Bəxtiyar Əlirzayevin “Səfilləri”i - Yazıçılar oxucu kimi



“Kirpi.info”nun “Yazıçılar oxucu kimi” adlı yeni layihəsində müasir yazıçılarımız dünya və Azərbaycan ədəbiyyatında ən çox qiymətləndirdikləri bir əsər haqqında öz fikirlərini oxucularla paylaşacaqlar. Bu layihədə iştirak edən hər bir yazar həm də bir oxucu olaraq ədəbiyyatı təmsil edəcək.
Budəfəki müsahibimiz şair Bəxtiyar Əlirzayevdir.

- Sizi oxucu kimi təsirləndirən yazarlar kim olub?

- Öncə onu deyim ki, mənim bir dənə dəhşətli mənfi xüsusiyyətim var. Mən ən yaxşı filmi izləyirəm, amma filmin rejissoru və aktyorların siması yadımda qalmır, telefon nömrələri yadımda qalmır, mən öz nömrəmdən başqa heç kimin telefon nömrəsini əzbər bilmirəm. Əsərlər də elədir. Oxuduğum bir çox böyük əsərlər yadımda qalmır. Amma yadımda qalan nüanslar olur. Bunu dövrlərə bölmək olar. Hansısa əsəri qiymətləndirmək üçün həmin dövrün ictimai durumunu nəzərə almaq lazımdır. Bir şeyi də unutmayaq ki, indiki dövrdə müharibələrin başlama səbəbi ilə qədim dövrdəki savaş səbəbləri də fərqli idi. Onda insanlar müharibəni şəxsini təsdiqləməkdən ötrü başladırdı, hər şey bir nəfərin iradəsindən asılı idi, əgər şah deyirdisə ki, hücuma keçirik, hücuma keçilirdi. Amma indi situasiyalar tam başqadır. Bu baxımdan qədim dünya tarixində ən güclü əsərlərdən biri Sofoklun “Şah Edip” əsəridir.

- Niyə “Şah Edip” ?

- Burada faciə də var, din də var, mifologiya da var, utopiya da var, sonradan yaranan ədəbi cərəyanların hamısı həmin əsərdə var. Əsərdə adicə bir sancaq məsələsi də var, bu özü simvolikadır. Realist ədəbiyyat olsa da, kuliminasiya simvolika ilə açılır. Nəzəri baxımdan yanaşanda çox dəhşətli əsərdir. Üstəlik, həmin dövrün bütün incəliklərini göstərir. Özünün gələcək hökmdarlığına təhlükə görür deyə, şah öz övladı da daxil olmaqla bütün oğlan uşaqlarını öldürtdürməyi məqsəd bilir. Burada qəribə bir alın yazısı məsələsi də var, bu da mifologiyadan alınma bir şey idi. Sonralar onun öldürmək istədiyi övladını bir çoban xilas edir, sonra o gəlir, şah olur, öz anası ilə evlənir, anası onu çaya atılanda əmələ gələn çapıqdan tanıyır, gənc də öz başına gələnləri və necə böyüdüyünü nəql edir. Anasının sancağı ilə öz gözlərini kor edir. Mənim yadımda əsas məqsəd qalır, əsərin yazılma səbəbi düşündürür. Mən hər bir kitabı oxuyanda özümə üç sual verirəm. Birincisi, bu adamın işi-gücü yox idimi, özünə əzab-əziyyət verərək, gecə-gündüz bu əsəri yazıb? Hansı ehtiyyacdan yazılıb, bu əsər niyə yazılıb axı? Bunun əvəzində bazarda armud satıb pul qazana bilərdi, amma o, bütün həyati işlərdən imtina edir, bütün problemləri öz çiyininə yükləyir, bütün cəmiyyətin qayğısını özündə hiss edərək oturub əsər yazır. Bir misal deyim, kənardan pis vəziyyətdə bir nəfər keçir, mən ona baxmıram, bir nəfər o vəziyyətdə keçən digərinin isə gözlərinə baxıram. Mən nə qədər onu görürəmsə, ona daha çox canım yanır, nə qədər ona baxıramsa, o yükü o qədər hiss edirəm. Demək, mən cəmiyyətin yükünü götürə bilirəm. Həmişə əsərləri oxuyanda fikirləşirsən, neçə illərdir bu adamların işi yox idimi, bu əsərləri yazırdılar? “Faust”, “Hərb və Sülh” uzun illər ərzində ərsəyə gəlib. Tolstoyun xanımı “Hərb və Sülh”ü üç dəfə əlyazma şəkilində köçürüb. Fikirləşirsən, bu hansı istəkdən, hansı tələbdən irəli gələ bilər? Əsərin sonuna çatanda da həmişə belə bir sual verirəm özümə, bu əsər niyə belə bitdi? Sonluqda özüm üçün versiyalar qururam. Hər dəfə özümə təsdiqləyirəm ki, mən başqa cür bitirə bilərdim, amma bir də əsəri oxuyanda əmin oluram ki, ən yaxşı sonluğu elə müəllif özü qoyub. Bütün əsərlərin mahiyyəti bir sualda gizlidir: Bəs sonra? Əsəri sevib seçməyimə səbəb, əsərdə primitiv sualların yox, məni yönləndirəcək sualların olmasıdır. Bu baxımdan ən sevdiyim əsər Viktor Hüqonun “Səfillər” romanıdır.

