Nəsimi Nəbizadənin “Dəli Kür”ü - Yazıçılar oxucu kimi


Nəsimi Nəbizadə: “Cahandar ağa kimi bir kişi həmişə lazımdır”

“Kirpi.info”nun “Yazıçılar oxucu kimi” adlı yeni layihəsində müasir yazıçılarımız dünya və Azərbaycan ədəbiyyatında ən çox qiymətləndirdikləri bir əsər haqqında öz fikirlərini oxucularla paylaşacaqlar. Bu layihədə iştirak edən hər bir yazar həm də bir oxucu olaraq ədəbiyyatı təmsil edəcək.
Budəfəki müsahibimiz teleaparıcı Nəsimi Nəbizadədir.


- Sizi ən çox təsirləndirən və sevdiyiniz yazıçı kim olub?


- Mənim sevdiyim yazarlar məhduddur, baxmayaraq ki, həmişə kitab oxumağa vaxt ayırmağa cəhd etmişəm. Biz Sovet vaxtında təhsil almışıq. Onda ədəbiyyatı bizə elm kimi öyrədirdilər və mən indiyə qədər də ədəbiyyata elm kimi baxıram. Ümumiyyətlə, həyatı dərk etmək üçün bütün elmlərdən agah olmaq lazımdır, bunlardan biri də ədəbiyyatdır. Bu kontekstdə məni təəcübləndirəcək və çox təsir edəcək yazıçılar yoxdur. Bəlkə məni çox mənasız adam kimi qəbul edə bilərsiz, amma inanın, ən sevdiyim yazıçı da yoxdur. Dünya mənasız deyil, sadəcə onu tərənnüm edənlər mənasız tərənnüm edir. Bəyəndiyim yazıçıların sırasında Qoqolun adını qeyd etmək istəyirəm, öz yazdıqlarını oda atırdı.

- Yerli ədəbiyyatda bəyəndiyiniz simalar kimlərdir bəs?


- Mən ədəbiyyatçı deyiləm, amma ədəbiyyatçı dostlarım çoxdur. Bu yaxınlarda Əsəd Cahangirin bir qeydində rast gəlmişdim, orada yeddi oğul, yeddi yazıçı müqayisəsi aparırdı. Mən də bəyəndim onun adını çəkdiyi isimləri. Azərbaycanın çağdaş ədəbiyyatında qəribə və kənardan izləyənlərin heç qatılmadığı proseslər baş verir. Mənim müasirlərim üçün ən maraqlı olan odur ki,biz Sovet məktəbini qurtarıb, müstəqil Azərbaycanın universitetlərində təhsil almışıq, ona görə, bəlkə də hansısa hadisələrə yanaşanda bir az qəbuledilməz qarşılana bilirirk. Teatra ilk dəfə Seyran Səxavətin “Qızıl Teşt” tamaşasına baxmağa getmişdim, səhv eləmirəmsə, 80-ci illərin sonu idi, məktəbdən getmişdik. Birinci cərgələrdə oturub tamaşaya baxırdım, sonra onun başqa əsərlərinə nəzər yetirdim, o yaşımda mənə Seyran Səxavət çox maraqlı idi. Dövr dəyişdikcə zövqlərimiz də dəyişirdi. 90-cı illərin ortalarında Azərbaycan ədəbiyyatına bir poeziya əhvalı gəldi, Salam Sarvan içəri daxil oldu, sonra istiqamət postmodernizmə çevrildi və qəribə addımlarla Həmid Herisçi, Murad Köhnəqala daxil oldu Azərbaycan ədəbi məkanına. Etimad Başkeçidi tanıdıqca daha çox ədəbiyyata meyillənməyə başlayırdım. İndi gənc ədəbiyyatçılar inqilabı seks və başqa intim məsələlərdə axtarmasınlar, ədəbiyyatda inqilab başqa aləmdən başlayır, məncə. Gənc ədəbiyyatçıların folklora bağlılığı onları daha çox inkişaf elətdirir, çünki ədəbiyyatda bir klassika var, müasir ədəbiyyatı nə qədər ortaya qoysan da, 100 il sonra da Viktor Hüqo olacaq. Mənim Azərbaycan ədəbiyyatında dəyər verdiyim əsər “Dəli Kür”dür.

- “Dəli Kür”ü dəyərləndirməyinizə səbəb olan nüanslar nələrdir?


