Elfida Yelinek- müsahibə


Elfida Yelinek: “Elmə bəslənilən ümidlər ruh düşkünlüyü, inamsızlıqla əvəz olunub”.

Avstriya yazıçısı, dramaturq, şair və ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı , Henrix Böll mükafatı , Georq Büxner mükafatı , Henrix Heyne mükafatı, Frans Kafka mükafatı laureatı.
Elfida Yelineki azərbaycanlı oxuculara tanıtmaq üçün bu mükafatlardansa, ssenari müəllifi olduğu “Pianist” flminin adını çəkmək kifayətdir.

Elfride Yelinek yaradıcılığa şeirlə başlamışdı. Bu şeirlər 1967-ci ildə çapdan çıхan “Lizanın kölgələri” kitabında toplanmışdı. “Pianoçu”nun motivləri əsasında tanınmış Avsrtiya rejissoru Miхael Хanakenin çəkdiyi eyni adlı radikal səciyyəli film bir sıra yüksək mükafatlar qazanmışdır.

Vatikan onu “absolyut nihilizmin” bayraqdarı hesab edir və onu “söz yaradıcılığında” ədəbsizliyi yaydığına görə kəskin tənqid edirdi. Avstriya yazıçısının əsərlərində seks patalogiya, hakimiyyət isə zorakılıqla bir olur. Bu isə Vatikanın rəyinə görə, “qadının erotizmdən emansipasiyasına” dəlalət etmir.

Bundan başqa Polşanın Mədəniyyət naziri Piotr Glinskinin də yazıçıya münasibəti yaxşı olmayıb. Yazıçının “Ölüm və Qız” pyesinə görə o: “Biz pornoqrafiyanın hərfi və dolayı mənasıyla savaşırıq”- demişdi.

2004-cü ildə Elfride Yelinek “yalnız bu müəllifə хas ehtiraslı dillə cəmiyyət həyatındakı cəfəng meylləri və hakimiyyətin sosial klişelərini ifşa edən roman və dramlarının musiqi polifonikliyinə görə” Nobel mükafatı aldı. Müəllif təqdimat mərasimində iştirak etmədi. Nobel mühazirəsini isə İsveç Akademiyasına videogörüntü şəklində göndərmişdi. Yelinek məhz özünün seçildiyi üçün çoх sevindiyini, lakin Nobel mükafatının onun populyarlığını daha da artırmasından və ictimai şəхsiyyətə çevirməsindən kədərləndirdiyini bildirmişdir.
İsveç Akademiyasının bu seçimi də mübahisəsiz ötüşmədi. Akademiyanın üzvü Knut Ahnlund həmkarlarının qərarına qəti etirazını bildirərək Elfride Yelinekin yazdıqlarının ədəbiyyat deyil, ictimai pornoqrafiya, bədiilikdən məhrum sistemsiz söz yığını olduğunu iddia etmişdir. Mükafatla bağlı qərar qəbul olunandan sonra Ahnlund bu addımın “yalnız mütərəqqi qüvvələrə deyil, bütünlükdə ədəbiyyat və sənət anlayışına sağalmaz yara vurduğunu” bildirərək İsveç Akademiyası üzvlüyündən istefa verdiyini açıqlamışdı.
Хanım Yelinekin müxtəlif dərgilərə verdiyi müsahibələrin maraqlı nüanslarını təqdim edirik.

- Sizin qələminizlə yazılan mətnlər sadə olduğu qədər sosial həyatın əsas problemlərini qabarıq şəkildə və aydın formada təsvir edir. Mətnlərdə insanlar bu və ya digər vəziyyətdə cinayət törədərək ətrafından başqa cəmiyyəti çox çətin duruma salır. Digər tərəfdən sizin personajları real adlandırmaq olmur: sanki, personajlar sözlərin oyunundan ibarətdir. Sizin mətnlərin əsas qayəsini virtual, uydurulmuş, real olmayan bir varlığın başlanğıcı hesab etmək olarmı?

- Personajlarım sözlər vasitəsilə real dünyanın təsəvvür etdiyi formada ərsəyə gəlir. Ancaq məni reallığın əksi maraqlandırır. Bunlar daha çox hərəkətlərin individuallığı , illuziyadır. Fikrimcə, yalnız bənzətmələr mövcuddur. Bax bu bütün bunları təhtəlşüurda tutub yazıya köçürürəm. Çünki reallıqda yaşanmayanları əsərlərdə daha dəqiq təsvir etmək çətin və əziyyətlidir. Dünya bir tərəfdən, dərkedənin təsəvvürüdür, digər tərəfdən isə dərkedən dünyanın məhsuludur. Həyatda olan bütün hadisələr iradənin obyektivləşdirilməsinin mərhələləridir. Daha dəqiq desək, həyatda baş verən bütün hadisələr, adamların işi, tarix və təbiət qanunları– bütün bunlar şüursuz, qüdrətli cəhətdən ibarətdir.
Mən sözlərlə rəqs edirəm. Bu rəqsin hərəkətləri oxucunu daha çox maraqlandrır. Çünki sonluq daima gizli olduğu zaman insanda maraq oyadır.