- Viktor Hüqonu və “Səfillər”i sevməyinizə səbəb nədir?


- “Səfillər”i yüz hekayəyə bölsən, hər bir hekayə əsərin özü qədər məşhur olardı. Əsərin üçüncü bölümündə 823 sözlük bir cümlə var. Dünyanın bəlkə də ən uzun cümləsidir. Cümləni oxuyursan, sona çatanda hamısı yadında qalır. Nəzərə alaq ki, hələ tərcümədən oxuyuruq. Mən redaktoram, bir az uzun bir cümlə görəndə “başımdan alov çıxır”, 823 sözdən ibarət cümləni axıra kimi oxuyanda bir damcı da yorulmursan, sözlərin hamısı da yaddaşında qalır. Viktor Hüqo əvvəlində də qeyd eləyib ki, mən fahişələrin, küçədə qalmışların, kimsəsizlərin, sizin zorla həbsə aparmaq istədiyiniz insanların yazıçısıyam. Halbuki, Hüqo özü mer olub, hətta özünü sürgün eləmişdi, imperatorla barışmadığına görə. Övladları buna görə ondan imtina elədi, iki oğulu öldü, qızı “havalandı”. Cəmiyyətin zülm çəkən insanlarının tərəfini saxlayan Hüqonu görməkdən ötrü yaşlı vaxtlarında, hər gün 200-300 insan onu görmək xatirinə evini əhatəyə alırdı. İnsanların katarsisə ehtiyacı var, hansı təbəqədə olmağından asılı olmayaraq. Hüqo da romanda bunları qabardırdı.

- Əsərdə bəhs olunan hadisələrdən nə danışa bilərsiz?

- Əsər müqəddəsliyin təsvirindən başlayır, yepiskopun üzərində. Əsərdə əsas hadisələr gerçək həyatdan götürülüb. Jan Valjan fransız milyonçularından birinin həyatında baş verən hadisələrdir, öküz arabası qırılanda baş verən hadisələr birbaşa həmin milyonçunun həyatından götürülüb. Həmin dövrün fədakar, cəmiyyət tərəfindən itələnən adamlarını Hüqo yığıb bir obrazda cəmləşdirmişdi. Valjan əvvəllər hündür ağacların budaqlarını budayırdı, ağacın üzərinə çıxdığına görə ən təhlükəli işlərdən sayılırdı. Gənc idi, bacısı uşaqları ac idi, çörək istəməyə getdi, amma vermədilər. Cəmiyyətdən istədi, çörək satan üçün bir parça çörəyi vermək böyük itki deyildi. Amma o bir parça çörəyə görə nə qədər insanın həyatı məhv oldu. Məcbur olub çörək satılan dükanın şüşələrini qırdı, çörək götürdüyü üçün həbs etdilər, onu ən ağır cinayətkarların katorqasına sürgün etdilər. Zəhməti ilə dolanan birini cəmiyyət bir parça çörəyə görə qatillərin arasına atdı. Bəlkə də Hüqo digər məhbuslar haqqında da bəhs etsəydi, daha başqa bir əsər alınardı. Bəlkə də özü eləməyib ki, əsər cinayətkarların müdafiəçisi olmasın. Ona çox az həbs versələr də, qaçmağa cəhd elədiyinə görə, hər dəfə artırdı həbs müddəti.

