“İnsan azadlığa məhkumdur”



Dünya fəlsəfəsinin insana yanaşma meyarları həmişə tədqiqatın əsas istiqamətlərindən olub. Fəlsəfə ilə bağlı klassik baxışları inkar edən məntiqçi pozitivizmin nümayəndələri yeni dünya münasibətlərinin inkişafı ilə fəlsəfənin beş başlıca sualını müəyyənləşdirdilər və ilk dəfə fəlsəfə tarixi dövrləşdirilərək suallar qoyulması ilə yekunlaşdı. Rudolf Karnap fəlsəfəni öyrənmək üçün hansısa cərəyana diqqət ayırmadan öncə onu dövrləşdirmənin vacibliyindən bəhs edirdi. Beləliklə, fəlsəfə 5 sual dövrünə ayrılaraq özünün fəaliyyət meyarlarını yəqin etdi:
1) İlkin dünyagörüşün və mifik təsəvvürlərin idealı nə idi?
2) Yaradılışda və tərəqqidə qaynaq və səbəb nədir?
3) İnsanı digər canlılardan fərqləndirən ancaq şüurdurmu?
4) Dünyanı necə dərk edirik?
5) Nəticəni formalaşdıran təsadüf, yoxsa zərurətdir?

İllər boyu şüur insanın ən başlıca keyfiyyəti hesab olunurdu. Pisixoanalitikaya qədər bütün psixoqlar və filosoflar insanda şüur halını ən önəmli keyfiyyət hesab edirdi. İnsanın şüurdan kənar beyin yönəlmələrini qəbul edən Freyd və bütün neofreydistlər bu baxışları sarsıtmağa nail olsa da, fəlsəfədə insan və azadlıq problematikası çoxdan qaldırılmış və müzakirəyə çıxarılmışdı.

Antik Yunan fəlsəfəsində Sokratdan tutmuş, dini dünyagörüşün ağır və basqıcı olduğu sxolastika dövrünə qədər azadlıq anlayışının fəlsəfi mahiyyəti müzakirələr yaradırdı. Nəticədə fəlsəfədə ekzistensializm yarandı və ədəbiyyata, texniki elmlərə, sənaye dirçəlişinə kimi geniş sahələrə yayıldı. Latın dilindən “ekzistensiya”- “varlıq” kimi tərcümə olunur. 20-ci əsrdə bütün fəlsəfə tarixi külliyatının bitgin bir mövqe qoya bilməməsi qənaəti nəticəsində yarandı ekzistensializm. İlk başlarda subyektiv idealizmə əsaslansa da bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, ekzistensializmin ateist və idealist qanadı müəyyən məsələlərdə bir-birindən tamamilə fərqli mövqelər nümayiş etdirir. Dünya kültüründə və ictimai-siyasi fikirində ekzistensializmdən təsirlənmələr həddsiz çox idi və hətta modernizm sonrası yeni düşüncə axımlarının meydana gəlməsi belə ekzistensializmi heç vaxt köhnə etmədi.

Ekzistensializmdən iki məktəb ayrılır və diqqət edilməlidir ki, idealist ekzistensializm sırf alman fəlsəfi məktəbinin davamıdır. Ateist ekzistensializm isə fransız məktəbindən ibarət idi. Klassik alman fəlsəfəsindən başqa danimarkalı Soren Kierkeqorun mistik fəlsəfi təsəvvürləri ekzsitensializmi formalaşdırdı. Birinci Dünya Müharibəsindən sonra insanların “necə yaşaya bilməsi”nin cavabları üzərində düşünmənin nəticəsi olaraq formalaşan ekzistensializm fəlsəfəsi sərhədlərini aşaraq Amerika fikir adamlarından da özünə tərəftar toplamağı bacardı. İmmanuel Kantın fəlsəfəsindəki əxlaq yanaşması və insanı əngəlləyən bütün düşüncə sistemlərinə qarşı olan ekzistensialistlər varlığın təkamülündə və mütərəqqi ideyaların yaranmasında özgürlük və fərdi müsəqilliyi əsas hesab edirdilər. Şəxsiyyət məsələsi onun əsas qayəsi idi. Ekzsitemsialistlər insandan kənar tədqiq olunana inanmırdılar, fərd həm subyekt, həm də obyekt kimi nəzərdən keçirilirdi, məncə, ekzsitensialistləri fərqli edən də məhz bu nüans idi. İnsan özünü öyrənmək üçün özünü düşünməyə nail olmalıdır və məişətin dözülməz reallığı, gündəlik iş həyatı, spekulyativ, anlamsız mübahisələr ekzistensiyanın(varlığın) bütöv dərkinə maneələr yaradır.