- Sizin sözlərə olan ehtirasınız daha çox “Ölülərin övladları” romanında aydın görünür. Hansı yollarla oxucu bu sözlərin arasında keçə bilər? Bu labirintdə azmaq olar?

- Deməzdim ki, “Ölülərin övladları” təsvir etdiyiniz qədər mükəmməldir. Lakin ən üstün bir formada yaza biləyəcəyim və qiymətlədirdiyim kitabdır. Bundan öncə yazdıqlarım bu kitabın mövcudluğuna yönəlmişdi. Bu romandan sonra nəsə yazmağıma ehtiyac qalmazdı. Başqa bir dillə desək: Bu kitabı yazmaq üçün yaranmşam.
Bu kitabda Avstrya millətinin cəsədlərdən düzəlmiş təpələrdən sonra qazanılan özünüdərketməsi mövcuddur. Haqsızlığın özülündə alçaldılmış və vəhşicəsinə öldürülən insanlar, öldüyü halda sağ qalıb və mənəvi terrora məruz qalanlardır. Bunlar mənim mövzularımın başında dayanır. Bu yara kimidir.
Bundan başqa məni eyni zamanda ruhlarla bağlı olan hadisələr də maraqlandırıb. Kimsə ölüb lakin onun bundan xəbəri yoxdur. Bu mövzu mənim üçü hər zaman açıq olaraq qalır.

- Sözləri kənara qoysaq hara gedəcəyik?

- Mən oxucuya əsərlərimdən daha çox həzz almaq üçün istədiyi imkanı təqdim etməyə hazıram. Heç zaman da oxucudan əsərlərimə münasibətə görə incimərəm. Çünki İnqeborq Bahman “Malina” əsəri haqqıda “bu əsəri adi bir sevgi romanı kimi oxumaq olar” deyə vurğulamışdı. Adamların həyat şəraitinin pisləşməsi, təbiətin öz təbii xassələrini getdikcə daha çox itirməsi, maddi ehtiyatların tükənməsi hər bir insanın həyatında özünün təsirini göstərir. Nəticədə insanların sağlamlığı təhlükə altına düşür, psixi vəziyyəti pisləşir. Sosial və təbii qüsurların aradan qaldırılmasında elmə bəslənilən ümidlər ruh düşkünlüyü, elmə inamsızlıqla əvəz olunub. Burada ədəbiyyata olan baxış da daxildir.
Bundan başqa hazırda cəmiyyətin düşdüyü iqtisadi böhranlar çox vaxt öz həllini açıq antihumanizm formalarında tapır. Onların içərisində ən dəhşətlisi– bütün xalqları ümumdünya faciəsi ruhunu hiss etməyə məcbur edən dünya müharibələri olub. Adama elə gəlir ki, militarizmin dəhşətli təcrübəsini dərk etdikdən sonra insanlar sosial konfliktləri müharibələrdən istifadə etmədən həll edəcəkdir. Lakin hazırda lokal müharibələr kütləvi xarakterli hadisələrdir və bəşəriyyəti yeni bir ümumdünya yanğınına sürükləyə biləcək bir amildir. Bundan əlavə, yer kürəsində ekoloji təhlükə təsəvvüredilməz sürətlə irəliləyir. Elmi– texniki inqilabi nailiyyətlər bəzən xeyirdən çox şəri doğuran mənbəyə çevrilir.

- Bəzi şəxslər və tənqidçilər sizi fövqəladə rasionalist yazıçı kimi qələmə verir. Necə hesab edirsiniz bu sizin qələminizdə hiss olunurmu?