-Həbsdən niyə qaçmaq istəyirdi?


- Çünki bacısı uşaqları ac idi, ondan çörək gözləyirdilər. Üzərindən aylar keçməsinə baxmayaraq beyinində qalmışdı ki, ondan çörək gözləyirlər. Kim olsa, elə edərdi. Kürək əzələləri ilə qaçdı həbsdən və yepiskop ona sığınacaq verdi. Yepiskop obrazı da əslində prototipdir. Napoleon yepiskopla rastlaşır, o, Napoleona deyir ki, sizin gəlişiniz məndə ümid yaradır, sənə görə yox, ümidimə görə ayağa qalxıram. Napoleon hakimiyyəti bərpa edəndən sonra onu yepiskop təyin edir. O, maaşının cəmi 5 faizini özünə ayırır, qalan hamısını xeyriyyə işlərinə ayırır, cədvəli də var. Jan Valjan kimi adam gəlib cəmiyyəti cinayətdən xilas etməyə çalışan adamla qarşılaşır. Yepiskop ona evində yer verir. Jan Valjan yepiskopun arvadının gümüş cehizliyini oğurlayır. Yolda balaca bir qızla qarşılaşır, o qızın da dəmir pulunu əlindən alır, sonra o qızcığaza görə polis onun izinə düşür, amma şamdanları görəndən sonra polis onu yepiskopun yanına gətirir ki, oğurluq ortaya çıxsın, amma yepiskop etiraf etmir, deyir, gümüş şamdanları mən hədiyyə etmişəm. Yepiskop deyir ki, bununla özünü yaxşı hiss edirsənsə, davam elə. Sonradan Jan Valjan bir nəfərin xoş niyyəti ilə xeyirxah, zəhmətkeş bir adama çevrilir. Valjan tədricən Madlen babaya çevrilir.

- Kozetta ilə baş verən sonrakı hadisələrə görə əsəri iki ayrı hissəyə bölüb, ikinci bir roman da ortaya çıxara bilərdimi Hüqo?

- “Səfillər”lə bağlı məşhur bir deyim var. Dünya ədəbiyyatının yarısını yandırsan, bu roman salamat qalsa, elə bil, dünya ədəbiyyatının yarısı salamatdır. Təsvirlər, tarix mükəmməldir. Hüqonun atası Napoleonun generalı olub, amma buna rəğmən, Hüqoda imperatorluğa xoş münasibət yoxdur. Hüqo Fransada utopik realizmin əsasını qoyub. Əsərdə əsas obraz Fantinadır. Çünki onun Madlen baba olmağında Fantinanın rolu böyükdür. Kozettanı da Fantinaya görə sevirdi, Kozetta sadəcə qızlığı idi. Tenardiyelər ailəsini əsərdən ayrıca çıxart, başqa əsər yaranacaq, Kozetta, Fantinanı çıxart, yenə ayrı əsər yaranacaq. Hüqo özü düşüncə baxımdan fransız saray ədəbiyyatını alt-üst etsə də, özü fransız saray həyat tərzi yaşayırdı. Hüqo övladlarının anasını heç axtarmayıb illər boyu, bir uşağa görə. Növbəti uşağa görə bütün ədəbiyyatı silkələyən adam həyat yoldaşını atıb. Hüqonun çoxlu sevgilisi olub. 83 yaşı olanda Hüqo qulluqçunu qucaqlayır, nəvəsi Jorj da gəlib onu bu vəziyyətdə görür, çöldə isə Hüqonu görməyə gələn insanların izdihamı var idi. Nəvəsinə deyir, Jorj, bu qoca səfilə o çöldəki adamlar dahi deyir. Sürgünə gedəndə də sevgilisi yanında olub. “Səfillər”də addımbaşı Hüqonun şəxsi həyat tərzi hiss olunur.