Ekzistensiya ifadəsini ilk dəfə istifadə edən Kierkeqor varlıq deyəndə bizim düşündüyümüz adi insanı deyil, bütün real həyat şəraitinin diqtələrindən arınmış müstəqil insanı nəzərdə tuturdu. Azadlıq insana başqaları tərəfindən verilmir, o, insanın öz meyilidir, buna görə, kiminsə başqasının azadlığının sərhədləri ilə bağlı nəsə diqtə etməyə mənəvi haqqı yoxdur. Bu gün bizim çox sevdiyimiz anlayış olan “azadlığın sərhədləri” ilə bağlı ekzsitensialistlər dəqiq bir istinad olmasa da, sərbəstliyin ruhi vəziyyətini də onlarrdan daha aktual izah edənlər olmayıb təəsüf ki. Azadlıq və qanunlar məsələsində mühafizəkar davranmalarına baxmayaraq bu gün bir neçə yanlış izaha da rast gələ bilərik. Bunlardan birincisi ekzsitensializmin dövlətə yanaşmasıdır.

Ekzistensialistlər dövlətin şəxsiyyət azadlığındakı rolunu danmırdılar, əksinə onlar başqalarının azadlıqlarına qarşı yarana biləcək hər bir təhlükənin qarşısında əsas qoruyucu kimi dövləti görürdülər. “Azad insan qaçan insan yox, elədiyi hər şeyin məsuliyyətini daşıyan insandır.” Ekzistensialistlər hər bir insanı azad dünya kimi görürdülər. Maddi dəyərlərə ifrat bağlılığın insanları öz mahiyyətindən uzaqlaşdırdığına inanırdılar. “İnsanlar bir-birini sevmir, ancaq pul və şöhrət var, sevgi yoxdur, seks var, sülh yoxdur, savaşlar var.” Ekzistensializmi siyasi platformada daha çox solçuların müdafiət etməsinin səbəbini də burada axtarmaq lazımdır. Beləliklə, eksitensializm insanın azadlıq haqqında baxışlara olan təbii ehtiyacından formalaşaraq “insan azadlıqdan başqa bir şey deyildir”, və ya “azadlığın ali nöqtəsi insandır” tezislərini qlobal şüura bəxş etdi.

Alman ekzistensializminin görkəmli nümayəndəsi Martin Haydegger Badenli idi. Frayburq Universitetində “Katolisizm və Xristianlıq fəlsəfəsi” ixtisası üzrə təhsil alsa da, doktorluq işi “psixologiyada məhkum etmə”dən bəhs edirdi. “Varlıq və Zaman” əsəri dərc olunduqdan sonra bütün dünyada səs-küyə səbəb oldu. Haydegger bütün Qərb fəlsəfəsini metafizik olduğu üçün tənqid edirdi. Amma burada bir incə məqama diqqət edək, Haydeggerin dediyi Qərb filosoflarının metafizikadan asılı olmağı deyildi, o, ümumiyyətlə, fəlsəfənin ancaq metafizik təsdiq və inkarla məşğul olmasını, Allahın varlığı və yoxluğu diskussiyalarının aparılmağının əleyhinə idi. Onun bu tezisləri sonradan postmodernizmin ortaya çıxmağı ilə başqa bir görüntü aldı.

Haydeggerin ən böyük yanlışlığı 1933-cü ildə nasistlərin partiyasına qatılmağı oldu, sonralar siyasi seçimləri onun fəlsəfi tezislərinə qeyri-ciddi yanaşmağa səbəb oldu. İndinin özündə belə dünyanın hər bölgəsində yaradıcı adamların və filosofların siyasi mövqeləri onların fikirlərinə qarşı inam hissini də zəiflədir, halbuki Platon “Dövlət” əsərində insanın siyasətdən ayrı bir mövcudluq olmadığına inanırdı. Ekzsitensialistlər onsuz da azadlıq deyəndə bütün seçimləri də bu kateqoriyaya aid etdiyi üçün və zamanın diqtəsini əsas saydıqlarından Haaydeggerin seçimlərini də bu baxımdan dəyərləndirmək lazımdır bəlkə də. Haydegger həm də dil fəlsəfəçisi idi. O, dili “varlığın evi” hesab edirdi.
Digər alman ekzsitensialisti Karl Yaspers də Haydeggerin ideliast azadlıq ideyalarının əsas müdafiə edənlərindən idi. Oldenburqda dünyaya gələn Yaspers hüquqşünas ailəsində böyüdü. Maraqlı olan odur ki, Yaspers özü heç vaxt fəlsəfə oxumayıb, əvvəlcə ailəsinin təsiri ilə hüquq oxudu, amma bir müddət sonra hüquqdan bezərək ixtisasını dəyişmək qərarına gəldi. 1902-ci ildə tibb təhsili almağa qərar verdi və beləcə 1909-cu ildə tibb məzunu olduqdan sonra Almaniyada müxtəlif xəstəxanalarda işləməyə başladı. Yaspers psixiatriya sahəsində çalışırdı, bir çox psixoloji klinikalardakı müalicə metodlarından razı qalmadığı üçün kariyerasının ilkin dönəmlərində psixologiya ilə məşğul olmağa qərar verir və Haydelberq Universitetində psixologiya dərsləri keçməyə başlayır.