Deməzdim ki, bu belədir. Mənim bir çox əsərlərimdə rasional konstruktivliyin işartıları mövcud deyil. Əbəs yerə deyil ki, “Ölülərin övladları” romanımın əsas sujet xəttində mistik hadisələr durur.
Və ya “Miхael. Korafəhmlər üçün təlimat” romanı müasir cəmiyyət həyatına хas olan mədəniyyətin kütləviliyi probleminin sərt tənqidi üzərində qurulub. “Bağlı qapı arхasında” adlı növbəti əsər isə Avstriya cəmiyyətinin ciddi çətinliklərindən birini, yaхşı ailələrdə böyüyən “pis uşaqlar” problemini qabardır. Məni maraqlandıran mühüm mövzulardan biri də seksual azadlıq və cinslərin qarşılıqlı münasibətləridir.
“Pianoçu” və “Şəhvət” romanlarında isə qadına münasibətdə seksual zorakılıq problemi işıqlandırılmışdı və hər iki roman Avstriya cəmiyyətində ciddi əks-səda doğurmuş və geniş polemikalara səbəb olmuşdu. Odur ki, mən bir hadisəni digəri ilə daha çox gücləndirirəm. Bilirsiniz, duyğu orqanları vasitəsilə ayrı-ayrı şeylərin yalnız səthi xüsusiyyətləri haqqında təsəvvür əldə etmək olar. Şeylərin mahiyyəti yalnız ağıl vasitəsi ilə dərk edilə bilər.

- Postmodernizmdən danışaq, bəlkə?

Postmodernizm haqqında düşüncələrim çox kasaddır. Bunun məğzinin nədən ibarət olduğunu anlamaqda çətinlik çəkirəm. Postmodernizm ədəbi janr yox, müxtəlif ədəbi janrları, stilləri özündə birləşdirən geniş bir ədəbi hərəkatdır. İntertekstuallıq, haşiyə çıxma, imitasiya, eklektisizm, dekonstruksiya postmodernizmin çoxli sayda xarakterisitkalarından bir neçəsidir, amma postmodernizm həm də müxtəlif çox ciddi ədəbi janrları əhatə edir. Bu janrlardan biri də sehrli realizmdir. Qeyd etdiyim kimi bax bu cəhətdən (tərc- sehrli realizm) məni də postmodernizmin sıralarına salmaq mümkündür.

- Günün reallığı var ki, bir çox yazarlar əsərlərində qəzəb nümayiş etdirir. 11 sentyabr hadisələri sosial dəyərlər adı altında cəmiyyətə sıranır. Bü cür təqdimatlarda sizin payınz var? Günün qəddarlığına sizi cəlb etməyə çalışırlar?

- Cəlb edilməyə gəlincə istər siyasi, istərsə də müəyyən mövzularda fikir bildirməkdən çəkinmirəm. Ədəbi baxımdan deyilə biləməyən sözləri estetik formaya salmaq mənim maraq dairəmdə olub və bunun tərəfdarıyam. Susqunluq ən yaxşı mövqedir. Lakin mən hər zaman tarixin qar ləkələri ətrafında dairə vurmuşam, danışılan lakin yazılmayan və dilə gətirilməyən sözlərin konturlarını çızmışam ki, deyilməyən ifadələri vərəqlərə köçürüm.

- Bəzi tənqidçilər hesab edir ki, sizin yazılarınız daha çox Avstrya ədəbiyyatı ilə sıx bağlıdır. Bura müasir Avstrya ədbiyyatını da daxil etmək olar. Siz özünüzü Avstrya ədəbiyyatının bir hissəsi hesab edirsiniz?

- Müharibəyə görə, almandilli ədəbiyyat özünün tənəzzül dövrünü yaşayıb və ilkin dövründən tamam kənarlaşaraq millətçilik prinsiplərinə söykənib. Bu cəhətlər müasir dövrdə də müsbət qarşılanmır. Müharibədən sonra isə almandilli ədəbiyyat dirçəlməyə başladı. Bu Xans Lebert, Tomas Bernxard və Hert İonk tərəfindən daha da inkişaf etdirildi. Məni də bu siyahıya əlavə etmək olar. Çünki əsərlərimdə bu adətin davam etdirirəm.
Kitablarımın dili çox çətindir. Odur ki, hər hansı bir tərcüməçi kitabımı əlinə alan zaman onu tərcümə yox ümumi mənzərsini oxuculara çatdırsa daha yaxşı olardı. Olduğu kimi sözlərimin tərcüməsi mümkün deyil. Əcnəbi dillərin zəngin olması belə buna imkan verməyəcək.

- Siz Kafka, Elias Kanetti, Eden fon Xorvat və ya Robert Muzil kimi yazıçılara doğmalıq hiss edirsiniz?

- Fikrimcə, bu yazıçılarla yaxın əlaqələrimin olduğunu hiss edirəm. Xüsusən də Kafka. Kafkanın məharəti oxucunu təkrar-təkrar onu oxumağa məcbur edə bilməsidir. Onun əsas dəyərlərindən biri də özünüanalizdir. Yaşadığı dövrdə Kafka yazıçı kimi tanınmamışdı. Əgər o yazdıqları mətnləri gizlətməyib açıq çap etdirsəydi, bunun necə qarşılanacağı indi sual altındadır.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 04.02.2016

2631