- Əsəri hardasa avtobioqrafik saymaq olarmı?

- Tam da yox.Hüqoya qədərki fransız ədəbiyyatı yüngül sevgi macəraları üzərində idi. Birdən ortaya Hüqo çıxır, əvvəlcə şair, vəhşi təbiətli adam, radikal siyasi görüşləri olan adam bu əsəri ortaya çıxardı. Kozettanın otağına çatanda deyir, oxucum burada dayanaq. O otağa girmək olmaz, o otaqlarda qızlara məxsus bir bəkarət var, onu təsvir eləmək belə olmaz. Bu cəmiyyətə yeni mədəniyyət axını təqdim edir. Hüqoya qədər yazılırdı ki, ölkədə bir dənə bakirə qız yoxdur, cəmiyyəti xilas etmək üçün, bunlar hamısı simvolikadır. Amma Hüqo tamam başqa bir şey ötürür ki, o otağı təsvir eləmək olmaz. Hüqoda bir az Şərq ruhu var idi.

- Hüqo Şərq fəlsəfəsi ilə tanış idi...

- Hüqo üçün önəmli olan insan anlayışıdır. Atası öləndə Hüqoya yazdı ki, mən dünyaya bir qəpiksiz gəlmişdim, amma 50000 frankı sizə qoyub gedirəm. İndidən baxanda təhlil asan görünür. Yepiskop, Napoleon da daxil olmaqla obrazların hamısı səfildir. Napoleonun məğlubiyyəti, sürgünü də səfillikdir. Fantina səfildir, Kozetta səfildir, kraldan başlamış ən epizodik rola qədər hamısı səfildir. Jan Valjan başqa cür səfildir. Geridə qalmış bir qəsəbəni böyük bir sənaye mərkəzinə çevirir, məktəblər açır, hamını oxudur, mer seçilir, yenidən tuturlar onu, amma gəncliyindəki bir dilim çörək oğurluğuna görə yenidən tuturlar, bu, səfillik deyilmi? Əsəri üç dəfə oxumuşam, hər dəfə də eyni hissləri keçirirəm. Təkrar oxuduğum əsərlər çox azdır. Hüseyn Cavidin “İblis”i, “Gənc Verterin iztirabları”nı, “Martin İden”i dəfələrlə oxumuşam. “Səfillər”i isə “içə-içə” oxumuşam.

- Polis Jan Valjandan nə istəyirdi?

- Polis hökümətin obrazı idi. Onun axırda dənizə atılaraq intiharı və sair də bir mesaj idi. Polisin üzərində vəzifə var idi, onu həbs etməlisən. Vəzifəsini yerinə yetirmədiyinə görə ona yaşamağa icazə vermədilər və onu ölümə çəkdilər. İnsanlıq və vəzifə arasında qəribə bir get-gəllər başladı. O, bir insan obrazı deyil, o dövrdəki milyonlarla nəyisə görməyə məcbur insanın obrazıdır. O, həm rəhbərinə, həm də vicdanına hesabat verən və hesabatlardan bezərək intiharı seçən insandır. Əsərdə kanalizasiyada tapılan parçadan fransız sarayına yaxın olduqlarını bilmələri ilə belə mesaj ötürülür ki, Fransanın altı ilə üstü birdir.

- Əsərin kuliminasiya nöqtəsi haradır?

- Hüqo oxucudan qisas alan adam idi. Əsərin kuliminasiyası yepiskopla başlanan yerdir. Orada əsər sınır.

- Azərbaycan ədəbiyyatında bir az oxşarı varmı?

- “İtgin Gəlin”əmi oxşadım, ya “Təyyarə kölgəsi”nəmi oxşadım? Azərbaycan romançılığı İsa Muğanna və Sabir Əhmədi çıxmaqla o qədər də güclü deyil. Azərbaycan ədəbiyyatında “Səfillər”in heç bir bənzəri ola bilməz. “Səfillər”də bir qəhrəman obrazı var o da səfil obrazıdır, əsərdə də hamı səfildir.


Hazırladı:
Tural İsmayılov


Tarix: 05.02.2016

3845