lirik-epik janrlı əsərləri yer alırmış.
Yazı mədəniyyəti inkişaf etdikcə yaradıcı adamlar, daşdan inək dərisinə, papirus yarpaqlarına, ən nəhayət, kağıza üz tutdular. Çünki ilk oxucular hər gün evə ağır daş qəzetlər, kitablar alıb gətirdiyi üçün evlər, bir növ, daş karxanalarına dönür və hər gün evi bu lazımsız daş yığınından təmizləyən ev xanımlarının deyingənliyinə, ailələrin dağılmasına səbəb olurdu. Bütün günü daş-qaya oxumaqdan ovdan, yəni işdən-gücdən qalan kişilərin ailələri yoxsullaşır və belə evlərin xanımları hər gün mamont kababı yeyən, əyninə cürbəcür bahalı heyvan dərilərundən xalat, səndəl geyinən qonşu xanımlarına baxıb öz oxucu və yazıçı ərlərinə qarğış yağdırırdılar. “Daş düşsün sənin kişi təpənə” ifadəsi də məhz ilk yazıların yarandığı dövrlərə təsadüf edir ki, bu da yaradıcı adamlara edilən ilk qarğışlardan biridir.

Beləliklə, yazı yarandığı gündən insanlara bədbəxtlik, tənhalıq bəxş etdi. Elə ilk kitab da Çinin şimal-qərb ucqarında insanlardan qaçıb dağlarda yaşayan, qaynadılmış çəltiklə dolanan Buddanın öz şagirdinə söylədiklərindən ibarət eni yarım, uzunu bir metrə çatan, cəmi yeddi səhifəlik “Diamond Sutra” kitabı oldu. Deyəsən, eramızdan əvvəl 868-ci ildə yazılıb. Daha sonra alman texnoloqu Qütenberq 1450-ci ildə ilk kitab maşınını yaratdı. Nəhayət, 1863-cü ildə Avropada ilk çap maşını ixtira olundu ki, onun da ilk alıcılarından biri Amerika yazıçısı Mark Tven idi. Artıq qəzet, kitab oxumaq üçün Qobustana, Orhon-Yeniseyə, mayyalıların, inklərin yaşadığı Yukatan yarmadasına getməyə, yaxud oralardakı daş-kəssəyi evə gətirməyə ehtiyac yox idi.

Yazı mədəniyyəti dəyişsə də, yazıçıların taleyi olduğu kimi qaldı.

Buna görə də xalqımız Qobustan qayalıqlarında beş-altı cızmaqara edəndən sonra bu işin gəlirsiz, hətta gərəksiz olduğuna əmin olaraq, heç vaxt öz taleyini, tarixini yazıya, kitaba etibar etməmiş, onun taleyini, tarixini qələmə almaq zəhmətini başqa xalqlar öz üzərlərinə götürmüşlər. Axtarsan, bəlkə də, Qobustan qayalarında yallı gedən, ov ovlayıb, quş quşlayan babalarımızın təsvirlərinin də müəllifi özümüz deyilik. O vaxt qapalı hövzə olmayan, Qara dənizlə birləşərək qədim Tetis okeanının bir hissəsi sayılan keçmiş Sarmat, indiki Xəzər dənizi vasitəsilə hardansa avara, yadelli bir qayaçapan gəlib buralara çıxmış və babalarımızın o adama pulunu verib özlərinin el şənliklərini bu qayalara oydurmuşdur.

Bəs indi vəziyyət necədir? Buyurun, çıxaq şəhəri gəzək. Məsələn, başqa xalqların avtobusları, metroları qiraət zallarını xatırlatdığı bir vaxtda bizim avtobuslar, metro vaqonları heç bir məna ifadə etməyən, yalnız bir-birinə göz qoyan, yaxud əlindəki telefon ekranının üstündə aşağı-yuxarı sürüşən insan siluetlərinin sərgi salonunu xatırladır. Qəzet köşklərindən qəzetdən başqa min bir xırdavat – dırnaqtutan, pomozok, dabankeş, büsqalter, dondurma, siqaret, ütü məftili, qozqıran, corab ala, hətta əlimyandımda təzə şalvarının balağını kəsdirə bilərsən. Uzağa getməyək, yeddi ildir yaşadığım binanın həyətində indiyədək əlində qəzet, kitab olan yeddi sakinə rast gəlməmişəm. İlə bir oxucu belə düşmür. Düzdür, üç-dörd il əvvəl bir müharibə veteranı vardı, Hitler vurub ayaqlarını şikəst eləmişdi. Gəzə bilmədiyi üçün bekarçılıqdan kor yolçu kimi həyətdə oturub qəzet oxuyurdu. II Dünya müharibəsində əlli yeddi milyon insan qırılıb, deməli, əgər bu müharibə olmasaydı və əlli yeddi milyon adam qırılmasaydı o kişi də ayağının birini itirməyəcəkdi. Deməli, belə çıxır ki, bu binanın topal sakini də olmayacaqdı və bu həyətdə heç kim qəzet oxumayacaqdı. Bizim binanın heç o bircə çolaq oxucusu da olmayacaqdı. Vay dədə! Deməli, bizim insanın adicə qəzet oxuması üçün gərək Dünya müharibəsi törədəsən, ölü yeri, əlli yeddi milyon insan qırasan.
İndi Hitlerin amanatı olan o şikəst oxucu da rəhmətə gedib. İndi bizim binaya qəzetləri ancaq küləklər gətirir, onu da zibil kimi, cırıq-cırıq edəndən sonra...


Tarix: 26.01.2016

4805