- “Dəli Kür” yaşantımıza, həyatımıza yaxın əsərdir, istənilən bir cəlbedici şey də insanı öz təsirində saxlayır. İsmayıl Şıxlı təkcə bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Ona görə, nəsrə fokuslandı və bir çox hekayələrlə yanaşı, irihəcmli əsərlər də yazdı. İsmayıl Şıxlının tək bir dənə şeiri çap olunub, o da “Quşlar” adlanır, qalan yaradıcılığı sırf nəsrdən ibarətdir. “Ayrılan Yollar” İsmayıl Şıxlının nəsrində möhür oldu və nəticəsində “Dəli Kür” meydana gəldi. İsmayıl Şıxlı yaxşı roman yazıçısı olmaqdan əlavə, həm də yaxşı tənqidçi və publisistik məqalələr müəllifi idi. Həm izlədiyim film etibarı ilə, həm gerçək həyatda baş verən hadisələrdən duyduqlarım, həm də İsmayıl Şıxlının “Dəli Kür”ü mənim üçün dəyərlidir.

- Əsərin məzmununda diqqətçəkici hadisələr nələrdir?

- Hadisələrin baş verdiyi kənddə çox maraqlı olaylar olub, orada olanları danışsalar, çox təsirlənərsiz. Cahandar ağanın ölümü haqqında danışılanlar və yazılanlar toqquşmur. Əsərdə adi danışıq dilinin rəvanlığına heyran qalırsan. Məsələn, mənim yadımda qalan belə bir dialoq var:
- Qoca dayı, bunları hardan tutmusan, yerini bizə də de!
- Demirəm.
- Niyə ki?
- Xeyri yoxdur.
- Nəyin xeyri yoxdur?
- Sizdən balıq tutan olmaz.
- Niyə olmur, ay Qoca dayı?
- Uşaqsınız, bala, gedin ağzınızın qatığını silin.
- Kim, biz uşağıq?
- Bəs nəsiniz, ay xalası göyçəklər?
- Xalamızda işin olmasın.
- Yaxşı, xalanız olmasın, nişanlınız olsun. İndi məndən nə istəyirsiniz, ay nişanlısı göyçəklər?

Dialoqlar və ünsiyyətin səmimiliyi qətiyyən qıcıq yaratmır, əksinə çox səmimi və adi gəlir adama, mənim fikrimcə, bu əsəri zirvəyə qaldıran da elə dediyim nüansdır. Salatınla Güləsərin söhbətindəki bu cümləyə baxın hələ:
- Belə xoş gəlibsən. Qədəmin yüngül olsun. Allah sizi qoşa qarıtsın! Bir də ki, ay şeytan, naz eləmə, özüyün ürəyindəndir. Pişiyin könlü samanlıqdaydı, it də vurdu samanlığa saldı. Daha nə istəyirsən?

- Əsərdə obrazların sayı çoxdur, sizcə? Əsas qəhrəman yəqin ki, Cahandar Ağa və Şamxal obrazıdır, razısız?

- Əsərdə də, real həyatda da baş verənlər sübut edir ki, mərkəzi obraz Cahandardır. Amma buradakı hər bir fraqmentin, hər bir hadisənin öz çəkisi və ağırlığı var. Əsərdəki obrazların sayı qətiyyən çox deyil. Bir şeyi nəzərə alaq ki, hadisələrin harada və necə baş verməyindən asılı olmayaraq, bu tip əsərlərdə əksinə obrazların sayı daha az olur. Bu əsərlər xalq yaradıcılığından peşəkar ədəbiyyata sıçrayıb, hər şey o qədər gözlənilən və doğmadır ki, qətiyyən hansısa obrazın, yaxud təsvirin artıq olduğu qənaətinə gəlmirsən. Bu baxımdan da Şamxal qədər Güləsər obrazı da, Salatın da əsas obrazlardır. “Dəli Kür”ə bu məsələdə irad tutmaq əsərə qarşı haqqsızlıq olar.

- Əsər yazılanda İsmayıl Şıxlı real hadisələrdən təsirlənib. Həmin bölgədə olanlarla əsərin arasında fərqlər olduğunu vurğuladız. Bunlar nələrdir?


- Cahandar ağa Şıxıoğullar nəsilindən idi. İsmayıl Şıxlının da onunla qohumluq əlaqələri var. Real həyatdakı Cahandar ağanın əsərdə və filmdəkindən fərqli olaraq, evli qadını qaçırmadığı da deyilir. Amma Güllü xanımın Cahandar ağanın qaçırmasından əvvəl Allahyarla evli yox, sözlü olduğu məlum idi. Yəni hardasa əsərdə bir az bu məsələlərdə ədəbiyyatçı əlinin dəydiyi hiss olunur. Məni ən çox təsirləndirən isə Cahandar ağanın yaşadığı evin tamamilə dağıdılıb, yerlə-yeksan edilməsidir.