Bundan sonra omürünün axırına kimi bir də heç vaxt kliniki psixologiyaya geri dönmədi. Yaspers nə qədər ekzistensialist filosof kimi xatırlansa da, onun “Ümumi Psixopatologiya” kitabı dünyanın nüfuzlu təhsil qurumlarında hələ də tibb fakültələrində əsas dərs vəsaiti olaraq qalır. Karl Yaspers sadəcə 40 yaşından sonra fəlsəfə ilə məşğul olmağa başladı. Platon, Hegel, Şellinq, Nitsşe onun təsirləndiyi filosoflar idi. Yaspers Haydeggerdən fərqli olaraq, nasistlər tərəfindən sevilmirdi, onun “Fəlsəfə” kitabı qadağan olunmuşdu. Almaniyadan buna görə “inciyən” Yaspers İsveçrənin Bazel Universitetində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir və siyasət fəlsəfəsi, din fəlsəfəsi ilə ekzistensializmin münasibətlərini müəyyəənləşdirir. Varlığın azadlıq ideyalarına möhkəm sadiqliyi ilə seçilsə də, azadlığın qarşısında vicdan etalonunu da həmişə vurğulayırdı, əksinin doğuracağı fəlakətləri nasistlərin hakimiyyətdə olduqları dövrlə müqayisə edirdi. Karl Yaspersin 1958-ci ildə dərc olunan “Atom Bombası ilə İnsanlığın Gələcəyi” əsəri çağdaş dövrə və gələcəyə güzgü tutan ən önəmli poqnoz əsəridir.

Yaspers ekzistensiyasında vicdan əsas diqqət mərkəzindədir. O, insanın səbəb olduğu suçlar, günahlar, savaşlar, cəzalar və ölümlərə görə narahatlıq keçirməsini ayrıca tədqiq etməyin vacibliyini söyləyirdi. Yəni, ekzistensializmin dörd dahi isminin hər birinin fikirləri əslində bir-birindən fərqli idi, fransız eksistensialist məktəbinin alman məktəbindən fərqi və Kamyu və Sartrın fəlsəfi irsini növbəti yazıda analiz edəcəyik. Amma hətta alman məktəbinin iki nümayəndəsi belə bir-birindən fərqli düşünürdü.
Haydeggerdən fərqli olaraq, Yaspers Kantın fəlsəfəsini sevirdi və Kantçı düşüncəni varlığın öyrənilməsinə uyğunlaşdırmağa çalışırdı. Vicdan və insafın azadlıqla harmoniyasını Kant etikasına söykənərək izah edirdi.

Yaspersdə ədalət heç də bərabərlik demək deyildi. O, hətta digər həmkarlarından fərqli olaraq kilsəni heç vaxt ayrı-seçkiliyə görə tənqid etməyib. Əksinə, Yaspers inanırdı ki, kilsə bütün orta əsrlər boyunca Avropada insanları bərabər görməyə çalışırdı, halbuki, insanlar bərabər yox, azad olmalı idilər, bu baxış özlüyündə əvəzsizdir, çünki nə Yaspersə qədər, nə də Yaspersdən sonra azadlıq və bərabərlik fərqli, antonim anlayışlar kimi qəbul edilmirdi. Yaspers idealist olduğuna görə, azad fərdin cism və azad ruhdan ibarət olduğuna inanır və insanın son nöqtə olaraq Tanrıya qovuşmağa can atdığına inanırdı. Burada Qərb Panteizmi və Şərq Hürufi ənənələrinin Yaspersə təsir göstərdiyini də qeyd etmək yerinə düşər.

P.S. Ekzistensializmin mahiyyətini Sartr bir cümlə izah edir: “İnsan azadlığa məhkumdur”.


Tarix: 03.02.2016

4465