- Əsərin yazıldığı dövrdə çox səs-küyə səbəb oldu...

- O kənddə yaşayan insanlardan bu gün də soruşsaz, yenə həmin hadisələrdən danışacaqlar. Təbii ki, bu hadisələr mənə də danışılıb. Cahandar ağanın öldürülməyi haqqında əsərdə yazılanlar və filmdə göstərilənlər həqiqət deyil. Cahandar ağa bir bəy idi, mahalın imkanlı şəxslərindən idi. Əsərdə həqiqətlər də var əlbəttə. İsmayıl Şıxlı və Cahandar ağa qan qohumu olsa da, İsmayıl Şıxlı tərəf saxlamayıb o əsərdə.

- Nəyə görə bu qənaətdəsiz?

- Oxucunun sorğusuna buraxıb ki, baxıb, nəticəni özləri çıxarsın. Əsərdə kiminsə səhv, ya da doğru olması qətiyyən müəllif tərəfindən göstərilmir. Cahandar ağanın qəbrini yaxından görəndə adamda qəribə bir duyğu yaranır. Bir şeyi də vurğulayım ki, Cahandar ağanın iki oğlu olmayıb əslində, oğlanlarının sayı əsərdəkindən fərqli olaraq, daha çox idi, atalarının ölümündən sonra dağlara çəkilmişdilər. Həmin dövrə xas olan düşmənçilik bu ailəyə də yad deyildi, çoxlu sevməyənləri var idi. İsmayıl Şıxlı da bir yazıçı kimi real olanları yazası deyildi. Şıxlıda danışırlar ki, İsmayıl bəy kəndə gələndə hətta təzyiq ediblər ki, müəyyən məsələləri yazma ora. Cahandar ağanın Mələyi qaçırmağına görə, indiyə kimi o nəslin davamçıları arasında ədavət mövcuddur. Allahyar özü də mahalda hörmətli və əhalinin sevdiyi insanlardan olub. Mələk kiçik yaşlarından Cahandarı sevib, Allahyar da bir az əzazil adam olub və zorla alıb onu, amma bilir ki, ürəyi Cahandardadır, ona görə, əzab verirdi ona. Mələk də bir gün Allahyarın davranışlarından bezir, Cahandara qoşulub qaçmaq qərarına gəlir.

- Əsər yazılandan sonra mahalda İsmayıl Şıxlıya hansısa təzyiqlər olub?

- Moskvadan da təzyiqlər olub, deyilənə görə. Filmin özü də narazılığa səbəb olmuşdu. Çünki Cahandar ağa torpağını nəinki Allahyardan, ya da düşmənlərindən, həm də rus kazaklarından qorumaq üçün onlarla da mübarizə aparırdı. Orda bir fraqment var, Cahandar ağa deyir, bizim uşaqlar rusla bir yerdə donuz yeyəsi deyil. Oğlundan məktub gələndə, arvadı məktubu öpür, Kürdə batan bacısını çağırır ki, məktubu oxusun, məktubu belə oxuya bilməyəcək qədər təhsilsiz idilər çünki. Cahil adam idi, cahil adam da həmişə qəddar olur.

- Əsərdə bir mülkədarın evli bir qadını qaçırmasının təsviri tənqid olunur, halbuki əsərdəki obrazların real həyatdakı prototiplərinin fərqli olduğunu vurğuladız. Bu tənqidlərə nə qədər qatılırsız?

- Tənqid edirsən, et, etmirsən, etmə - fərqi yoxdur. Bu hadisələrin real həyatda bir qarşılığı var. Mələyə bir gün xəbər gəlir ki, Cahandarın oğlanlarından birini vurublar, daglarda qalıb meyiti. Mələk Chandardan olan oğuluna deyib ki, get qardaşını götür, Cahandarın oğludur deyə, heç kim yaxın durmur. Eşitmişəm ki onun meyitini canavarlar yeyib. Şıxlı qəbiristanlığında dəfn ediblər, amma onların yeri bilinmir, üzərində heç bir yazı da yoxdur, indiyə kimi də bilinmir qəbirin yeri, çünki onda düşmənlərin onların qəbirlərini təhqir etməsindən qorxurdular.

- Əsəri 2016-cı ildə niyə oxusunlar?


- Mən hesab edirəm ki, əsər elə indi oxunmalıdır. Tarix həmişə geri qayıdır, unutmayın. Cahandar ağa kimi bir kişi həmişə lazımdır.

Hazırladı:
Tural İsmayılov


Tarix: 28.01.2016

4727